APA-Economics-in məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev pensiya islahatlarının anonsunu verib. Sentyabrın 28-i Bakıda Beynəlxalq Aktuarlar Assosiasiyasının Avrasiya və Yaxın Şərq Komitəsinin toplantısında çıxış edən DSMF sədri deyib ki, hesablamalar nəticəsində Azərbaycanda pensiya islahatları aparılmasının zəruriliyi ortaya çıxıb: “Makroiqtisadi göstəricilər dəyişdiyindən pensiya sisteminin göstəriciləri ölkənin iqtisadi mühitinə uyğunlaşdırılmalıdır. İlk növbədə pensiya sistemində sığorta prinsipləri dərinləşdirilməlidir. Bu gün Azərbaycanın sığorta-pensiya sistemi sosial sığortaya əsaslanmayan bir çox xərci qarşılayır. Sosial sığorta haqqı ödəyiciləri müəyyən zaman keçdikdən sonra bu vəsaitin arxasınca gəlib öz pensiyalarını tələb edəcəklər. Amma biz bu məbləğləri dövlətin qəbul etdiyi qərarlar nəticəsində əhalinin pensiya təminatına yönəldirik. Bura 1992-ci ilə qədər təyin olunmuş pensiyalar, o cümlədən bu gün pensiya təyinatı üçün müraciət edən şəxslərə 1992-ci ilə qədər olan dövr üçün dövlətin verdiyi əvəzsiz pensiya kapitalları aiddir.
Həmçinin “Əmək pensiyaları haqqında” qanunun 20-ci maddəsi ilə bir çox imtiyazlı kateqoriyaya pensiyadan əlavə qulluq stajına görə əlavələr verilir. Qanunun 19-cu maddəsində isə baza hissəsinə görə əlavələr nəzərdə tutulur. Bunların heç birinin sosial sığortalanma, eləcə də bu gün ödənilən və fərdi hesablarda qeydiyyata alınan vəsaitlərlə heç bir əlaqəsi yoxdur. Amma biz həmin məbləğləri toplanan sosial sığorta haqları hesabına maliyyələşdiririk. Dövlət büdcəsindən ayrılan transfertlər və bu xərclərin maliyyə yükü arasında ciddi, əhəmiyyətli fərq var. Bu tendensiya davam edərsə, gələcəkdə Azərbaycanın pensiya sistemi müəyyən maliyyə çatışmazlığı ilə üzləşə bilər”.
Elman Mehdiyev deyib ki, sığorta-pensiya sisteminin özünün daxilində də sosial sığorta prinsiplərinə əsaslanmayan bir sıra proseslər gedir: “Bu daha çox sosial sığorta haqqı ödəyən insanların ödədiyi vəsaitlərin az sosial sığorta haqqı ödəyən insanların təminatına yönəldilməsi problemidir. Ödənilən sosial sığorta haqlarının bu gün yalnız 50%-i fərdi hesablarda qeydiyyata alınır. 50%-i isə ümumi istifadədə saxlanılaraq aşağı sosial sığorta haqqı ödəyən insanların təminatına yönəldilir. Aşağı sosial sığorta haqqı ödəyən insanlar daha çox özünəməşğul əhalidir, kənd təsərrüfatında torpaq payı olan insanlardır. Bunlar muzdla çalışan insanlardan ən azı 15 dəfə aşağı vəsait ödəyir, amma onlarla bərabər baza hissələri əldə edirlər. Bu bir tərəfdən yuxarı sosial sığorta haqqı ödəyən insanların marağını azaldır və onlar əmək haqlarının tam leqallaşdırılmasında, sosial sığorta haqlarının vaxtlı-vaxtında ödənilməsində maraq nümayiş etdirmirlər. Digər tərəfdən isə bizim aktuar tədqiqatlarımız göstərir ki, aşağı sosial sığorta haqqı ödəyən insanlara daha çox məbləğlər vəd etmək tendensiyası perspektivdə DSMF-ni çox ciddi maliyyə çatışmazlığı ilə üzləşdirə bilər”.
Elman Mehdiyev pensiya yaşı məsələsinə də toxunub. DSMF sədri deyib ki, demoqrafik göstəricilərin nəzərə alınması və dövri olaraq tənzimlənməsi pensiya sistemlərinin qarşısında olan mühüm vəzifədir: “İnsanların iş fəaliyyəti və yaxud peşə fəaliyyəti müddətləri ilə pensiyaya çıxma yaşı arasında müəyyən uyğunluq olmalıdır. Bu gün büdcədən maliyyələşən təşkilatlarda çalışma dövrünün son həddi 65 yaşdır. Amma pensiya yaşı kifayət qədər aşağıdır. Təbii ki, bu da bir uyğunsuzluq ifadə edir”.
DSMF sədri qeyd edib ki, aparılan aktuar tədqiqatlarla bu istiqamətdə tədbirlərin reallaşdırılması zəruriliyi ortaya çıxıb: “Yaxın günlərdə bu aktuar tədqiqatların nəticələri ictimaiyyətə açıqlanacaq. Müxtəlif alternativlər var. Bir sıra məsələlərə pensiya yaşını dəyişdirməklə real, optimal səviyyəyə çatırlar. Bir sıra hallarda gözlənilən pensiya ödənişi müddətinin dəyişdirilməsi yolu seçilir. Azərbaycan üçün hansı variant daha əlverişli ola bilər? Bunun üçün müəyyən alternativlər ortaya qoyulur, sonra biri seçilir. Bu barədə hər hansı fikir demək hələ ki, tezdir”.
“Əmək pensiyaları haqqında” qanuna görə, Azərbaycanda kişilər əmək pensiyasına 63, qadınlar 60 yaşda çıxır. Qanun güzəştli şərtlərlə əmək pensiyası hüququnu da tənzimləyir.