Avqustun 25-də “Qadın Konsensus Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “KİV-də və sosial mediada qadın mövzusu” adlı tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, İctimai Birliyin rəhbəri Aynur Camalqızı tədbiri giriş sözü ilə açaraq ölkəmizdə gender bərabərliyi məsələsinin dövlətimizin daim diqqətində mərkəzində olduğunu vurğulayıb. Son vaxtlar qadınlara qarşı zorakılıqla bağlı mövzuların KİV-də və sosial mediada geniş işıqlandırıldığını vurğulayan A.Camalqızı cəmiyyət üçün həssas olan belə mövzularla bağlı xəbərlərin çatdırılması məsələlərinin müzakirəsi baxımından tədbirin əhəmiyyətini yüksək qiymətləndirib.
İdarəetmədə və siyasi qərarların qəbulu prosesində qadınların roluna toxunan A.Camalqızı bu prosesdə onların iştirakı ilə bağlı dünya praktikasından, o cümlədən Skandinaviya ölkələrinin təcrübəsindən bəhs edib. O, Azərbaycanda da qadınların ictimai-siyasi fəallığının artırılması istiqamətində görülən işlərdən və qarşıda duran hədəflərdən danışıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bəzən dövlət qurumlarından verilən məlumatların mətbuatda təhrif olunması hallarına da rast gəlindiyini vurğulayıb. O, mətbuatda gender mövzusuna son dərəcə həssaslıq göstərilməsinin, bu məsələyə peşəkarlıqla yanaşılmasının vacibliyini bildirib.
Mətbuat Şurası idarə heyətinin üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu çıxışında Azərbaycanın Yaxın Şərqdə qadınlara seçki və digər konstitusion hüquqlar tanıyan ilk dövlət olduğunu qeyd edib. Azərbaycanın tarixində və ədəbiyyatında qadınların hər zaman diqqət mərkəzində olduğunu vurğulayan U.Rəhimoğlu qeyd edib ki, milli mətbuatımızın əsasını qoyan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin fəaliyyətində də kifayət qədər qadın zəhməti olub. O, sovet dövründə də Azərbaycan qadınlarının “Sovet İttifaqı Qəhrəmanı” və “Sosialist Əməyi Qəhrəmanı” kimi yüksək fəxri adlara layiq görüldüklərini vurğulayıb. Qeyd edilib ki, milli maarifçilik tarixində, dünyəvi təhsilin inkişafında, Azərbaycan qadınının təhsil almasında görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və dəstəyi ilə açılan qızlar seminariyasının da mühüm rolu olub. Bu məktəb müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi idi. Bu gün Azərbaycan mətbuatında özünü rəhbər vəzifələrdə təsdiqləmiş qadınların sayının kifayət qədər çox olduğunu vurğulayan U.Rəhimoğlu deyib ki, bu, böyük göstəricidir.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova, “Report” İnformasiya Agentliyin rəhbəri Murad Əliyev və digərləri çıxışlarında Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən dövlət siyasətində qadınların hüquqlarının təmin edilməsinin prioritet istiqamətlərdən biri olduğunu vurğulayıblar. Çıxışlarda, həmçinin cəmiyyət həyatında fəallığı ilə seçilən, savadlı qadınların imkanlarından istifadə olunmasının əhəmiyyəti diqqətə çatdırılıb, eləcə də mətbuatda qadın mövzusunda xəbərlərin işıqlandırılmasında peşəkar mövqedən yanaşılmasının vacibliyi bildirilib.
Sonra mövzu ətrafında aparılan müzakirələrdə problemin aradan qaldırılması yolları ətrafında müxtəlif fikirlər səsləndirilib.