Oqtay Qorçu
Berlin divarının uzunluğu 155 kilometr olub. 1961-ci ilin noyabrından 1989-cu ilə qədər tikintisi davam edən, Almaniyanı iki bölən bu qanlı sərhədin, ərazisində 1 milyondan çox mina basdırılan qapalı və təhlükəli zonanın keçmişə atılmağından 25 il ötdü. O vaxt dünyanı heyrətləndirən qırmızı imperiya qədim düşməni Amerikanın sözünə baxıb tarixi bir prosesə qatılmışdı, ABŞ prezidenti Ronald Reyqanın çağırışından iki il ötər-ötməz sovet Rusiyası əbədi və əzəli düşməninin taleyini bir günün içində həll edib onları qovuşdurmuşdu.
1990-cı ilin 3 oktyabrında SSRİ boyda imperiyanın lideri olan Mixail Qorbaçovun xeyir-duası ilə Berlin divarı söküldü və Almaniya öz simasını yenidən qaytardı. Elə təbiətin qoynundaca, kötük masanın ətrafında, Arxız çayının qırağında razılığı alındı qırmızı imperatorun, SSRİ-nin sonuncu kommunist rəhbəri və ilk prezidentinin. Divar söküldü, bunu normal qarşılayan ruslar da oldu, qəzəblə qarşılayan ruslar da. Qara-boz daşlar parçalanıb dağıldı ətrafa, bu daş parçasından qənimət kimi götürüb illər sonra alman dövlətinə tarixi abidə kimi satıb varlanan da, bu daş qırıntılarını torbasına yığıb özgələrin başına qara daş yağdıran da oldu.
Müsəlman dünyasının başına qara daş yağır bu gün. Məkkə zəvvarlarının Həcc faciəsi, Kəbədə uçan nəhəng kranın altında ölənlər, daşqından əziyyət çəkənlər və… Bir-birinə güllə atan müsəlmanlar, ərəblər, türklər, farslar, əfqanlar, kürdlər…
Onlar daş-qalaq etməkdə mahirdirlər. Ruslar davakar olduqları qədər də bənzərsizdirlər. Rusiya imperiyası tarixi ənənələrini qoruyan, siyasi kursuna sadiq ən böyük dövlətlərdən biri, bəlkə də birincisidir. Çar dövründən üzü bəri, SSRİ-nin 70 illik hökmranlığı zamanında da, indiki Rusiya da dəfələrlə dünyanı gözlənilməz sürprizlərlə üz-üzə qoyub. Zaman-zaman etdiyi güzəştlərlə, qapazlayıb qazandıqlarıyla Avropanı, Amerikanı təəccübləndirən və qəzəbləndirən bu dövlətin hərbi təyyarələri bu gün ərəb səmasında dövr eləyir. Ukraynada od qalayan, Krımın işğalını tarixi ədalətin bərpa olunması kimi bayram edən Putin Rusiyası bu gün Bəşər Əsədin və islamın düşmənlərinin başına od yağdırır. Ard-arda uçuşlar keçirən rus qırıcıları terrorçuların canına vəlvələ salıb. İŞİD-in hədəfləri, hərbi obyekt və silah anbarları yerlə yeksan edilir.
Fəaliyyətində Qərbin dəstəyinin olduğu da ehtimal edilən və “islam dövləti” adı altında qırğınlar törədən, qocaman Şərqin islama qədər və sonuncu dindən sonrakı tarixini, mədəni, dini abidələrini yer üzündən silməyi, Məhəmməd ümmətinin kökünü kəsməyi qarşısına məqsəd qoyan bu böyük terror təşkilatı – İŞİD, nəhayət ki, Rusiyanın hədəfinə gəldi. Bəşər Əsədin təklənməyinə dözə bilməyən Rusiya “ata-baba” dostunun köməyinə yetdi. Suriya diktatoru indi bütün Avropayla savaşır, ABŞ onun hakimiyyətdən getməsini istəyir, silahlı Suriya müxalifəti və İŞİD isə hələ də qırır, qırılır.
Paradoks da nizam çərçivəsidir. Artıq heç nə ola bilməz, yəni Tanrının qədərinə əlavə yoxdur, deməli, baş verənlər təsadüfi gedişlər deyil, sadəcə zərurətdir. Hərdən gözlənilməz hər hansı bir siyasi, yaxud hərbi jest də dolayısıyla balanslaşdırılma siyasətinə xidmət edə bilər. Təkzibedilməz faktlar indən sonra üzə çıxacaq hələ, ehtimallar, yalan görüntülər havaya buxarlanacaq. Bütün bunlar həm də ilahi məntiqdir. Xristianların peyğəmbəri, Yəhudanın satqınlığından əziyyət çəkən Məryəm oğlu Həzrət İsa Məsih, yəni Allahın qeybə çəkilmiş elçisi “Şərə şər qənim olar” söyləyib bir zaman, həm də bütün zamanlara aid edilən bir kəlam.
İndi hamı öz geosiyasi maraqlarını müdafiə edən Rusiyanın böyük güclərin planlarını pozduğunu, yoxsa tələyə düşdüyünü anlamağa çalışır. Rusiya öz taleyini özü həll edəcək. Bu dəfə dəyişmək şansı olmayacaq. Rusiya var olduğu qədər də sona yaxınlaşır. Sona qədər isə dünyanın qazancı ancaq bir şey ola bilər – zəifləyən, parçalanan İŞİD.