Dünyanın 40-dan çox ölkəsinin hərbi komandanının iştirakı ilə Ukrayna üzrə xüsusi qrup yaradılıb.
Novator.az xəbər verir ki, qrupun yaradılması haqda qərar həmin komandanların aprelin 26-sı ABŞ Hərbi Hava Qüvvələrinin Almaniyanın Ramştayn şəhərindəki aviasiya bazasında keçirdiyi toplantıda verilib.
Birbaşa Rusiya-Ukrayna müharibəsinə həsr olunan, rus işğalına qarşı mübarizədə Ukraynaya nizamlı, koordinasiyalı şəkildə hərbi dəstək verilməsi məsələlərinin müzakirə edildiyi toplantı ABŞ-ın müdafiə naziri Lloyd Ostinin təşəbbüsü və rəhbərliyi ilə keçirilib.
Yeni yaradılan qrupa da ABŞ rəhbərlik edəcək.
Lloyd Ostin mediaya açıqlamasında şərti olaraq bu birliyi koordinasiya qrupu adlandırıb.
O bildirib ki, Ukrayna müharibəsinin dəyişən xarakterinə operativ reaksiya vermək üçün qrupa daxil olan ölkələrin müdafiə nazirləri, digər hərbi liderləri hər ay toplaşacaq, həm canlı, həm də virtual müzakirələr aparacaqlar: “Qrup xoşməramlı ölkələrə öz səylərini gücləndirmək, yardımlarını əlaqələndirmək, həm bugünkü savaşda, həm də gələcək mübarizədə qələbəyə köklənmək üçün yardımçı rol oynayacaq”.
Lloyd Ostin hazırda NATO üzvlərinin və alyansın üzvü olmayan bəzi dövlətlərin qoşulduğu qrupa gələcəkdə daha çox ölkənin cəlb ediləcəyini də söyləyib.
2014-cü ildə Ukraynanın Krım yarımadasını tam, Donbas bölgəsini qismən işğal edən Rusiya 2022-ci il fevralın 21-də bu ölkəyə qarşı yeni təcavüzə başlayıb, fevralın 24-dən isə orada total hərbi əməliyyatlar aparır.
Mənbə: Nytimes.com