
Övladları Eldar Həsənova birgə məktub yazıblar
- 09 Oktyabr 2025
- comments
- Novator.az
- Posted in ManşetXəbər
Oktyabrın 10-u hazırda həbsdə olan dövlət xadimi, hüquqşünas alim Eldar Həsənovun 70 yaşı tamam olur. Bu münasibətlə onun övladları – Səbinə Hüseynova, Emilya Qurbanova və Anar Həsənov Eldar Həsənova birgə məktub yazıblar. Məktubu təqdim edirik.
Əziz, dəyərli və sevimli atamızın 70 illik yubileyinə
ÖVLAD TƏBRİKİ
Əziz və dəyərli, qürurlu atamız!
Yaşadığımız bir ömürdə üstümüzdə heç bir ölçüyə sığmayan əməyi, haqqı olan ATAMIZ!
Heç vaxt doğum gününü keçirməyi sevməyən, taleyinin nəsib etdiyi 65 və 70 yaşını həbsdə keçirən, hər kəsi təəccübləndirən, səbir göstərən, sərt ağrılara dözən, polad iradə sahibi, kəsdiyi duz-çörəyə, əqidəyə bu gün də sadiq qalan ATAMIZ!
İcazə ver ömrün boyu çox əziyyətini çəkdiyin üç övladın olaraq böyük ailəmiz adından səni doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edək.
Sənə sağlıqlı, uzun ömür arzulayaq. Uca Allahımızdan ilk növbədə səhhət və sağlamlığını qorumaq, tez bir zamanda ailəmizə, əzizlərimizə qovuşmağı və rəbbimizin qismət etdiyi qalan ömrünü bizimlə birlikdə olmağı arzu edirik.
ƏZİZ ATA!
Sən və anamız biz övladları vətəni sevməyi, əxlaq və ləyaqət, ədəb-ərkan çərçivəsində, milli ruhda böyütdünüz, bizi elmə, kitablara, mütaliəyə öyrətdiniz, təhsilə yönəltdiniz. Bakıda ali təhsilimizi müvəffəqiyyətlə başa vurub Böyük Britaniyada, Almaniyada, İsveçrədə təhsilimizi uğurla davam etdirdik. Bu gün üç övladından ikisi elmlər doktoru, biri isə elmlər namizədidir. Bu uğurumuza görə sənə borcluyuq.
Harda təhsil aldıqsa, harda yaşadıqsa doğma vətənimizlə, azərbaycanlılığımızla, böyüdüyümüz ailəmizlə, aldığımız tərbiyə ilə qürur duyduq. Səndən üzr diləyirik – bu gün isə bizim üç övladımız, daha doğrusu, sənin oğul nəvələrindən üçü Londonda, Roma və Vyanada dövlət universitetlərində uğurla təhsil alır. Bunlar sənin verdiyin tərbiyənin, öyüd-nəsihətin, bizə göstərdiyin yolda yürüməyimizin nəticəsidir, Ata!
Bu sevincimizi sənin doğum günündə əhval-ruhiyyənin cüzi də olsa yüksəlməsi və sənin çətin vəziyyətində bir az da sevinməyin üçün yazırıq.
Axı sən özün Azərbaycanımızın, Qarabağımızın ən ucqar rayonunda zəhmətkeş bir müəllim ailəsində dünyaya göz açdın, zəhmətlə böyüdün, bütün şüurlu həyatını təhsilə, mütaliəyə, elmə həsr etdin. Həyatda bütün nailiyyətlərə öz alın tərinlə nail oldun. Hüquq elmləri doktoru, professor elmi səviyyəsinə yüksəldin. Bu gün 29 kitab müəllifisən, 5 dərslik, 3 dərs vəsaiti, Cinayət-Prosessual Məcəllənin 3-cü fəslinin müəllifisən. 5 Avropa universitetinin fəxri doktorusan. Serbiya Kral Akademiyasının üzvüsən. 32 illik pedaqoji stajın var. Azərbaycanımızda ən gənc polis rəisi vəzifəsinə (27 yaşında), ən gənc general rütbəsinə yüksəlmiş (38 yaşında), ən gənc Baş prokuror təyin olunmuş məmur oldun (39 yaşında). Prokurorluq tarixində həmin orqandan diplomatiya sahəsinə gedən yeganə səfir oldun və 20 il bu sahədə çox böyük uğurlara nail oldun.
