Oktyabrın 20-də “Dini radikalizmlə mübarizədə dini icmaların rolu” mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov deyib ki, dini radikalizmə meyl edənlərin qarşısı vaxtında alınmalıdır.
S.Heydərov bildirib ki, bu məsələdə dini icmaların üzərinə daha çox məsuliyyət düşür. Radikalizm yolunu tutanlar nə qədər gec deyil o yoldan qayıtmalıdırlar. Əks halda, onlarla bağlı qanunla ciddi tədbir görüləcək. “Bəzən valideynlər bizə müraciət edirlər ki, övladları radikal cərəyanlara qoşulub. Düşünürəm ki, biz bunun qarşısını almaq üçün var gücümüzlə çalışmalıyıq” deyə S.Heydərov əlavə edib.
Komitə sədrinin müavini hüquq mühafizə orqanlarının dini cərəyanlara qarşı ciddi işlər gördüyünü qeyd edərək bildirib ki, radikalizmlə mübarizədə hər kəs fəal olmalıdır. Hazırda Azərbaycanda hüquq mühafizə orqanları bu istiqamətdə işlər görür.
S.Heydərov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini radikalizmlə mübarizə istiqamətində silsilə tədbirlər keçirildiyini diqqətə çatdırıb. Bununla bağlı DQİDK ilə Qafqaz Müsəlmanları İdarəsi arasında sıx əməkdaşlığın mövcud olduğunu vurğulayıb.
Sədr müavini deyib: “Radikalizmlə mübarizədə fəallıq göstərmək lazımdır. Kəndlərdə, qəsəbələrdə, məscidlərdə bu məsələ diqqətdə saxlanılmalıdır. Radikalizm yolundan qayıtmaq fikrində olmayanlar haqda qanunla tədbirlər görüləcək, necə ki hazırda görülür”.
Konfransda DQİDK-nın dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov “Dini radikalizm: mahiyyəti, səbəbləri və təzahür formaları”, komitənin Bakı şəhəri üzrə şöbə müdiri Anar Kazımov “Dini radikalizmlə mübarizə yolları” mövzusunda məruzələrlə çıxış ediblər.