Azər Qaraçənli
Bu səhər ölkəmizin bir neçə kütləvi informasiya vasitəsində – informasiya agentliklərinin internet səhifələrində və xəbər saytlarında Bakıdan Sumqayıta gedən elektrik qatarını daşa basmış iki uşaq haqqında məlumat və fotolar yayılıb.
Məlumatı da, fotoları da mediaya dövlət orqanı – “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti verib.
Məlumatda deyilir ki, oktyabrın 19-u saat 18 radələrində Bakıdan Sumqayıta gedən elektrik qatarı Xırdalandan keçəndə iki naməlum şəxs kustar üsulla hazırlanmış daşatanla qatarı daşa basıb. Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Sumqayıtdakı bölməsinin əməkdaşları elektrik qatarının pəncərələrini daşa basanları saxlayıb, bölmənin cinayət-axtarış qrupuna məlumat veriblər. Araşdırma zamanı aydın olub ki, saxlananlar…
Məsələ də burasındadı. Saxlananlar uşaqdılar. Biri 7-ci sinif şagirdidi, deməli, 13 yaşı var. O birinin neçənci sinifdə oxuduğu göstərilmir, ancaq şəkildən görünür ki, ikisi də uşaqdı, bəlkə hələ biri 7-ci sinif şagirdindən də balacadı.
Jurnalist etikası belə vəziyyətdə uşaqların kimliyini açıqlamamağı tələb eləyir. Ancaq məlumatda uşaqların adları, soyadları, atalarının adları, doğum yerləri, yaşayış yerləri, şagirdin hansı məktəbdə oxuduğu – hamısı apaydın yazılıb. Üstəlik, xəbərə onların fotoşəkli əlavə olunub. Şəkili xəbərdən ayırıb kimə göstərsən, deyər, bu uşaqlar cinayət törədiblər. Şəklin xüsusiyyəti belədi: uşaqlardan biri başını aşağı salıb durub, o biri dodaqlarını büzüb suçlu-suçlu kameraya baxır.
Sərnişin qatarının şüşəsini daşlamaq çox təhlükəli haldı. O daşlar kimisə, kiminsə uşağını da şikəst eləyə bilər. “Xoşbəxtlikdən, – xəbərdə yazılıb, – sərnişinlərə və elektrik qatarına ziyan dəyməyib”.
Ancaq sərnişinlərə və elektrik qatarına ziyan dəysəydi də, medianın bu hadisəni törədənlərin kimliyini açıqlamağa, şəklini yaymağa ixtiyarı çatmır. Səbəb çox sadədi: uşaq – uşaqdı, onu tərbiyə eləmək gərəkdi, onun gələcəyini daşlamağa heç kimin haqqı çatmır.
İnsan hüququ çox böyük anlayışdı, o həmişə ictimai maraqla, dövlət marağıyla – polis marağıyla, dəmiryolçu marağıyla, sərnişin marağıyla, jurnalist marağıyla toqquşmadadı. Onun məqsədi bu maraqların hamısına qalib gəlib insanı xoşbəxt eləməkdi. İnsan elə bilir onun xoşbəxtliyi ictimai maraqda, dövlət marağındadı; polis elə bilir polis marağında, dəmiryolçu elə bilir dəmiryolçu marağında, sərnişin elə bilir sərnişin marağında, jurnalist elə bilir jurnalist marağındadı. İnsan hüququ bu maraqların hamısının fövqünə qalxıb insanı Tanrı marağından xoşbəxt eləməyə çalışır. O, xoşbəxtliyi ziddiyyətlərdən qurtarıb hamını birdən xoşbəxt eləməyə çalışır. O hələ bunu bacarmır, amma onun böyük bir qələbəsi var: demək olar, hamı onu tanıyır. Bir vaxt heç kim onu tanımaq istəmirdi, indi onun adı, demək olar, hamıya bəllidi. Onun adı konstitusiyalara, dövlət qanunlarına, ictimai müqavilələrə salınıb. Onun adı dillər əzbəridi. Bu, insan hüququ anlayışının çağdaş dünyada ən böyük uğurudu. Bu gün özünü xoşbəxt duyan neçə-neçə adam ona borcludu, adamların xoşbəxtliyinə mane olmayan neçə-neçə dövlət onun yolçusudu.
