Çin Kommunist Partiyasının Davranış Kodeksinə əlavələr edilib.
Çin Xalq Respublikasında təkpartiyalı sistem hökm sürür. Bu ölkəni Kommunist Partiyası idarə edir. Partiyanın 88 milyon nəfər üzvü var. Çin rəhbərləri, irili-xırdalı bütün məmurlar Kommunist Partiyasının üzvüdürlər.
Novator.az xəbər verir ki, Çin Kommunist Partiyasının Davranış Kodeksinə edilən əlavələr əsasən məmurlar üçün nəzərdə tutulub. Rəsmən bəyan edilib ki, kodeksə əlavələrdə əsas məqsəd bir sıra dövlət qulluqçularını korrupsiyadan çəkindirmək və onların mənəvi keyfiyyətlərinin artmasına yardım göstərməkdir.
Çin Kommunist Partiyasının bütün üzvlərinə, xüsusilə məmurlara şamil edilən yeni qaydalara görə, partiya üzviləri ictimai maraqları üstün tutmalı, fədakarcasına zəhmətə qatlaşmalı, əxlaqlı olmalı, qeyri-adilikdən uzaq durmalıdırlar.
Yeni qaydalar partiya üzvlərinə ləziz yeməklər yeməyi, qolf oynamağı, arvadlarına xəyanət etməyi, sevgili saxlamağı qadağan edir.
Kodeksə edilən əlavələrdə partiya daxilində təfriqə salmağı, vəzifədən sui-istifadə etməyi, işin keyfiyyətinə xələl gətirən məlumatı gizlətməyi yasaqlayan məqamlar da var.