dovlet-sirri
Jurnalist təsadüfən dövlət sirri hesab olan informasiyanı əldə edib yaysa, onu tutarlar?
Dövlət sirri haqqında qanuna görə, dövlət sirri haqqında qanunvericiliyi pozan vəzifəli şəxslər və vətəndaşlar cinayət, mülki və ya intizam məsuliyyəti daşıyırlar.
Cinayət Məcəlləsinə görə, şəxs tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan dövlət sirrini təşkil edən məlumatların yayılması cinayətdir. Azərbaycan Respublikasının vətəndaşı dövlətin suverenliyi, ərazi bütövlüyü, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq dövlət sirrini təşkil edən məlumatı qəsdən xarici dövlətə verərsə, bu əməl dövlətə xəyanət sayılır.
Cinayət Məcəlləsinə əsasən, aşağıdakı şəxslər məsuliyyət daşıyırlar:
- dövlət sirri etibar edilmiş vəzifəli şəxslər və dövlət qulluqçuları;
- Dövlət sirri haqqında Qanunun 20-ci maddəsinə əsasən dövlət sirri ilə işləməyə buraxılmış şəxslər (Qanuna görə bu şəxslər dövlət sirrinin yayılmasının yolverilməzliyi barədə xəbərdar edilirlər);
- xidməti vəzifəsinə və ya işinə görə dövlət sirri olan məlumatları bilən şəxslər.
Xidməti vəzifəsinə və ya işinə görə dövlət sirri olan məlumatları bilənlər elə şəxslərdir ki, onlara dövlət sirri etibar edilməmişdir, lakin öz xidməti vəzifəsinə və işinə görə belə məlumatları almaq imkanları olmuşdur. Belə şəxslər yalnız o halda dövlət sirrini yaymağa görə məsuliyyət daşıyırlar ki, yaydıqları məlumatların dövlət sirri olması onlara məlum olsun. Buraya birinci növbədə dövlət sirri olan məlumatlarla işləyən dövlət orqanlarında və müəssisələrdə çalışan şəxslər daxildir. Tərkibində dövlət sirri sayılmış məlumatlar olan işləri araşdıran əməliyyat işçiləri, təhqiqat və istintaq aparan şəxslər, cinayət, inzibati və ya mülki işlərə qapalı məhkəmə iclasında baxılmasında iştirak etmiş şəxslər (hakimlər, məhkəmə işçiləri, prokurorluq işçiləri, vəkillər, işdə iştirak etmiş digər şəxslər) də bu sıraya aid edilə bilərlər.
Göstərilən şəxslər dövlət sirrini təşkil edən məlumatların yayılmasına görə Mülki Məcəllənin 21-ci maddəsinə əsasən mülki hüquqi məsuliyyət də daşıyırlar.
Dövlət qulluğu haqqında Qanunun 18.0.7-ci maddəsində dövlət qulluqçularının dövlət sirrini və qanunla mühafizə edilən digər sirləri həmişə, o cümlədən işdən çıxdıqdan, istefaya və ya pensiyaya getdikdən sonra da saxlamağa borclu olduqları göstərilib.
Həmin Qanunun 25-ci maddəsində isə qanunun tələblərini pozan dövlət qulluqçularının intizam məsuliyyəti nəzərdə tutulub.
Burdan çıxan nəticə odur ki, jurnalist dövlət sirrini yaymaq, ötürmək üçün qanunsuz yolla əldə edər, yayarsa, məsuliyyət daşıya bilər.