Xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 1-də İslam Əməkdaşlıq Təşkilatı dövlətlərinin xarici işlər nazirlərinin illik əlaqələndirici görüşündə çıxış edib.
Elmar Məmmədyarovun çıxışını təqdim edirik.
Cənab Sədr,
Cənab Baş Katib,
Xanımlar və cənablar,
İlk öncə, mən Sizə, cənab Sədr Şeyx Sabah Əl-Hamad Əl-Sabah və cənab Baş Katib İyad Amin Mədəniyə bu illik əlaqələndirici görüşü təşkil etdiyi üçün öz təşəkkürümü bildirmək istərdim. Biz Küveyt Dövlətinə Xarici İşlər Nazirləri Şurasının 42-ci Sessiyasına müvəffəqiyyətlə ev sahibliyi etdiyinə və Nyu-Yorkda İƏT Qrupuna mükəmməl sədrlik etdiyinə görə minnətdarlığımızı ifadə edirik.
Dəyərli Həmkarlar,
Hazırda bir sıra İƏT üzv dövlətlərində baş verən dəyişikliklər, onların üzləşdiyi təhlükəsizliklə bağlı artan hədə və problemlər, həmçinin bir sıra üzv ölkələrdə pisləşən humanitar vəziyyət dərin narahatlıq mənbəyi olaraq qalır. Bu hədə və problemlər, xüsusilə üzv dövlətlərin suverenliyi, siyasi müstəqilliyi və ərazi bütövlüyü ilə bağlı olanlar İƏT çərçivəsində artan həmrəylik tələb edir. Yalnız prinsiplərimizə ciddi sadiq qalmaqla və siyasi yekdilliyi əldə tutmaqla, biz davamlı sülh, təhlükəsizlik və İslam dünyasının rifahı naminə mühüm qərarların qəbul olunduğu və həyata keçirildiyi qurum kimi İƏT-in təsisatlandırılmasına nail ola bilərik.
Ermənistan və Azərbaycan arasında münaqişənin baş verməsindən sonra İƏT BMT Təhlükəsizlik Şurasının müvafiq qərarlarına əsaslanaraq, Ermənistanın Azərbaycan ərazilərinə qarşı hərəkətlərinin təcavüz olduğunu açıq aşkar elan etmiş və Azərbaycan əleyhinə güc tətbiqini və ərazilərimizin işğalını mümkün olan ən qəti ifadələrlə mühakimə etmişdir. Fürsətdən istifadə edərək, mən bir daha Azərbaycan xalqı və ilk növbədə qaçqın və məcburi köçkünlərimiz adından İƏT Üzv Dövlətlərinə həmin məsələdə Azərbaycana göstərdikləri dəstək və həmrəyliyə görə səmimi qəlbdən öz təşəkkürümü bildirmək istərdim.
Cənab Sədr,
Azərbaycan qardaş Fələstin xalqına sülh əldə etmək və Şərqi Əl-Qüds paytaxt olmaqla, müstəqil dövlət yaratmaq uğrunda mübarizəsinə tam dəstəyini bir daha təsdiq edir. Azərbaycan Yaxın Şərqə sülh və sabitlik gətirəcək və bütün səyləri o sonluğa səfərbər edəcək “iki—Dövlət həll yolu”na sadiqdir.
BMT Baş Assambleyası tərəfindən Baş Qərargah və BMT ofislərində BMT Üzv Dövlətlərinin bayraqları ilə bərabər qaldırılacaq Fələstin Dövlətinin də bayrağı daxil olmaqla, qeyri-üzv müşahidəçi Dövlətlərin bayraqlarının qaldırılmasına dair bu yaxınlarda qəbul olunmuş qətnamə Fələstin Dövlətinin BMT-nin tam hüquqlu üzvü olmaq uğrunda qanuni iradəsinin daha bir göstəricisi olmuşdur.
Cənab Sədr,
Keçən bir neçə ay ərzində Bəhreyn, Kamerun, Misir, Küveyt, Nigeriya, Türkiyə və Yəməndə törədilmiş terror aktları bir daha terrorizm əleyhinə mübarizənin ön cəbhəsində olan ölkələr və xalqlar ilə güclü həmrəyliyə, eləcə də gücləndirilmiş beynəlxalq əməkdaşlığa və bu bəlanı aradan qaldırmaq üçün individual və kollektiv səylərə ehtiyacın olduğunu nümayiş etdirmişdir. Biz həlak olmuş şəxslərin ailələrinə, eləcə də terror hücumlarına məruz qalmış dövlətlərin hökumətləri və xalqlarına dərin hüznlə başsağlığı veririk.
Azərbaycan zorakı ekstremizm və terrorizmin bütün təzahür və formalarını qəti şəkildə qınayır. Bütün terror aktları motivindən asılı olmayaraq qəbuledilməzdir, ağır cinayət sayılır və qınanmalı və mühakimə olunmalıdır.
Eyni zamanda, terrorizmlə müharibə hər hansı bir dini və ya mədəniyyəti hədəf almaq üçün istifadə oluna bilməz və olunmamalıdır. Bu prinsip hər bir terrorizm əleyhinə strategiyanın bir hissəsi olmalıdır. Biz bir daha İslamafobiyanın həyəcan təbili çalacaq formada artması ilə bağlı dərin narahatçılığımızı bildiririk. Bizim dinə qarşı bütün hücumları qəti qınayırıq və onlara ifadə azadlığı bəhanəsi altında hər hansı bir bəraət qazandırmaq cəhdlərini rədd edirik.
İslam və müsəlmanlara qarşı nifrət aşılayan səhv mənfi rəylərin yaranmasını dayandırmaq üçün səylərimizin daha da gücləndirilməsi tələb olunur.
Cənab Sədr,
Azərbaycan İƏT-in proqramlarını və təşəbbüslərini dəstəkləyir və İƏT-in Onillik Fəaliyyət Proqramı və onun əsasında nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir. Bu xüsusda, biz gələn onillik ərzində həyata keçiriləcək yol xəritəsi ilə bizi təmin edəcək “İƏT-2025: Fəaliyyət Proqramı”nın ən qısa müddətdə qəbul olunmasını səbirsizliklə gözləyirik.
Yekun olaraq, mən bu mühüm tədbirə uğurlu müzakirələr arzulamaq və İƏT Baş Katibi cənab İyad Amin Mədəniyə və onun komandasına Təşkilatımızın məqsəd və prinsiplərinin reallaşmasında göstərdikləri peşəkarlığa görə minnətdarlığımı bildirmək istərdim.
Təşəkkür edirəm.