Oqtay Qorçu
Məhərrəm ayı başlayır…
Məhərrəm ayı islamda müqəddəs aylardan sayılır və hicri-qəməri təqvimə görə ilin ilk ayıdır. Bu ayı müsəlmanların sülh hesabatı dövrü kimi də dəyərləndirmək olar. Özlərini qəzəbdən, tamahdan uzaq tutmağa çalışan, aqressiv ovqatdan xilas naminə ruhani və fiziki tərbiyə yolunu seçən, başqalarına saf əxlaq nümunəsi göstərən, əmin-amanlıq və xeyirli işlər görmək üçün hərəkətə keçən hər bir müsəlmana bu ay xüsusi olaraq daha səbirli və təmkinli olmaq məsləhət görülür. Dörd “haram” aydan biri hesab olunan Məhərrəmlik dövründə müsəlmanlara qan tökmək, savaş başlamaq qəti şəkildə qadağan edilir.
Sabah Məhərrəm ayı girir…
Bu ayın özəllikləri, dini xüsusiyyətləri və ilahi fəziləti barədə çox yazılıb, çox deyilib. Hətta inanclara, bəzi dini ehtimallara görə, Məhərrəm ayı həm də bəşər oğlunun başlanğıcıdır, bu ayın Adəm peyğəmbərlə yaşıd tarixə malik olduğu qeyd edilir. Bəzi dini rəvayətlərdə, hədislərdə İbrahim peyğəmbərin Məhərrəm ayında doğulduğu da deyilir. Amma Məhərrəmlik öz tarixi möhtəşəmliyini Kərbəla düzündə qazanıb. Şübhəsiz ki, bu ayın unudulmaz tarixə çevrilməsi islam əxlaqının bariz nümunəsi, ölümündən sonra dünya inqilablarına örnək olacaq bir mücadilə modeli qoyub getmiş İmam Hüseynin adına bağlıdır.
Sonuncu peyğəmbərin gələcək yazan, əbədi tarix qoyub gedən nəvəsinin Kərbəlada şəhid olmasından 1335 il ötür…
Gənc yaşında əbədiyyət qazanan, islam peyğəmbəri Həzrət Məhəmmədin sevimli nəvəsi, dördüncü xəlifə Həzrət Əlinin, xanım Fatimənin oğlu, zəhər verilib öldürülmüş İmam Həsənin kiçik qardaşı İmam Hüseynin, onun ailə üzvlərinin və 72 silahdaşının şəhadət tarixçəsi İraqdan, Kərbəla düzündən, hicrətin 61-ci ilindən (miladi təqvimlə 680-ci il) başlanır. Bu elə bir unudulmaz, qanlı tarixdir ki, bəzi müsəlman alimlərinə görə, hətta Qiyamət gününün tarixi başlanğıcı da bu aya düşəcək.
İmam Hüseyn şərə boyun əyməyən, başsız bədəniylə haqqa qovuşan, şeytana lənət yağdıran islam iradəsinin aynasıdır. Onun gəlişiylə başlayır Məhərrəm ayı. Məhərrəm ayı girir, şəhidlərin yazdığı tarix yenidən xatırlanır…
Bu ayda zalımın zülmünə qarşı çıxıb İmam, susmağı bacarmayan, müsəlman əxlaqıyla seçilən əhli-beyt üzvü qalxıb ayağa, öz ədalətinə, iradəsinə güvəndiyindən hərəkətə keçib, qanuni hakimiyyəti zəbt edən Əməvi xəlifəliyinə, Yezid ibn Müaviyəyə qarşı üsyan qaldırıb. Həzrət Əlinin qanuni hakimiyyətinin varisi kimi tanınan Hüseyn ibn Əli bütün müsəlmanların və öz ailə üzvlərinin hüquqlarının qaytarılması tələbiylə bu ayda silahlı mücadilə qərarını verib. Və son tarix bir faciə ilə yadda qalıb. Kərbəlada on günlük mühasirədən, bir neçə günlük susuzluq məngənəsindən sonra haqq yolunda vuruşanlar, İmam Hüseynin başçılıq etdiyi azsaylı mücahidlər ordusu Yezidin və Kufə valisinin silahlılarına elə bu qanlı ayda uduzub. Beləliklə, Məhərrəm ayında şəhadətə qovuşan İmam Hüseyn, ailə üzvləri və qohumları, eləcə də 72 sadiq müsəlman Kərbəla faciəsinin və Məhərrəm ayının tarixçəsini yazıblar. İlin birinci ayı Məhərrəm on üç əsr öncə belə başlayıb…
Hər il Məhərrəm ayı bu ab-havada qeyd olunur, indən sonra da belə qeyd ediləcək…
Qafqaz müsəlmanlarının şeyxülislamı Hacı Allahşükür Paşazadə Məhərrəm ayının 2015-ci ildə oktyabrın 15-də girəcəyini elan etdi, bu barədə fətvasını verdi. Aşura günü isə bu il oktyabrın 24-nə düşür. Əsrlər ötsə də biz azərbaycanlılar unutmadıq bu möhtəşəm tarixi. Qanla suvarılan azadlıq hekayətindən və İmam Hüseynin bizlərə qoyub getdiyi böyük bir məktəbdən – Kərbəladan nələr öyrəndik, necə öyüdlər aldıq! Kərbəla bizə ədalətli olmağı, vətəni sevməyi öyrədib. Kərbəla artıq bizim doğma və milli tariximiz olub. Qanını tökənlərin anım günlərində ehtiyacı olanlara qan vermək, xəstələrə yardım göstərmək ənənəsi də yaranıb bizlərdə.
Tarix adlanan bir qocaman məkan çevrəsində neçə-neçə unudulmaz fakt var. Acı tarix, unudulan, əfsanəyə çevrilən, yazısı pozulan tarix, nağıla qatışan, rəngli və mifik tarix, xronologiyasını, coğrafiyasını sirlərə gömən tarix, ədalətsiz savaşların tarixi, təkamül tarixi, yüksəliş tarixi, yeni dövr tarixi və nəhayət, ən möhtəşəmi – azadlıqla başlayan hərəkat tarixi, böyük əxlaq, ilahi ədalət uğrunda canını fəda edənlərin tarixi.
İmam Hüseyni, qanını-canını fəda edənləri Məhərrəmlikdə ananlar bu ayda qan verməyi özlərinə borc bilirlər.
Sabah Məhərrəm ayı girir…