Kənan Rövşənoğlu
İndi bir çox tədqiqatçılar “ərəb baharı” prosesinin qanlı vətəndaş müharibələri və dini radikalizmi alovlandırması sualı üzərində baş sındırır. Axı necə oldu ki, müsəlman Şərqində demokratiya və azadlıq ümidləri ilə başlanan inqilablar tezliklə qanlı müharibələrə, dini radikalizmin alovlanmasına, amansız qətl və edamlarla müşayiət olunan xaosa çevrildi?
Və təbii ki, ötən 4 ildə ittihamlar daha çox İslam dini üzərinə yönəldi. Çünki Liviya, Misir, Suriya, İraq, Yəmən, eləcə də Bəhreyn və Tunisdə baş qaldıran hərəkatların əsas şüarı İslam idi. Ötən müddətdə İŞİD, “ən-Nusra” və bu kimi onlarla İslam adına iddia edən qruplaşmalar ortaya çıxdı. Daha sonra isə Suriya və İraq, eləcə də Yəməndə daxili müharibələr tədricən məzhəbi rəng almağa başladı. Bu isə yalnız adı qeyd olunan ölkələrdə deyil, bütövlükdə müsəlman dünyasında, Yer kürəsinin müsəlman yaşayan bölgələrində məzhəb zəminində münasibətləri daha da gərginləşdirdi. Mənzərə indi həddən artıq ağırdır.
Doğrudanmı, problem İslamla bağlıdır? “Ərəb baharı” ilə başlayan proseslərin İslam dini ilə bağlılığı nə qədər güclüdür? Və yaxud bu problemin adı nədir?
Yeri gəlmişkən, ötən gün BMT-də çıxış edən Rusiya prezidenti Vladimir Putin terror təşkilatlarının İslam dinini təhqir etdiyini və gözdən saldığını söyləyib. Putin deyib ki, İŞİD-ə qarşı yaradılacaq geniş koalisiyanın əsas iştirakçıları müsəlman ölkələri olmalıdır. Rusiya prezidenti deyib ki, İŞİD qanlı cinayətləri ilə ən böyük dünya dinini təhqir edir. “İŞİD-çilər İslamı ələ salırlar, onun həqiqi, humanist dəyərlərini təhrif edirlər”, – deyə Putin bildirib.
Bu cür fikirləri daha əvvəl Britaniyanın baş naziri, ABŞ prezidenti və başqaları da səsləndirib. Ancaq məlum olduğu kimi, ittihamlar daha çox müsəlmanların və İslamın üzərinə yönəlib. Yazarlar, tədqiqatçılar İslam hökmlərinin, Quran ayələrinin İŞİD və ya bu tip təşkilatların törətdiyi qətllərə nə qədər əsas verdiyini araşdırır və ya bu cinayətləri dini nöqteyi-nəzərdən əsaslandırmağa çalışırlar. Bir çox araşdırmaçılara görə isə müsəlman dünyasının hazırkı durumu Avropanın 4 əsr əvvəl yaşadığı 30 illik müharibə dövrünə bənzəyir. Yaxud da İslam dünyasının inkvizisiya dövrü Avropasını xatırlatdığını iddia edənlər də var. Xatırladaq ki, məhz inkvizisiya və onun ardınca 17-ci əsrin əvvəllərində baş qaldıran məzhəb müharibələri Avropanı viran qoymuşdu. 1618-ci ildə başlayan və 30 il davam edən “30 illik müharibə” 1648-ci ildə Vestfaliya sülhü ilə yekunlaşır. Vestfaliya sülhü Avropada məzhəb müharibələrinə son qoyur, Papanın siyasi hakimiyyətini məhdudlaşdırır və müasir Avropanın, eləcə də beynəlxalq münasibətlər sisteminin yaranmasının başlanğıcı kimi tarixə düşüb.
Ancaq bu iddialar heç də birmənalı qəbul olunmur. Çünki İslam mövcud olduğu 14 əsrdə özünün “qızıl dövrünü” yaşayıb. Eyni zamanda, məzhəb ayrılığı da fakt olaraq mövcud olub və bir çox halda qanlı qarşıdurmalara səbəb olub. Yəni bu günkü proseslərə oxşar vəziyyət daha əvvəl də mövcud olub. Həm də axı bu proseslər İslam şüarları ilə başlamadı.
