Yunanıstanın paytaxtı Afina şəhərində Qara Dəniz Araşdırmaları Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Davamlı gələcəyə səsləyən lider qadınların rolu və əməkdaşlıq körpülərinin qurulması” mövzusunda beynəlxalq konfrans keçirilib. Beynəlxalq qurumların nümayəndələrinin, yerli və xarici mütəxəssislərin iştirak etdikləri konfransda Ombudsman Aparatını hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri Zaur Əliyev təmsil edib.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Cənubi Avropa, Qara dəniz və Aralıq dənizi hövzələri ölkələrində qadın hüquqlarının müdafiəsi sahəsində faydalı fikir, məlumat və təcrübə mübadiləsi aparılıb, mövcud təcrübələri bölüşmək üçün vahid bir şəbəkənin yaradılması məsələsi müzakirə edilib.
İnteraktiv diskussiyalar şəklində keçirilən tədbirdə iştirakçılar gender zəminində baş vermiş ayrı-seçkilik, qadın sahibkarlığı və iş imkanları, maliyyə böhranı və qadınlar, habelə digər mövzularda fikirlərini paylaşıblar.
Z.Əliyev Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın “Qadınlar Ümumdünya Pekin Konfransının izi ilə dayanıqlı gələcək məqsədlərə doğru” mövzusundakı məruzəsini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edilib ki, tədbir bütün dünyada davamlı inkişaf məqsədlərinin minilliyin inkişaf məqsədlərini əvəz etdiyi bir dövrə təsadüf edir. Minilliyin inkişaf məqsədləri başa çatsa da, nəzərdə tutulan prioritetlərin heç də hamısı uğurlu həllini tapmayıb. Müvəkkil bu il qəbul edilməsi nəzərdə tutulan davamlı inkişaf məqsədlərinin daha effektiv həyata keçirilməsi məqsədilə bütün dövlətlərin üzərinə böyük vəzifələr düşdüyünü, hamının kollektiv məsuliyyət daşıdığını və belə tədbirlərin region ölkələrinin qarşılıqlı əməkdaşlığının daha da inkişaf etdirilməsində əhəmiyyətini qeyd edir.
Bildirilib ki, ölkəmizdə insan hüquqlarının ayrılmaz tərkib hissəsi olan qadın hüquqlarının həyata keçirilməsi və təmini dövlət siyasətində mühüm yerlərdən birini tutur. Hazırda qadın hüquqlarına, o cümlədən gender bərabərliyinə, qadın və kişilər arasında bərabərliyin təmin edilməsi üçün bərabər imkanların yaradılmasına dünya miqyasında, o cümlədən respublikamızda da önəm verilir. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası qadın hüquqlarının müdafiəsi üzrə demək olar ki, bütün mühüm beynəlxalq sənədlərə qoşulub, daxili qanunvericilik dünya standartlarına uyğunlaşdırılıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” qəbul edilib və bunun həyata keçirilməsinin əlaqələndirilməsi üzrə işçi qrupunun fəaliyyətinə rəhbərlik ombudsmana tövsiyə olunub. Həmin proqramda qadın hüquqlarının səmərəli təmin edilməsi üçün də xüsusi müddəalar, o cümlədən qadınların əmək bazarında rəqabət qabiliyyətinin artırılması, qadınlar arasında sahibkarlığın inkişaf etdirilməsi, onların yeni peşələr əldə etməsinə yönəlmiş kursların təşkili kimi məsələlər öz əksini tapıb.