Oqtay Qorçu
Bəlkə də mənə belə gəlir… Bəlkə də uşaqlıq nostaljisidir…
Hər dəfə Bakı payızını yağış suvaranda eyni mənzərəni görürəm və otuz ildən çoxdur ki, yaddaşıma tikilib qalan, düşüncələrimə, baxışlarıma calanan qara-boz rəngdən savayı heç nə görükmür gözlərimə.
Yağış yağır, yağış kəsir, parlaqlığı qara buludların məngənəsində ilişib qalan, sanki azadlığa çıxmaq üçün çırpına-çırpına göy üzünü tutmaq istəyən günəşin, nəhayət, öləziyən kölgəsi düşür yerə, sonra da ətrafda hər şey otuz-qırx il öncəni xatırladır. Hara baxırsan yadına ötən illər düşür, hara göz gəzdirsən ancaq iki rəng görərsən – ağ-qara.
Və yağışdan sonra üst-başı islanan Bakının qiyafəsi, qoxusu həmişə mənə İçərişəhəri xatırladır. Həm də uşaqlığımı, gənclik illərimi. Bu şəhərin, yəni indiki Bakının qoynunda yuva salan, boynunu qucan keçmiş – bu gün mühasirədə qalan, yol tapmayan ananın körpəsinə bənzəyir.
Qəribə, həm də qərib ovqatdır. Bakıya payız gələndə, Bakıya yağış yağanda, hətta illərlə yaxınından ötüb keçməsəm belə yenə İçərişəhəri görəcəyimi bilirəm, keçmiş öz rəngini yağışla səpələyəcək yolumun üstünə. Yenə yaddaşda ilişib qalan nələrsə düşəcək yadıma və yenə, yenidən bu şəhəri 15 yaşlı ərköyün istəklə sevməyə başlayacam.
Yağış yağır, adamlar ora-bura qaçışır, tələsə-tələsə özünü metroya, avtobusa yetirib yer tutmaq istəyənlərin sayı birə-beş artır və qədim qoruq şəhər, açıq muzey, bu xalqın paytaxtdakı daş tarixi İçərişəhər elə yaxınlıqdakı adaşının – metro stansiyasının qonşuluğundaca başına yağış döyə-döyə öz boyasıyla bütün şəhərə yayılır.
Bu gün İçərişəhərin rəngi hopdu ovqatıma.
İçərişəhər öz rəngini payızda yağış gələndə alır.