Maraqlıdır ki, bu proseslərə başqa prizmadan yanaşan tədqiqatçılar da var. Məsələn, fransız, İslami hərəkatlar üzrə araşdırmaçı Olivier Roy “Atlantik” jurnalına verdiyi müsahibədə maraqlı bir məqama toxunur. Tədqiqatçı İŞİD-ə qoşulanların bir çoxunun İslamı yeni qəbul etmiş, əsasən də Avropa ölkələrindən olan və radikalizmə meyl edən gənclərdən olması faktının üzərində dayanaraq bu gəncləri İŞİD-ə və ya digər radikal qruplara, bütövlükdə isə savaşa, bir anlamda “cihada” cəlb edən səbəbin İslam olmadığını iddia edir. Tədqiqatçıya görə, əslində bir çoxu İslamla yeni tanış olan bu şəxslərin cihad mövzusunda dərin biliyə malik olmaları mümkünsüzdür. Tədqiqatçıya görə, bu insanları əslində İslam deyil, radikalizm, savaş cəlb edir. Bu mənada O.Roy dinin, yəni İslamın radikallaşması (bir çoxları bunu iddia edir – K.R.) deyil, radikalizmin dinləşməsi, yəni din adı ilə çıxış etməsi tezisini irəli sürür.
Yəni əslində İslam dəyişməyib. Dəyişən mövcud siyasi-ictimai münasibətlərdir. 100 il əvvəl Avropada, eləcə də dünyanın bir çox bölgəsində insanlar kommunizm, bolşevik inqilabı şüarları altında gedən savaşlara qatılır, ən qanlı hadisələrə səbəb olurdular. Bu gün eyni olmasa da, oxşar proseslər müsəlman dünyasında baş verir.
“Ərəb baharı” baş verdi və ardınca təbii olaraq bütün inqilablarda olduğu kimi əksinqilab dönəmi və ya vətəndaş müharibəsi mərhələsi başladı. Təbii ki, bu mərhələdə həm də kənar faktorların (yerli əhalinin inancının İslam olması, qonşu varlı ərəb-müsəlman rejimlərinin maliyyə və hərbi dəstəyi və sair – K.R.) təsiri ilə əksinqilabi və ya inqilabçı qüvvələrin əsas şüarı İslam oldu. Savaşan tərəflər qətl, zorakılıq və digər işləri üçün İslam dinindən “dəlillər” tapmaqda heç də çətinlik çəkmədilər. Məsələn, “Taliban” kimi radikal siyasi-hərbi İslamçı qruplaşma da İŞİD-ə zorakı metodlarına görə irad tuturdu. Yəni artıq bu dalğada “ənənəvi” metodlar işləmirdi. İndi Yaxın Şərqdə savaşanlar 100 il əvvəl İspaniyada, Avropanın başqa ölkələrində, Latın Amerikasında kommunist ideyaları uğrunda savaşan macəraçıların davamçılarıdır. Sadəcə yerli şərtlər və zaman İslam şüarını aktual edir.
Proseslərin bu dərəcədə dəhşətli vəziyyətə gəlib çatması bir mənada İslam dünyasının böhran keçirdiyini sübut etdi. Məlum oldu ki, müsəlman din xadimləri, ruhanilər, dini mərkəzlər böyük ölçüdə siyasi hakimiyyətlərin təsiri altındadır. Bu səbəbdən də Yaxın Şərqdə inqilabi proseslər, hakimiyyət uğrunda mübarizədə din silaha çevrildi. Əgər 16-cı əsrdə Roma Papası dini lider olaraq siyasi aktor kimi çıxış edirdisə, 21-ci əsrdə müsəlman ruhaniləri siyasi hakimiyyətlərin əlavəsi olaraq siyasi proseslərin oyunçusu oldular.
Əlbəttə, bu vəziyyətin hələ neçə il davam edəcəyi məlum deyil. Amma Putinin də dediyi kimi, Yaxın Şərqdə müharibəyə və xaosa son qoymaq üçün ilk növbədə müsəlman liderlər qətiyyət nümayiş etdirməli, dindən sui-istifadəyə imkan verməməlidirlər. Bu isə müəyyən zaman alacaq, baxmayaraq ki, artıq müsəlman ruhanilər və intellektuallar artıq proseslərin təhlükəli məcraya daxil olduğunun fərqinə varıblar.
Musavat.com