Bəkir Nərimanoğlu
[email protected]
Qanunlar lisenziya qaydalarında nəzərdə tutulandan əlavə sənədlərin alınmasını qadağan etsə də, Azərbaycanda lisenziyalaşdırma və icazələrin verilməsi prosesi region ölkələri ilə müqayisədə çox uzundur.
Prezidentin 26 oktyabr 2011-ci ildə imzaladığı “Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında” fərmanda da qeyd edilir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün müxtəlif dövlət orqanlarından çox icazə tələb edilir, bu isə sahibkarlığın inkişafına, məşğulluğun artmasına və iqtisadiyyata investisiya qoyuluşu prosesinə mənfi təsir göstərir, mövcud vəziyyət sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sisteminin təkmilləşdirilməsini zəruri edir.
2002-ci ildə vəziyyət daha yaxşı olub
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsinə aid tədqiqatda deyilir ki, sahibkar lisenziyanın qüvvədə olduğu müddətdə onun əlavəsində göstərilməyən işlər və xidmətlərlə məşğul olmaq üçün yenidən müraciət etdikdə fəaliyyət növünə lisenziya verilməsinə görə nəzərdə tutulan dövlət rüsumunun 50 faizini ödəyir. Qurumun ekspertlərinin fikrincə, bəzi fəaliyyət sahələrinə lisenziyaların verilməsini tənzimləmək məqsədilə 2002-ci ildə imzalanmış prezident fərmanı lisenziyalaşdırma sahəsində əsas islahat hesab edilə bilər. Tədqiqatda deyilir: “Həmin sənədlə həm lisenziyaların müddətləri uzadıldı, həm də lisenziyalaşdırılan fəaliyyət sahələrinin sayı bir xeyli azaldıldı. Ancaq 2002-2012-ci illərdə hökumət tədricən lisenziyalaşdırılan fəaliyyət sahələrinin sayını artırdı. Bununla da lisenziyalaşdırma ölkədə xüsusən kiçik və orta sahibkarlıq subyektləri qarşısında bürokratik əngəllərdən birinə çevrilməyə başladı.
Lisenziyaların verilməsi prosesinin uzunluğu, səbəb göstərilmədən lisenziya verilməsindən imtina, korrupsiya riski və resurs itkisi bu sahədə sahibkarların şikayətləndiyi əsas məsələlərdir. Azərbaycanda kiçik və orta sahibkarlıq da daxil olmaqla özəl sektorun fəaliyyətinin dövlətdən tənzimlənən aspektlərini, konkret olaraq biznesin qeydiyyatı və yoxlamaları əhatə edən islahatlarla müqayisədə lisenziyalaşdırma islahatları çox ləng gedib. Halbuki lisenziyalaşdırma sahəsindəki islahatlar müəssisələrin satış həcminə, innovasiya səviyyəsinə və məhsuldarlığa təsir etmək imkanına sahibdir. Hesablamalar göstərir ki, lisenziya sahəsi üzrə islahatlar Azərbaycanda özəl sektorun ildə milyonlarla manat vəsaitə qənaət etməsinə şərait yarada bilər.
Bundan sonrakı mərhələdə ölkə üçün lisenziyalaşdırma sisteminin islahatlarında hüquqi və institusional dəyişikliklərlə yanaşı daha bir mühüm istiqamət inzibati sadələşdirmə ola, bu da lisenziya əldə etməyin xərcini və prosesdəki vaxt itkisini müəyyən qədər azaltmağa yönələ bilər”.
Hazırda alt fəaliyyət növləri ilə birlikdə 100-dən artıq lisenziya tələb edilir.
Yenilik mesajları
Prezidentin 26 oktyabr 2011-ci il fərmanında deyilir ki, Nazirlər Kabineti “Lisenziyalar və icazələr haqqında” qanun layihəsini üç ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir. İqtisadiyyat və Sənaye Nazirliyindən aldığımız məlumata görə, “Lisenziyalar və icazələr haqqında” qanun layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim edilib: “Hazırda qanun layihəsinin son versiyasının razılaşdırılması istiqamətində birgə müzakirələr davam etdirilməkdədir”.
Prezidentin 31 avqust 2015-ci il fərmanında İqtisadiyyat və Sənaye Nazirliyinə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya), sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsini təmin etmək məqsədi ilə “Elektron lisenziya” portalının yaradılması tapşırılıb.
Nazirlikdən bildiriblər ki, bu istiqamətdə islahatların davamlı aparılmasında əsas məqsəd biznes mühitinin daha da yaxşılaşdırılması, dövlət-sahibkar münasibətlərində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, müasir və çevik idarəetməni təmin etməkdir: “Portal fəaliyyətə başlayanda sahibkarlar qısa vaxt ərzində xüsusi razılıq (lisenziya), sertifikat və digər müvafiq sənədləri elektron qaydada əldə etmək imkanı qazanacaqlar. Digər tərəfdən sahibkarlıq sahəsində yekun hüquqi sənədin müraciət edən şəxsə verilməsi vətəndaş məmnunluğuna və əlavə inzibati tələblərə yol verilməməsinə gətirib çıxaracaq”.
Nələr dəyişməlidir?
İqtisadçı ekspert Nazim Məmmədov bildirir ki, mövcud icazə və lisenziya sistemi iqtisadiyyatın inhisarlaşmasına xidmət edir: “Lisenziyaları ayrı‑ayrı qurumlar deyil, vahid bir dövlət qurumunun vermәsi yaxşı olardı. Lisenziya o fəaliyyətlərə tələb olunmalıdır ki, insan həyatı üçün təhlükəli olsun, ekologiyaya mənfi təsir göstərsin. Ancaq Azərbaycanda insan həyatı üçün vacib olan sahələrdə lisenziyalara rüsum aşağıdır. Əksinə, elə sahələr var ki, dünya praktikasına görə lisenziya lazım deyil. Bizdə məmurlar lisenziyaya sadəcə qazanc mənbəyi kimi baxırlar. Lisenziya verən qurumlar bu və digər sektora yalnız özlərinə yaxın sahibkarları buraxıb iqtisadiyyatı monopoliyaya alırlar. Bu, iqtisadiyyat üçün təhlükəlidir”.
“Lisenziyalaşdırma fəaliyyəti: beynəlxalq təcrübə və Azərbaycan reallığı” adlı tədqiqatın müəllifi Kənan Aslanlı deyir ki, Azərbaycanda lisenziyalaşdırma sahəsində ciddi islahatların aparılmasına, lisenziya və icazələrin sayının daha da optimallaşdırılmasına ehtiyac var. Onun fikrincə, mövcud qaydaların mürəkkəbliyi, lisenziya və icazələrin sayının çoxluğu ölkədə kiçik və orta sahibkarlığın inkişafına maneələr yaradır. Xüsusilə də lisenziyalaşdırma prosedurunun uzun çəkməsi, ödənişlərin məbləğinin yüksək olması sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənləri qeydiyyatdan çəkindirir: “Hər şeydən əvvəl lisenziya legitim tənzimləyici məqsəd daşımalıdır və ondan bürokratik əngəl kimi istifadə edilməməlidir. Lisenziyalaşdırma fəaliyyətinin iki əsas səbəbi və ya əsaslandırması var: ictimai maraqları qorumaq və məhdud təbii resurslardan səmərəli istifadə etmək. Lisenziyalaşdırma qaydalarının hazırlanması və tətbiqi zamanı bu amillər mütləq nəzərə alınmalıdır ki, istənilən şəxs öz biznesini rahat şəkildə qura bilsin”.