Çox təəssüflər olsun ki, bütün bu uğurları həzm etməyən xəbis, fürsətcil və hələ də sədaqət imtahanından keçməyən 1-2 nəfər gedib ölkə rəhbərliyinə yalan, uydurma, qondarma məlumatlar verdilər və çox-çox təəssüflər olsun ki, müvəqqəti də olsa inandırmağa nail oldular. Amma inan və əmin ol ki, tarixi, keçmişi unutmayan Müzəffər Ali Baş Komandanımız, hörmətli Prezidentimiz İlham Əliyev gec də olsa öz ədalətli qərarını verəcək. Biz buna inanırıq!
Möhtərəm Prezidentimizin özünün dediyi kimi: “Heç vaxt ədalətə olan inamınızı itirməyin!” Axı özün də tarixdən çox gözəl bilirsən ki, haqq nazilər, uzülməz. İnşallah, biz də o günü səbirsizliklə gözləyirik.
Sənin məhkəmə prosesində əvvəldən-axıra iştirak edərək şahid olduq ki, məhkəmədə son sözlə çıxış edəndə dediyin kimi: “Son 28 ildə Ulu Öndər Heydər Əliyev ideyalarına, onun davamçısı olan İlham Əliyev siyasətinə heç bir vaxt, heç bir halda dönük çıxmaram, bu illərin sınağından çıxmış sədaqətli mövqeyim məzara qədər də dəyişən deyil”.
Heç bir mötəbər sübuta, dəlillərə, şahid ifadələrinə əsaslanmayan, verilmiş ittihamlar üzrə heç bir sənəddə imzan olmamasına baxmayaraq, ədalətsiz, qanunsuz verilən 10 il həbs cəzası elan olunanda da məhkəmə salonunda dönüb ailə üzvlərinə gülə-gülə baxıb: “Mənim son sözümdə dediklərimi unutmayın” deyib, məhkəmə salonundan aparıldın. Hər dəfə o qeyri-adi səhnəni xatırlayanda deməyə söz tapmırıq, donub qalırıq.
Bu il artıq 6-cı ildir ki, həbs illərinin bütün sərt ağrı-acılarına əzablarına baxmayaraq, həmin əqidəni təsdiqləyirsən. Bu qeyri-adi xarakterə, iradəyə, dözümə, səbrə, dəyişməyən əqidəyə görə sənə minnətdarıq, ATA!
Dəyərli və səxavətli ATAMIZ!
Sənin və ailəmiz üçün çox önəmli olan bir epizodu 70 illik yubileyində sənə də xatırlatmaq istərdik. 33 il bundan əvvəl – 1992-ci ildə Birinci Qarabağ müharibəsində döyüş bölgəsində aldığın güllə yarasından Bakıda xəstəxanada müalicə aldığın vaxt o zamankı daxili işlər naziri səni Gəncə Şəhər Polis İdarəsinin rəisi vəzifəsindən azad edərkən iclas iştirakçılarının yanında demişdi ki: “İndi getsin Naxçıvanda Heydər Əliyevin yanında çalışsın!” O zamanlar biz orta məktəbdə 8-9-cu siniflərdə oxuduğumuzdan bizdən hamı soruşurdu: “Atanız indi Naxçıvanda işləməyə gedir?!” Biz Gəncədə yaşayarkən sənin tez-tez Naxçıvana gedib-gəldiyini anamızdan öyrənirdik. Bir dəfə işdən çıxarıldıqdan sonra Bakıya gələrkən səndən “Ata, bizi də Naxçıvana aparırsan?” deyə soruşduq. Sənin – heç vaxt iş haqqında danışmayan adamın o vaxt gülə-gülə bizə dediyin kəlmələri olduğu kimi xatırlayırıq:
“Yox, övladlarım, belə bir məsələ yoxdur, amma bugünkü xaos, hərc-mərcliyin baş alıb getdiyi, torpaqlarımızın ard-arda işğal olunduğu bir vaxtda Naxçıvanda Ali Məclisin sədri Heydər Əliyev ölkəni dağılmaqdan xilas etmək üçün xalqın mütləq əksəriyyətinin xahişi və tələbi ilə Bakıya gələcək. Əgər Heydər Əliyev mənə desə Naxçıvana get, ora da gedərəm, desə get döyüş bölgəsinə, ora gedərəm”.
