Paytaxtın 450 avtobusunda gediş haqqı vahid ödəmə kartı ilə həyata keçirilir. Novator.az-ın məlumatına görə, Nazirlər Kabinetinin 9 oktyabr iclasında danışan Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli belə deyib. Vüsal Kərimli qeyd edib ki, şəhər və şəhərsalmaya uyğun olmayan xətlər optimallaşdırılıb, daşıyıcıların sayı 57-dən 48-ə, marşrut xətlərinin sayı isə 157-dən 150-yə endirilib: “48 daşıyıcıya məxsus istehsalat bazası təhlil edilib və əksəriyyətinin qaraj və maddi texniki bazasının müasir tələblərə uyğun olmadığı müəyyənləşib. Agentliyin qoyduğu tələblər nəticəsində daşıyıcı şirkətlər 5 yeni istehsalat bazası (qaraj) təşkil edib, 25 ədəd yeni avtobus alıb, 800-dən çox avtobusu isə təmir edərək istismara veriblər.
Hazırda şəhərdə sərnişindaşıma təyinatlı 2 min 124 avtobusdan 468 ədədinin istehsal ili 5 ilə qədər, 1577 ədədinin istehsal ili 6-10 il arası, 79 ədədinin istehsal ili isə 10 ildən çoxdur. Bir avtobusun bir dəfəyə orta hesabla 70-80 sərnişin daşıdığını nəzərə alsaq, təhlükəsiz və keyfiyyətli sərnişindaşıma üçün paytaxtda fəaliyyət göstərən avtobusların 50 faizinin mərhələlərlə yenilənməsi zərurəti var”.
Agentlik başçısı qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində yaradılan “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus 300, digər daşıyıcılara məxsus 150, ümumilikdə 450 avtobusda, həmçinin hava limanı ekspress xəttində və Bakı metropolitenində gediş haqqı vahid ödəmə kartı ilə həyata keçirilir: “Taksi fəaliyyətində şəffaflıq təmin edilib. Fərqlənmə nişanı almaq istəyən hüquqi və fiziki şəxslər müraciət etdikdən 5-7 dəqiqə ərzində fərqlənmə nişanı ilə təmin olunurlar. Hazırda şəhərdə 79 taksi dayanacaq məntəqəsinin yeri müəyyənləşdirilib və 150-sinin təşkili üzrə işlər aparılır.
Heydər Əliyev Beynəlxalq Aeroportunda xarici qonaqlara, ölkə vətəndaşlarına göstərilən taksi xidmətinin keyfiyyətinin artırılması məqsədilə “Airporttaxi” konsepsiyası hazırlanıb, hava limanında xidmət edən taksilərə və onların sürücülərinə dair xüsusi tələblər müəyyən edilib. Hazırda bu istiqamətdə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə işlər görülür.
Vüsal Kərimli bildirib ki, nəqliyyat axının optimallaşdırılması üzrə işlərin davamı olaraq şəhərin 9 küçəsində avtobusların xüsusi hərəkət zolaqlarının təşkil edilməsi planlaşdırılıb. Onun sözlərinə görə, pilot layihə olaraq Məhəmməd Füzuli və Yusif Səfərov küçələrində xüsusi zolaqların çəkilməsi təmin olunub.
Baş direktor onu da qeyd edib ki, tıxacların qarşısının alınması məqsədilə “Koroğlu” metro stansiyasının yaxınlığında və Lökbatan qəsəbəsində layihələndirilmiş nəqliyyat mübadilə mərkəzləri artıq fəaliyyət göstərir: “Dərnəgül”, “Avtovağzal” və “28 May” metro stansiyalarının yaxınlığında da analoji qovşaqların təşkili planlaşdırılır.
Paytaxtın mərkəzi hissələrində sərnişin-piyada təhlükəsizliyini təmin etmək məqsədilə 1100 ədəd piyada keçidinin monitorinqi aparılıb, bunlardan 398-nin yenidən planlaşdırılaraq salınması nəzərdə tutulur. Sağlamlıq imkanları məhdud insanların istifadə etməsi mümkün olmayan 32 ədəd yeraltı piyada keçidinin, pandussuz səkilərin vəziyyəti araşdırılıb və 534 ədəd səkidə pandusun təşkili üçün satınalma prosedurlarına başlanıb. Bu baxımdan piyada keçidlərində işıqforların və sərnişin təhlükəsizliyi üçün məlumatlandırıcı yol nişanlarının quraşdırılması zəruridir.
74 yol kəsişməsində, Tbilisi prospektində dörd əsas kəsişmədə, Şərifzadə küçəsində, Heydər məscidi qarşısında, üçüncü mikrorayon dairəsində, Həsənoğlu-Təbriz küçələrinin kəsişməsində nəqliyyat problemlərinin aradan qaldırılması, “20 Yanvar” dairəsində nəqliyyat axını və sərnişin-piyada təhlükəsizliyinin yaxşılaşdırılması üzrə az investisiya tələb edən layihələr, habelə 17 ədəd yerüstü keçidin tikilməsi ilə bağlı təkliflər hazırlanıb”.