Jurnalistlərin məzuniyyəti
Yaydır. Məzuniyyətlər başlayıb. Amma jurnalistlərin bir qismi yenə məzuniyyətə çıxa bilməyəcək. Bu məsələ nə vaxt həllini tapacaq? Jurnalistlərin həmkarlar ittifaqı var ümumiyyətlə? Qanun necə? Qanunların icrasına nəzarət etməli olan jurnalistlərin özlərinə münasibətdə qanun işləmir. Media hüquqçuları isə bu məsələni qaldırmırlar. Deyəsən redaktorlarla əlbirdirlər.
Sual aktualdır. Məzuniyyət hüququ Əmək Məcəlləsi ilə tənzimlənir. Əmək Məcəlləsinin 16-cı fəsli bu hüququ tənzimləyir. İşçilərin məzuniyyəti peşəsinə, vəzifəsinə, əmək şəraitinə və əmək müqaviləsinin müddətinə görə fərqli ola bilər.
İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. Staja görə bu müddət arta bilər. Əmək Məcəlləsinin 114-cü maddəsinə görə 21 gündən daha çox məzuniyyət alma hüququ olanların kateqoriyası müəyyən edilib. Redaksiyada müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə 30 təqvim günü məzuniyyət nəzərdə tutulub. Bundan əlavə Əmək Məcəlləsinin 116-cı maddəsi beş ildən on ilədək əmək stajı olduqda — 2 təqvim günü;
on ildən on beş ilədək əmək stajı olduqda — 4 təqvim günü;
on beş ildən çox əmək stajı olduqda — 6 təqvim günü müddətində əlavə məzuniyyət verilməsini nəzərdə tutub. Beləliklə, 21 təqvim günü məzuniyyət almaq hüququ olan jurnalistin 15 il və daha çox stajı varsa ona əlavə 6 təqvim günü də olmaqla cəmi 27 gün məzuniyyət veriləcək. Rəhbər şəxslər və mütəxəssislərdə də 15 ildən çox staj varsa onların məzuniyyətləri 36 təqvim günü olacaq.
Əmək Məzuniyyətindən istifadə etmək istəyən Jurnalist, əmək müqaviləsi bağlandıqdan sonra 6 ay keçdikdə məzuniyyət almaq hüququ əldə edir.
Məzuniyyətin hesablanmasına gəldikdə, jurnalistin son 12 aylıq əmək haqqı toplanır və öncə 12 aya, sonra 30.4 günə bölünür. Alınan rəqəm məzuniyyət gününün sayına vurulur. (Məs. Jurnalistin 27 gün məzuniyyət almaq hüququ varsa və son 7 ay 440 manat, ondan öncəki 5 ay 400 manat maaş alıbsa, (7*440)+(5*400)=3080+2000=5080; 5080\12=423,33; 423,33\30,4=13,93; 27 gün* 13,93= 376,11 manat)
Bu sayılan hüquqlar əmək müqaviləsi ilə fəaliyyət göstərən jurnalistlərə və media içşilərinə aiddir. Jurnalist əmək müqaviləsiz çalışdırılırsa təəssüf ki, onon hüquqları pozulduğundan məzuniyyət hüququ da yaranmır.
Sərbəst işləyən,(freelans) jurnalistlərin də məzuniyyət hüququ yaranmır. Çünki, onlar əmək müqaviləsi olmadan, xidməti müqavilə ilə işləyirlər. Xidməti müqavilədə şəxs sərbəst olduğuna görə və fərdi sahibkar sayıldığına görə özü öz məzuniyyətini tənzimləməlidir.
Əmək Hüquqları pozulan istənilən şəxs Əmək Müfəttişliyinə və məhkəməyə müraciət edə bilər. Heç kim (redaktorlar və onlarla əlbir olan digrləri ))) ) jurnalistin hüququnu poza bilməz. Pozulan hüquqlara görə pozan şəxslərin məsuliyyəti var.