Sənin ağzından çıxmış və xatirələrimizdə dərin izlər buraxmış bu ifadələrini təbrik məktubumuzda sənə də xatırlatmaq istədik. Belə də oldu, Ulu Öndər Heydər Əliyev Azərbaycana yenidən rəhbər gəldi. Heç iki gün keçməmiş səni dəvət etdi, nə söhbət etdiyinizi anamız da daxil heç birimiz bilmədik. Az bir müddət sonra sən İnterpolun rəisi vəzifəsindən Baş prokurorun 1-ci müavini vəzifəsinə təyin olunanda evə gələrkən səni təbrik edərək zarafatla “Ata, daha Naxçıvana gedəsi olmadın?” deyə sual verdik. Bizə qısa cavab verdin: “O vaxt məndən soruşanda sizə cavab vermişdim. Dediklərimin hamısı təsdiq olundu! Bundan sonra ölkəmiz üçün hər şey daha gözəl olacaq. Bundan əmin ola bilərsiniz!” Amma o anlar yaşanarkən heç vaxt ağlımızın ucundan da keçməzdi ki, nə zamansa sən həbsdə olacaqsan və biz sənə yubiley təbrikini həbsxanaya göndərəcəyik.
O da heç zaman unudula bilməz ki, müstəqilliyimizin, müstəqil dövlətimizin, hakimiyyətimizin ən ağır, ən çətin anlarında, günlərində bəziləri qorxub arxa qapıdan qaçanda sona qədər müstəqil dövlətimizin xilaskarı, onun qurucusu və memarı Ulu Öndərimiz Heydər Əliyevin yanında durdun, öz imzanla qərarlar qəbul etdin. Müstəqilliyimiz, dövlətimiz, hakimiyyətimiz şər qüvvələrdən, qardaş qırğınından, vətəndaş müharibəsindən qurtuldu və milli birliyimizin təməli qoyuldu. Bu, bizim yaxın tariximizdir. Heç şübhəsiz ki, möhtərəm Prezidentimiz bunları yaxşı bilir, yaddan çıxarması da mümkün deyil!
Bu sədaqəti başına nələr gəlməsindən asılı olmayaraq mərdliklə, qürurla, ləyaqətlə qoruyub saxlayan nadir insanlardan oldun, ƏZİZ ATAMIZ! Bu prinsiplərlə də 44 il peşəkar, yorulmaz, tükənməyən bir enerji və həvəslə dövlətimizə xidmət göstərdin.
Bu il müstəqil Azərbaycanımızın 30 illik yubileyini qeyd etdiyimiz ilk Konstitusiyasının hazırlanması və referendum yolu ilə qəbul olunması təşəbbüsü və onun həyata keçirilməsinə rəhbərlik məhz Ulu Öndərimiz Heydər Əliyevə məxsusdur. Həmin Konstitusiyanı hazırlayan, peşəkar hüquqşünaslardan ibarət komissiyanın bir üzvü də sən olmusan, ƏZİZ ATA! Düşünürük ki, bu tarixi faktı da unutmaq mümkün deyil.
