“Dövlət borcu ətrafında qeyri-real fikirlərin səslənməsi cəmiyyəti çaşdırır, insanlar bu yazıları oxuduqdan sonra əsl həqiqətin nədən ibarət olduğunu aydınlaşdıra bilmirlər”. AZƏRTAC-a danışan sabiq maliyyə naziri (1994-1999), iqtisad elmləri doktoru Fikrət Yusifov belə deyib. O vurğulayıb ki, bəzi iqtisadçılar dövlətin bu günə olan 6,5 milyard dollar borcunun üzərinə əsassız olaraq müəssisə və təşkilatların borclarını da gəlib borcun 25 milyard dollar olduğunu iddia edirlər: “Dövlət borcunu bu qayda ilə 4 dəfəyə qədər şişirdən müəlliflər belə təsəvvür yaratmağa çalışırlar ki, guya borclanma təhlükəli həddə çatıb və deməli, həyəcan təbili çalmağın zamanıdır.
Bəziləri isə bugünkü borcun çox az olduğunu qeyd edərək iqtisadiyyatın qeyri-neft sektorunun daha sürətli inkişafı üçün dövlətin təcili surətdə 100 milyard dollar həddində borclanmaya getməsinin zəruriliyini əsaslandırmağa çalışırlar. Hər iki mövqe kökündən səhvdir və əsassızdır.
Əvvəla, dövlət borcu ilə müəssisə borcunu bir-biri ilə qarışdıranlar bilməlidirlər ki, nə nəzəriyyədə, nə də təcrübədə bu iki borcu bir-birinin üzərinə gəlməklə yekun məbləği əhalinin sayına bölüb adambaşına düşən dövlət borcu müəyyən etmək kimi bir qayda yoxdur. Müəssisə borcunu dövlətin borcu kimi qələmə vermək istəyənlər bu borcların dövlət zəmanəti ilə alınmasını əsas kimi göstərə bilməzlər. Onda gərək bütün ölkələrdə müəssisə və təşkilatların dövlət zəmanəti ilə aldığı borclar dövlətlərin borcu kimi qəbul edilsin.
“Dövlət borcu haqqında” qanunun 1-ci maddəsinin 1-ci bəndində aydın şəkildə göstərilir ki, dövlət borcu Azərbaycan Respublikası adından bağlanmış müqavilələrin öhdəlikləri üzrə ödənilməli olan borcdur. Əlbəttə, dövlət zəmanəti ilə alınan borclara görə dövlət məsuliyyət daşıyır. Elə həmin qanuna görə, əsas borcalan dövlət zəmanəti ilə təmin edilmiş borc öhdəliyini icra edə bilmədiyi təqdirdə zəmanətçi verilmiş dövlət zəmanətinin müddəalarına uyğun olaraq öhdəliyi yerinə yetirir. Lakin dövlət zəmanətinin verilməsi üçün qanunla müəyyən edilmiş konkret şərtlər var. Məsələn, əsas borcalan tələb etdiyi dövlət zəmanəti üzrə öhdəliyinin təminatı kimi istifadə edilə biləcək əmlakının siyahısını təqdim etməlidir. Dövlət verdiyi zəmanətə görə riskləri də dəqiqliklə hesablayır. Əgər əsas borcalan öhdəliklərini yerinə yetirə bilmirsə, bu halda onun girov kimi qoyduğu əmlakdan və Azərbaycan Respublikasının dövlət zəmanəti üzrə borc öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün dövlət büdcəsinin tərkibindəki Təminat Fondunun vəsaitlərindən istifadə olunur. Bu fond dövlət zəmanətinin verilməsi üçün əsas borcalandan alınan birdəfəlik əvəzsiz ödənişlərdən formalaşdırılır. Ödənişin miqdarı isə tələb edilən dövlət zəmanəti üzrə riskin dərəcəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Beləliklə də dövlət verdiyi zəmanəti tamamilə sığortalayır. Odur ki, müəssisə və təşkilatların borcunu dövlət borcu kimi təqdim etmək tamamilə əsassızdır.
Sual oluna bilər ki, Dövlət Neft Şirkətinin (SOCAR) borclarını dövlət borcu hesab etmək olarmı? Əslində bu nümunənin məxsusi özəlliyi var. Belə ki, SOCAR-ın aktivləri onun aldığı borclardan qat-qat çoxdur və bu səbəbdən onların dövlət zəmanəti ilə aldıqları borcları dövlət borcu kimi qiymətləndirmək qətiyyən düzgün deyil. Dövlət müəssisəsi olmasına baxmayaraq bu borca görə məsuliyyəti dövlət deyil, SOCAR özü daşıyır və zəruri hallarda aldığı borcdan dəfələrlə artıq olan aktivləri ilə vəziyyəti tənzimləyə bilər. SOCAR kommersiya fəaliyyəti həyata keçirən hüquqi şəxsdir, müstəqil balansa, banklarda, o cümlədən xarici banklarda hesablara malikdir. Şirkətin nizamnaməsində konkret göstərilir ki, dövlət şirkətin öhdəliklərinə görə cavabdeh deyil.
Azərbaycanın bu günə olan 6,5 milyard ABŞ dolları həcmində dövlət borcu dünyada ən aşağı borclanma göstəricilərdən biridir və bu borcun adambaşına düşən həcmi 675 ABŞ dollarına bərabərdir. Bunu hər kəs bilməlidir. Müqayisə üçün deyək ki, bu rəqəm ABŞ-da 57 min dollara, Böyük Britaniyada 158 min dollara, Almaniyada 71 min dollara, Fransada 81 min dollara, Rusiyada 4 min 200 dollara, Gürcüstanda 2 min 400 dollara, Ermənistanda isə 2 min 700 dollara bərabərdir.
Bu gün Azərbaycanda borclanmaya dair beynəlxalq standartların tələb etdiyi bütün göstəricilər kifayət qədər yüksəkdir. Bu göstəricilərlə Azərbaycan hökuməti on milyardlarla dollar həcmində kreditlər götürə bilər. Lakin o bunu etmir. Çünki zamanla kredit yükünün altına girmiş və on illərdir ki, bu kredit labirintindən çıxmağı bacarmayanların aqibəti göz qabağındadır”.