Çəkiliş və icazə
Son illərdə çəkiliş aparmaq lap çətinləşib. Küçədə, məhkəmə qarşısında çəkiliş aparnada, mitinqlərdən, başqa etiraz aksiyalarından reportaj hazırlayanda tez-tez çətinliklə üzləşirik. Adətən kütləvi aksiyalara, məhkəmələrə aidiyyatı olmayan şəxslər, elə bəzən olaya aidiyyatı olan şəxslər deyirlər ki, icazə almısan, çəkirsən? İctimai yerdə çəkiliş üçün icazı almaq lazımdırmı?
İctimai yerlərdə, yəni hamının gələ bildiyi və ya müşahidə edə bildiyi yerlərdə çəkiliş aparan jurnalistin kadra düşən adamlardan icazə almasına gərək yoxdur. İctimai yerlərdə jurnalistin peşə fəaliyyətini yerinə yetirməsinə hər hansı bir məhdudluq qoyulmayıb.
Belə çəkiliş açıq aparılır. Kadra düşənlər görüntülərinin alınmasına açıq olaraq etiraz etmirlərsə çəkiliş aparıla bilər. Hətta etiraz etsələr belə onlar ictimai yerdə jurnalistin çəkiliş aparmasına mane ola bilməzlər. Ancaq onların görüntülərinin yayımlanmasına etiraz etmək hüquqları vardır. Bu halda çəkiliş aparan jurnalist görüntüsünün yayımlanmasını istəməyən şəxsin görüntüsünü çıxararaq materialları efirə verməyi etikdir. Bu qayda olaya aidiyyatı olmayanlara münasibətdə keçərlidir.
Əgər bu görüntünün çıxarılması durumunda jurnalistin çatdırmaq istədiyi məlumat və ya görüntü mahiyyətini itirəcəksə, bu halda jurnalist o şəxsin tanınmaması üçün tədbirlər görərək bu materialların efirə verilməsini təmin edə bilər.
Mitinq, nümayiş və digər kütləvi etiraz aksiyalarından xəbər toplamağa, çəkiliş aparmağa gəlincə, nəzərə almaq lazımdır ki, bu tədbirlər ictimai xarakterli tədbirlərdir. Bu cür tədbirlərdə iştirak edənlər müəyyən məqsədlərinin ictimaiyyət tərəfindən bilinməsi və dəstəklənməsi, yaxud həyata keçirilməsinə təsir edilməsi üçün küçələrə çıxır. Jurnalistin bu cür bilginin toplanması və yayılması üçün kadra düşənlərdən icazə alması tələb olunmur. Açıq kütləvi tədbirlərin iştirakçıları özləri bu aksiyaların keçirilməsi və məqsədləri haqqında bilgilərin kütləvi bilgi vasitələrində getməsində maraqlı olmalıdır. Bu aksiyalar müəyyən məkanda keçirildiyi üçün yalnız bu aksiya iştirakçıları və o aksiyanı görənlər onun mahiyyəti haqqında bilgi əldə edirlər. Kütləvi bilgi vasitələri bu aksiyalarda iştirak edərsə və sonra topladığı bilgini ictimaiyyətə çatdırarsa o zaman çoxlarının bundan xəbəri olacaq və aksiyanı keçirənlər və iştirakçılar öz məqsədlərinə çatacaq. Buna görə də açıq kütləvi tədbirlərdə iştirak edən şəxs iddia edə bilməz ki, aksiya onun şəxsi həyatının tərkib hissəsidir və onun şəxsi həyat sirrinə aiddir. Buna görə də çəkiliş aparmaq üçün açıq kütləvi tədbirlərin iştirakçılarından icazə almaq tələb olunmur.
Açıq kütləvi tədbirlərdə İctimai asayişi qoruyan polis işçilərinin də kadra düşməsi mümkündür. Xüsusilə tədbirə polis müdaxiləsi olduğu hallarda polis işçilərinin lentə alınması qaçılmazdır. Belə hallarda polisin çəkilişi qadağan etməsi əsassızdır.
Çəkiliş zamanı açıq kütləvi tədbirlərdə iştirak etməyən, təsadüfən orada olan şəxslər kadra düşərlərsə, həmin şəxslərin efirdə onları göstərməmək barədə xüsusi tələbləri olarsa bu tələb yerinə yetirilməlidir.