Vəkilinin müraciəti əsasında Avropa İnsan Haqları Məhkəməsi öz qərarını verdi. Həbsinin qanunsuz və əsassız olduğunu rəsmən elan etdi. Ertəsi gün Azərbaycan mətbuatından sənə ünvanlanan suala birmənalı cavabın belə oldu: “Mənim üçün bu qərarın heç bir önəmi və əhəmiyyəti yoxdur. Mən vətəndaşı olduğum öz ölkəmin məhkəməsinin qanuni, obyektiv, ədalətli qərar verəcəyinə ümid edirəm”. Təəssüf edirik ki, belə bir nəticə olmadı. Eyni zamanda həbs olunandan sonra 2 dəfə sənə təklif olunan siyasi məhbus adından “Mənim siyasətim 08.01.1992-ci ildə şüurlu seçim etdiyim Heydər Əliyev siyasətidir” deyərək imtina etməyin səni tanımayanları, hətta ailə üzvlərimizi, doğmalarımızı heyrətləndirdi.
Etiraf edək ki, son 32 ildə belə bir yanaşma və ləyaqətli davranış yeganə haldır. Sən yaşına, səhhətindəki ciddi problemlərə, mənəvi-psixoloji əzablarına baxmayaraq qarşılaşdığın ədalətsizliklərə duruş gətirib kimliyini, dövlətimizə sevgini, qürur və əqidəni öz əməli davranışınla hər kəsə sübut etdin. Düşünürük ki, başqa şərhə ehtiyac yoxdur.
DƏYƏRLİ ATAMIZ!
Yaşadığın 70 ilin 20 ilini Azərbaycanımızı 4 Avropa ölkəsində fövqəladə və səlahiyyətli səfir kimi sıfırdan başlayaraq təmsil etdin. Çalışdığın 4 ölkədə vətənimizi, onun qədim tarixini, mədəniyyətini, ədəbiyyatını, Qarabağ həqiqətlərini tanıtdın. Ulu Öndərimiz Heydər Əliyevi – onun keçdiyi həyat yolunu, tarixi uğurlarını həmin ölkələrin ictimaiyyətinə, ziyalılarına, elmi xadimlərinə tanıtdırdın, sevdirdin. Ulu Öndərimiz Heydər Əliyev 2003-cü ilin dekabr ayının 12-də dünyasını dəyişəndən az müddət sonra onun adını ilk dəfə Azərbaycan hüdudlarından kənarda – Buxarest şəhərində 10,2 hektar ərazisi olan qədim Tey parkında, dövlətimizin 1 manatını da sərf etmədən, yalnız ailəmizin şəxsi imkanları hesabına əbədiləşdirdin. Açılış möhtərəm Prezidentimiz İlham Əliyevin, Rumıniyanın o vaxtkı Prezidenti mərhum İon İlieskunun iştirakı ilə keçirildi. Həmin tədbirdə biz də ailə üzvləri olaraq iştirak edirdik. Sonradan o bölgədə yaşayan əhalinin razılığının alınması yolu ilə həmin Tey parkının adının dəyişdirilib Heydər Əliyev Xiyabanı adlandırılmasına nail oldun. Yeri gəlmişkən, dost Rumıniya ərazisində bu günə qədər Şarl de Qoll və böyük Atatürkdən sonra yalnız Ümummilli Liderimiz dahi Heydər Əliyevin büstü qoyulub. Elə həmin il Rumıniyanın dövlət universitetində Avropada çox nadir rast gəlinən bir addım ataraq Heydər Əliyev təqaüdünün təsis olunası barədə yerli hökumətin qərarının alınmasına nail odun.
Eyni xidməti keçmiş Yuqoslaviyanın, indiki Serbiyanın paytaxtı Belqrad şəhərində həyata keçirdin. Əsl xidmət, əsl sədaqət budur!
