Oktyabrın 21-də Azərbaycan Hərbi Hava Qüvvələrinin aviabazasında yeni inşa edilən yaşayış binasının açılış mərasimi keçirilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənov açılış mərasimində çıxış edərkən bildirib: “Hazırda dünyada baş verən maliyyə böhranına baxmayaraq, Azərbaycan gələn il üçün hərbi xərclərini yenə də artırdı. Silahlı Qüvvələrin möhkəmləndirilməsi ali baş komandan, Azərbaycan dövləti və xalqı tərəfindən önəm verilən məsələlərdən ən əsasıdır”.
General-polkovnik Zakir Həsənov torpaqlarımızın işğal altında saxlanması problemini ali baş komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrin həll edəcəyini vurğulayıb. Nazir deyib: “Əsas problemimiz torpaqlarımızın işğal altında qalmasıdır. Bu problem ali baş komandanın rəhbərliyi ilə Silahlı Qüvvələr tərəfindən həll olunacaq.
Qısa bir müddətdə erməni tərəfinə güclü zərbə vurmuşuq və qarşı tərəf panikadadır. Torpaqlarımızın azadlığı uğrunda düşmənə vurulacaq zərbədə əsas rolu o cümlədən Hərbi Hava Qüvvələri yerinə yetirəcək”.
Aviabazada yeni inşa edilən yaşayış binası 5 mərtəbəli, 50 mənzilli, 5 blokludur. Bina 3 otaqlı mənzillərdən ibarətdir. Burada su, qaz, elektrik, telefon, rəqəmsal televiziya xətləri çəkilib və mərkəzləşdirilmiş istilik sistemi quraşdırılıb. Müasir standartlara cavab verən tam təmirli mənzillər yataq, qonaq, mətbəx mebelləri və digər lazımi avadanlıqlarla təchiz olunub.
Müdafiə naziri bildirib ki, ilin sonuna kimi yalnız Bakı qarnizonunda 500-dən artıq yeni xidməti mənzillərin istifadəyə verilməsi planlaşdırılır. Hərbi Hava Qüvvələrinin digər aviabazalarında isə hazırda 3 yaşayış binasının tikintisi davam etdirilir. General-polkovnik Zakir Həsənovun verdiyi məlumata görə, 2015-ci ilin sonunadək 10-dək yeni hərbi hissə açılacaq.