İnsan hüququ istisna tanımır. Yəni nəsə insan hüququdusa, deməli, bütün insanların – (kimliyindən asılı olmayaraq!) hüququdu. Bir uşaq hüququ anlayışı da var. Nəsə uşaq hüququdusa, deməli, bütün uşaqların hüququdu. Kimliyindən, dilindən, dinindən, milliyyətindən, vətəndaşlığından, sosial vəziyyətindən, qatarları daşlayıb-daşlamamağından asılı olmayaraq. Nəsə uşaq hüququdusa, deməli, o xuliqanlıq eləyən uşağın da hüququdu, xuliqanlıq eləməyən uşağın da. Əgər nəsə yalnız xuliqanlıq eləməyən uşağın hüququdusa, deməli, o, insan hüququ deyil, uşaq hüququ deyil, nəsə başqa seydi, məsələn, imtiyazdı.
Heç kimin qanunu pozmuş uşağın adını, şəklini, videosunu o uşağın tanına bilinəcəyi formada yaymağa ixtiyarı çatmır. Bunların gizli qalmağı uşağın hüququdu. Hüququdu! Deməli, onu heç kim poza bilməz. Lap qatarın pəncərələri çilik-çilik olsa da, lap o daş gəlib böyüklərin, lap uşaqların başına düşsə də, yenə heç kimin qanunu pozmuş uşağın adını, şəklini, videosunu onun tanına bilinəcəyi formada yaymağa ixtiyarı çatmır.
Siz elə bilirsiz bu yanaşma bizi bədbəxt eləyir? Xeyr, bizim xoşbəxtliyimiz belə yanaşmalardadı.
Bəs onda qatarları daşlayan uşaqların qabağı necə alınsın? Zəhmət çəkin belə uşaqların tərbiyəsiylə məşğul olun, təlim-tərbiyə işləri, maarifləndirmə aparın, qatar keçən yolları yaxşı qoruyun. Yoxsa özünüzə əziyyət vermək istəmirsiz? Əgər insan hüququ məsələsində özümüzə əziyyət vermək istəməyəcəyiksə, onda kiməsə işgəncə verməli olacağıq.
Biz asan yolu seçmişik, ona görə də işgəncə vermək yolunu tutmuşuq. Bəyəm xuliqanlıq eləyən uşağı divara dirəyib şəklini çəkib aləmə yaymaq cinayətin qarşısını almağın metodudu? Yoxsa bu, tərbiyə metodudu?
Hansımız uşaq olanda xuliqanlıq eləməmişik? Ya hansımızın uşağı xuliqanlıq eləmir?
Təsəvvür eləyə də bilmirəm uşaq vaxtı daşladığım pəncərələrə görə məni ölkə boyu ifşa eləsəydilər, indi mən hardaydım. Bəlkə də oğurluq üstündə tutulub türməyə düşmüşdüm, ya da qarət vaxtı bıçaqlanıb öldürülmüşdüm. Yaydığımız o məlumatın, o fotoların uşaqların, özü də tək o uşaqların yox, elə başqa uşaqların da psixologiyasına, taleyinə vura biləcəyi zərbəni düşünürükmü? Buna haqqımız çatmadığını bilirikmi?
İnsan hüquqları uğrunda neçə yüz ildi mübarizə gedir. Bu mübarizə bütün dünyada gedir, bizim vətənimizdə də gedir. Tərbiyə, maarifləndirmə yolunu buraxıb işgəncə yolunu tutmaq həm də bu mübarizəyə mane olmaqdı.
Mane olmayaq, kömək eləyək!
Məlumatdan uşaqların kimliyini bildirən hissələri, bir də fotonu çıxarmaq gərəkdi. Zəhmətdən keçib.