Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradıldı
Oktyabrın 21-də prezident İlham Əliyev Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında fərman imzalayıb.
Novator.az-ın məlumatına görə, fərmanda bildirilir ki, şura ölkədə dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınması sahəsində vahid, çevik və şəffaf tarif siyasətinin həyata keçirilməsi, sərhədkeçmə prosedurlarının və daşıma proseslərinin asanlaşdırılması, habelə bu sahədə fəaliyyət göstərən dövlət qurumları arasında əlaqələndirmə işlərinin təmin edilməsi məqsədilə yaradılır.
Dövlət başçısı fərmanında şuranın əsasnaməsini, tərkibini də təsdiq edib.
Fərmanda bu tapşırıqlar da yer alıb:
– Azərbaycan Respublikasının ərazisindən dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınmasında “bir pəncərə” prinsipi tətbiq olunsun.
– Azərbaycan Respublikasının ərazisindən dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınmasında “bir pəncərə” prinsipinin tətbiqi üzrə vahid dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasına həvalə edilsin.
Prezident İlham Əliyev fərmanda İqtisadiyyat və Sənaye Nazirliyinə bunları tapşırıb:
– dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşıma xidmətlərinin, habelə tranzit yüklərlə bağlı liman qurğularının istismarı, yükaşırma və dəniz limanında göstərilən digər xidmətlərin tariflərinin və həmin tariflər üzrə güzəştlərin müəyyən edilməsi qaydasını iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
– Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası ilə birlikdə ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yükdaşımalarla bağlı özündə yükdaşımaların vahid tariflərini, sərhədkeçmə prosedurlarını, yükdaşımalar üzrə daşıma qaydalarını və şərtlərini, o cümlədən müqavilələrin şərtlərini və bağlanma qaydasını, Azərbaycan Respublikasının dövlət sərhədindən keçmə zamanı inzibati prosedurlara dair elektron müraciətlərin qəbulu və yüklərin daşınması sahəsində müqavilələrin elektron üsullarla bağlanması imkanlarını, yüklərin izlənməsi və daşıma prosesləri ilə əlaqədar digər məsələləri əks etdirən elektron portalın yaradılmasını təmin etsin.
Fərmana əsasən, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının cari fəaliyyətinin təşkili Tarif (qiymət) Şurasının katibliyi tərəfindən həyata keçirilir.
Yeni şura ölkədə dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınması sahəsində görülən işlər barədə dövlət başçısına ildə iki dəfə məlumat verməlidir.