Oqtay Qorçu
Azərbaycan xalqının, Şərqdə ilk demokratik cümhuriyyətin el bayramına çevirdiyi bir günün düşərli tarixçəsindən vur-tut 9 yaş kiçikmiş, demə, sonralar öz tarixini yaradacaq böyük ustad Habil Əliyev.
Habil Mustafa oğlu Əliyev 28 may 1927-ci ildə Agdaş rayonunun Ücqovaq kəndində dogulub. Neçə-neçə ali mükafatın, fəxri adın sahibinə çevrilən bu sənətçiyə ən böyük adı isə elə xalq özü verib. Habil Kaman təxəllüsüylə tanınıb bu millətin sözçüsü. Dogulub böyüdüyü, adını aləmə yaydıgı vətənindən, yurdundan əl-ayağını üzüb haqq dünyasına köçdüyü vaxtdan 14 gün ötür. 2015-ci ilin 8 sentyabrında vəfat edib kamançanın ustadı.
Dahi Nizaminin “Xosrov və Şirin” dastanındakı bir misranı xatırlamaq lap yerinə düşərdi:
Kaman Musa kimi yanır, inləyir…
Habil Kaman əvəzsiz sənətkardı, həm də əsl sehrbazdı, ona görə ki, min illər yaşı olan kamançanı dizi üstündə oturda-oturda onunla “Segah” dilində danışıb, “Çahargah” sədası altında savaşa, döyüşə öyrədib, “Bayatı-Şiraz” çağıra-çağıra bu torpağı qarış-qarış gəzdirib, kamançaya öz dilini öyrədib, onu dizinin üstündən düşməyə qoymayıb, bir baba sevgisiylə “Cücələrim” havasında əyləndirə-əyləndirə övladda nəvə nəvazişi göstərib və onun çaldığını bir kimsə nə bacarıb, nə də təqlid edə bilib.
Habil Əliyevin daha bir böyüklüyü, onu unudulmaz sənətkara çevirən xüsusiyyəti isə zaman-zaman “kamança bizimdi” deyən namərdlərin, naxələf qonşuların qarşısında mərdliklə dayanmağıdı. Habil kamançanı azərbaycanlı edən, türk əri kimi dünyaya tanıdan kişilərdən biridi.
İnlə segah inlə…
Usdad Habil kamanı sinəsinə çəkən, yayı-oxu düşmənə verməyən böyük bir nəslin tanınmış nümayəndəsidi. İlk dəfə onun ölüm xəbərini eşidəndə qəribə bir ovqata düşdüm, Habil kamanı da özüylə apardı deyə düşündüm. Bəlkə də torpağı segahla süslənəcək indən sonra, barəsində əfsanələr dolaşacaq ki, Habilin son yurdundan kaman səsi gəlir, yüz illər sonra da ondan danışacaqlar bəlkə də… Onunla kamanın dastanı yaranacaq, barəsində o qədər danışacaqlar ki, hələ indən sonra kimi itirdiyimizi biləcəyik, bu boşluğu dolduracaq bir kimsə arzulayacağıq…
Habil Əliyev əvəzedilməzdi. Nə yaxşı ki, kiminsə özünü ona bənzətməyinə də sağlığında imkan verməyib. Axı ömür bitər, yol bitməz deyiblər, Habil Əliyevin yoxluğu fiziki yoxluqdu. O, yolundan deyil, bu maddi dünyadan çıxıb gedib. Hələ də gedir, bitməyən bir yol içində öz yolunu tutub gedir…
Azərbaycanlı kamança ustadları çox olub, elə indi də var. İlk baxışdan adi bir çalğı aləti təki görsənsə də, bu fağır kamança adını üstünə götürəndən bəri Allah bilir başı nələr çəkib… Yad özününkü etmək, kamança isə özününkülərin əlində olmaqdan ötrü elə hey çırpınıb, mübarizə aparıb. Kamançanın bizə qayıtmağı da köhnə söhbətdi, burada öncə Üzeyir bəyin və tanınmış sənətçilərin xidmətini mütləq qeyd etmək gərəkdi. Ardınca da kamança ustası Tələt Bakıxanovdan üzü bəri bir hərəkatın tarixçəsi başlayır. Kamanı qaldırıb yayı çəkdilər… Nerseslərin, Neftonların meydanda at oynatmaqlarına dözə bilmədilər. Və Habil dövrü başlandı…
Kamanı sinəsinə sıxıb gözlərini yuman, hər ifasında ölüb-dirilən bu dahi sənətkara öldü desək də, yoxdu deməyə haqqımız çatmır.