ƏZİZ ATA!
Sənin çox sevdiyin Qabriel Qarsia Markesin dediyi kimi: “Bütün tarixlərdə, dövrlərdə saxta sözlə əməli seçmək çox çətin olub. Təəssüf ki, seçəndə artıq çox gec olub. Nəticədə isə yalanların qurbanları vicdanlı insanlar olub”. Belə halda bəzən düşünürük ki, ilahi, belə ağrılı, acılı, təzadlı, zərərli bir düşüncəni niyə bu gün də yaşayırıq?! Axı biz qüdrətli dövlətik, qalib xalqıq!
ƏZİZ ATA!
70 illik yubileyin münasibətilə, nə qədər ağır olsa da, qürurla çalışdığın ölkələrdə etdiyin xidmətlərdən heç olmasa bir qismini özümüz üçün xatırlamaq, sənin də yadına salmaq istərdik:
– Müqəddəs Qurani-Kərimi dostun, professor Mustafa Əliməhmədlə birlikdə tarixdə ilk dəfə rumın dilinə tərcümə etdirib orda yaşayan 300 minə yaxın müsəlman-türk, tatar qardaşlarımız üçün ödənişsiz paylanmasını təşkil etdiniz;
– Türk dünyasının tarixi pasportu olan “Kitabi Dədə-Qorqud” kitabını, dahilərimizdən M.Füzulinin seçilmiş əsərlərini, İ.Nəsimini, H.Cavidi, Ü.Hacıbəyovu, B.Vahabzadəni, sevimli ədiblərimizdən yazıçı Anarı, Elçin Əfəndiyevi, Çingiz Abdullayevin əsərlərini, şairlərimizdən B.Vətənoğlunun, R.Rövşənin seçilmiş şerlərini çalışdığın ölkələrin dillərinə tərcümə etdirib, təqdimat mərasimləri keçirərək həmin ölkələrdə tanıtdın, hər birini həmin ölkələrdə sevdirdin;
– Belqrad şəhərində səfirliyimizdən başlayan küçəyə böyük şairimiz Bəxtiyar Vahabzadənin adının verilməsinə nail oldun;
– Belqrad şəhərində Balkan Mədəniyyət Mərkəzi yaratdın;
– Çalışdığın 4 ölkədən 3-də Xocalı soyqırımını parlament qərarlarını alaraq tanıtdırdın. Həmin 4 ölkədən 3-ü ilə Azərbaycanın strateji tərəfdaşlıq, 1 ölkə ilə isə dostluq-əməkdaşlıq münasibətlərinin qurulmasında xüsusi xidmətlər göstərdin;
– Çalışdığın ölkələrdə möhtərəm cənab Prezidentimiz İlham Əliyevin layiq olduğu ən ali dövlət mükafatları ilə təltif olunmasına nail oldun;
– Buxarest şəhərində yaşayan müsəlmanların, türklərin dəfnlərinin islam adət-ənənəsinə uyğun olaraq həyata keçirilməsi üçün çox hörmətli, Azərbaycan sevdalısı dəyərli Tamer Atalayla birlikdə Müsəlman-Türk qəbiristanlığının təşkil olunması üçün dövlət, yerli hökumət, bələdiyyə qərarları ilə İlk dəfə olaraq ərazi alıb oranı abadlaşdırdınız. Bu gün də Buxarestdə dünyasını dəyişən müsəlmanlar həmin qəbiristanlıqda dəfn olunurlar.
Bu xidmətlərin heç birində heç bir dövlət və qeyri-dövlət qurumunun, yaxud ayrı-ayrı şəxslərin hər hansı maddi dəstəyi olmadığı da hər kəsə bəllidir.
