Dövlət başçısı İlham Əliyev Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) prosesindəki problemlərin həlli üçün Çoxtərəfli Qrupun sədri, Dövlət Neft Fondunun prezidenti Şahmar Mövsümova tapşırıqlar verib. Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyasının koordinatoru Əliməmməd Nuriyev Transparency.az-a belə deyib. O xatırladıb ki, ötən həftə MHŞT İdarə Heyətinin sədri Kler Şort Azərbaycanda olub, prezidenti İlham Əliyevlə görüşüb: “Həmin görüşdə bizim koalisiyanın problemləri də müzakirə edilib. QHT qanunvericiliyinə son illərdəki dəyişikliklər Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyasının fəaliyyətinə müəyyən qədər təsir göstərib. Xarici donorların fəaliyyətinin məhdudlaşdırılması koalisiyanın maliyyə vəsaitlərinə çıxışını xeyli azaldıb. Eyni zamanda koalisiyaya daxil olan bəzi təşkilatların fəaliyyətində vergi yoxlamaları aparılıb, onlara müxtəlif məbləğlərdə sanksiyalar tətbiq edilib, bəzi təşkilatlar istintaqa cəlb olunub. Koalisiyaya daxil olan bəzi təşkilatların nümayəndələri ölkədən gedərkən və qayıdarkən əsassız əlavə yoxlamalara məruz qalır. Bəzi təşkilatların bank hesablarına həbs qoyulub.
Ötən müddət ərzində apardığımız müzakirələrin nəticəsində müəyyən pozitiv nəticələrə nail olunub. Bəzi şəxslərin sərhəddə əlavə yoxlamaları aradan qalxıb, bəzi təşkilatların hesabından həbs götürülüb və yeni hesabların açılmasına imkan yaradılıb. Lakin hələ də koalisiyanın bəzi üzvləri üçün müəyyən problemlər qalmaqdadır”.
Əliməmməd Nuriyev deyib ki, problemlərin aradan qaldırılması üçün təkliflər hazırlanaraq MHŞT prosesinə nəzarət edən Çoxtərəfli Qrupa təqdim olunacaq.