Sentyabrın 16-dək deputatlığa 665 nəfərin namizədliyi irəli sürülüb. APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının iclasında sədr Məzahir Pənahov deyib.
Məzahir Pənahov qeyd edib ki, 338 nəfərin namizədliyi partiyalardan, 25 nəfərin namizədliyi “Azadlıq-2015” siyasi partiyalar blokundan, 2 nəfərin namizədliyi təşəbbüs qruplarından verilib. 300 nəfərin namizədliyi fərdi qaydada irəli sürülüb.
Deputatlığa iddiaçılardan 508 nəfərin namizədliyi təsdiqlənib və onlara imza vərəqi verilib.
Transparency.az bildirir ki, noyabrın 1-nə təyin edilmiş parlament seçkisinin təqvim planına əsasən, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri sentyabrın 12-dən oktyabrın 2-dək təqdim edilir. Oktyabrın 12-dək MSK qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahısını açıqlamalıdır. Seçki təşviqatı oktyabrın 9-dan 31-dək aparılacaq.