Bizim üçün nə qədər ağır olsa da, doğum günündə təbrik məktubumuzda qeyd etdiyimiz bu xidmətlərini ona görə sadalayırıq ki, özün də göstərdiyin xidmətləri xatırlayıb əzab çəkdiyin mühitdən, sərt ağrılardan az da olsa mənən uzaqlaşasan. Axı sən çox dözümlü və polad iradəli adamsan!
ƏZİZ ATA!
Barəndə verilmiş qanunsuz, ədalətsiz qərarlar, səhhətinin ağır vəziyyətdə olması, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin ixtisaslaşmış, təcrübəli həkimləri sənin saxlanıldığın yerə müayinə və müalicəyə buraxmaması, 70 yaşlı bir insanın 6-cı ildir hələ də həbsdə saxlanılması haqqında nə biz övladlara, nə qohum-əqrəbaya, hətta hüquqlarını müdafiə edən peşəkar, təcrübəli vəkillərinə mətbuatda, internet platformalarında hər hansı bir müraciət, şikayət yaymasına artıq 5 ildir ki, icazə vermirsən. Son görüşümüzdə dediyin “Mənim barəmdə ictimailəşdirilən hər hansı bir əsaslı şikayət dövlətimizin nüfuzuna xələl gətirər” sözləri bizi göz yaşlarına qərq etdi. Ən ağır, məşəqqətli vəziyyətində də kimliyini, dövlətçiliyimizə bənzərsiz münasibətini görsək, anlasaq da, biz də səninlə birlikdə çox pis mənəvi-psixoloji əziyyət çəkirik.
ƏZİZ ATA!
Birinci Qarabağ müharibəsində nizami ordumuz olmadığı dövrdə bütün ağırlıq yerli əhalinin və Azərbaycan polisinin üzərinə düşürdü. O illərdə əvvəldən sonadək (atəşkəsə qədər) Qazaxdan Naxçıvana demək olar ki, bütün döyüş bölgələrində oldun. Dəfələrlə yaralandın. Həyatının həmin şərəfli səhifələri döyüşlərdə keçdi. Düşünürük ki, həmin dövrü yaşayan insanlar arasında bu faktları bilməyən az adam tapılar. VƏTƏNPƏRVƏRLİK, VƏTƏNƏ XİDMƏT HEÇ VAXT UNUDULMUR, ATACAN!
ƏZİZ ATA!
70 illik ömrü yurd, vətən sevgisi, vətənə, dövlətimizə vicdanlı xidmətlə yaşadın, yaratdın, yazdın! O ağır şəraitdə, sərt ağrılar altında sən də gördüyün işləri, etdiyin xidmətləri xatırlayaraq özünə təsəlli ver, yalvarırıq sənə!
İnşallah, bu il, 32 ildən sonra doğma Qarabağımızı, Azərbaycanımızın dilbər guşəsi, ana yurdumuz Kəlbəcəri biz səninlə birlikdə ziyarət edəcəyik. Ulularımızın məzarlarını ziyarət edəcəyik. Doğulub boya-başa çatdığın yerləri görəcəksən. Uşaqlıq illərini xatırlayacaqsan, birlikdə sevinəcəyik.
Ata, bizə dediklərin, yazdıqların hamısı tarixi həqiqətlərdir. Yaxın tariximizdə müstəqil Azərbaycan dövlətinin xilaskarı və memarı Ulu Öndərimiz Heydər Əliyevdirsə, tarixi torpaqlarımızı erməni işğalından cəmi 44 + 1 gün (antiterror əməliyyatı) ərzində öz dərin zəkası və cəsarəti ilə, qəhrəman ordumuzun gücü, şəhidlərimizin canı, qazilərimizin qanı bahasına (Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!) xilas edən, ərazi bütövlüyümüzü, suverenliyimizi tam təmin edən Müzəffər Ali Baş Komandanımız, hörmətli Prezidentimiz İlham Əliyev oldu. Bu isə qalib bir millət olaraq hər birimizin əbədi qürur tariximizdir!
Ata, övladların olaraq bir həqiqəti də diqqətinə çatdırmağı özümüzə borc bilirik. Tam əmin olasan ki, 1993-cü ildən 2020-cil ilə qədər və həbs olunduğun 13 avqust 2020-ci ildən bəri, bizim üçün çox ağır keçən dövrün 6-cı ilində biz övladların, ailə üzvlərimiz, qohum-qardaşların, aranlı-dağlı Qarabağımızdan olan şəcərəmizdən, dostlarımızdan, kimin harada çalışmasından, yaşamasından asılı olmayaraq bir nəfər də olsun, təkrar edirik, bir nəfər də olsun Ulu Öndərimiz Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyevin siyasi xəttinə qarşı çıxan, etiraz edən olmayıb, ola da bilməz! Əksinə, hər yerdə məhdud imkanlar çərçivəsində sözümüzlə, yazılarımızla, əməllərimizlə, davranışlarımızla dəstək olmuşuq və sənin məhkəmədə dediyin son sözündə olduğu kimi məzara qədər sadiq qalacağıq!
DƏYƏRLİ ATAMIZ!
Özümüzü dərk edəndən bəri sən demək olar ki, heç vaxt doğum gününü qeyd etmədin. Hətta 60 yaşında – biz nə qədər xahiş etdiksə də, sən yenə razılaşmadın.
Taleyin acılığına bax ki, 65 və 70 yaşını dəmir barmaqlıqlar arxasında, soyuq divarlar arasında keçirdin… Bizə əzab verən, gecələr yuxumuzu qaçıran, ürəyimizi parçalayan səbəblərdən biri də budur – sənin kimi ləyaqətli bir insanın, bir atanın, bir alimin həbsxana şəraitində saxlanılması….
Dövlətimiz üçün, Prezidentimiz üçün bu qədər xidmətləri olmuş, Heydər Əliyevin yaxın silahdaşlarından, Baş prokurorlardan, səfirlərdən, bu il 30 illiyini qeyd etdiyimiz Konstitusiyamızı yazan komissiyanın üzvlərindən yeganə həbsdə olan sənsən, ATA! Ümid edirik ki, nəhayət, bütün bunlar nəzərə alınacaq.
Yenə də Uca Allahdan sənə səbir, güc və şəfa diləyirik. Dualarımız hər gecə sənin adınla başlayır, sənin adınla bitir. Ümid edirik ki, bu doğum günündə səninlə həbsxana şəraitində sonuncu dəfə görüşəcəyik, çünki biz inanırıq: tezliklə azadlığa qovuşacaqsan. İnanırıq ki, möhtərəm cənab Prezidentimiz bizim haqq səsimizi eşidəcək, ədalətli qərarını verəcək və azadlığına qovuşaraq nəhayət ki, ixtisaslaşmış, peşəkar həkimlər vasitəsilə müayinə və müalicə olunacaqsan.
O gün gələcək – biz hamımız bir süfrə ətrafında, sən başımızda, sənin gülümsəyən gözlərinlə, sənin danışan qəlbinlə bir yerdə olacağıq. Yarımçıq qalmış tədqiqatların, yazıların, elmi araşdırmalarına yenidən davam edəcəksən.
Sən yenidən yazacaqsan, yenidən yaradacaqsan, yenidən yaşayacaqsan – çünki sən bizim ürəyimizin bir parçasısan, əziz atamızsan.
Uca Allah sənə yar olsun, yardımçın olsun, yolunu işıqlandırsın…
Sonda Ulu Öndərimiz Heydər Əliyevin sənə ünvanladığı təşəkkür məktubunu da təbrik məktubumuza əlavə etməyi və sənə göndərməyi özümüzə borc bilirik.
Səni bütün varlığımızla sevən, hər nəfəsində sənin üçün dua edən övladların:
Hüseynova Səbinə Eldar qızı,
Qurbanova Emilya Eldar qızı,
Həsənov Anar Eldar oğlu.