ABŞ-ın “Foreign Affairs” jurnalında “İranın təhlükəli dönüş yolu. Tehran üçün çıxış yolları azdır, ən yaxşı variantı isə Çindən asılıdır” başlıqlı təhlil dərc olunub. Novator.az-ın məlumatına görə, yazıda qeyd olunur ki, son bir ilin ağır itkiləri İranın böyük strateji planlarını alt-üst edib: “Fələstinin Qəzza bölgəsində HƏMAS təşkilatının (İslami Müqavimət Hərəkatı) məhv həddinə çatdırılması, Livanda “Hizbullah” qrupunun sıradan çıxarılması, Suriyada Bəşər Əsəd rejiminin çökməsi Tehranın İsraili hədəf almaq üçün güvəndiyi əsas dayaqları aradan qaldırıb. Ona görə də İsrail 2025-ci ilin iyun ayında 12 günlük müharibəni bölgədə genişlənmə təhlükəsindən çəkinmədən apara bildi. Bu müharibə İranın çəkindirici gücü barədə illərlə formalaşmış təsəvvürü dağıtdı – Tehran öz ərazisinə yönəlmiş açıq, birbaşa hücumlara effektiv cavab verə bilmədi”.
İranı nüvə silahı hazırlamaq niyyətində ittiham edən İsrail 2025-ci il iyunun 13-dən bu ölkəyə qarşı kəskin hərbi hava və raket hücumları aparıb. İyunun 22-də ABŞ da hava hücumlarına qoşulub, İranın əsas nüvə təsisatlarına zərbələr endirilib. İyunun 23-də atəşkəs razılığına gəlinib.
“Foreign Affairs” qeyd edir ki, iyun zərbələri İranın hava hücumundan əsas müdafiə sistemlərini sıradan çıxarıb, ballistik raket imkanlarını zəiflədib, nüvə proqramını geriyə atıb: “İran rejimi itirilmiş gücünü bərpa etməyə çalışacaq. Amma 2023-cü ilin oktyabrında HƏMAS-ın İsrailə hücumundan sonra bölgədə yaranmış yeni reallıqlar, İsrailin davamlı hərbi üstün mövqeyi Tehranın imkanlarını xeyli daraldıb. O nə “Hizbullah”ı yenidən silahlandıra, nə də nüvə silahına doğru sürət götürə bilir. İran öncə öz ərazisinin müdafiəsini gücləndirməlidir, əks halda rejim daha böyük risk qarşısında qala bilər”.
Məqalədə bildirilir ki, İranın yaxın perspektivdə əsas məqsədi hərbi müdafiəni bərpa etməkdir və bu yolda ən real tərəfdaş Çin görünür: “Pekin uzun müddət Yaxın Şərqdə tərəflər arasında balansı qorumağa çalışıb, amma indi vəziyyət dəyişir. İsraillə ərəb dövlətləri arasında gərginliyin artması, xüsusilə sentyabrın əvvəlində İsrailin Qətərdə HƏMAS rəhbərliyini hədəf alması Çini Tehranla əməkdaşlığı genişləndirməyə sövq edə bilər”.
Təhlildə Suriyaya da yer ayrılır: “Bəşər Əsəd rejiminin 2024-cü ilin dekabrında devrilməsi və Dəməşqin yeni rəhbərliyinin anti-İran mövqeyi Tehranın bölgədəki ənənəvi strategiyasını iflic edib. Onilliklər ərzində Suriya “Hizbullah”a raketlər verib, İranın silah karvanlarına tranzit yol açıb. İndi prezident Əhməd əş-Şəraa İrana açıq etiraz edir, Türkiyə ilə tərəfdaşlıq qurur, İran dəstəkli qrupları Suriyada sabitliyi pozmaqda suçlayır.
Düzdür, Suriya hökumətinin ölkəni tam nəzarətə götürməsi çətindir. İran daxili parçalanmalardan istifadə edə – rejimdən narazı qrupları pulla və ya silahla dəstəkləyə bilər. ABŞ qoşunlarının Suriyadan çıxmasının Tehranın imkanlarını daha da artıracağı istisna olunmur.
Amma İranın Suriya üzərindən Livana silah ötürmək imkanı məhduddur. Hava və dəniz yolları İsrail üçün asan hədəflərdir. 2024-cü ildə İsrailin zərbələri “Hizbullah”ı zəiflədib, təşkilat silahı yerə qoymaq təzyiqi altındadır”.
Yazıda İranın itirdiyi təsir imkanlarını nüvə silahına yönəlməklə kompensasiya edə biləcəyi vurğulanır: “İranın xeyli zənginləşdirilmiş uranı və texniki bilikləri var. Gizli obyektlərdə uranı daha yüksək səviyyədə zənginləşdirə bilsə, İranın həftələr içində nüvə silahı istehsalına başlaması mümkündür. Lakin bu, rejim üçün təhlükəli addımdır. İsrailin geniş kəşfiyyat imkanları hər hansı addımı dərhal aşkarlaya, yeni hücumlar isə ölkəni daha ağır zərbələr altında qoya bilər. Nüvə silahı özlüyündə çəkindirici güc yaratmır – etibarlı hava müdafiəsi və hərbi dayaqlar olmayanda həmin arsenal da hədəfə çevrilir.
İran 12 günlük müharibədə İsrail şəhərlərini vurmağa cəhd etsə də, raketlərin əksəriyyəti zərərsizləşdirildi. İsrail ardınca İrana məxsus raket qurğularını da məhv etdi. Bu, Tehranın əks-hücum imkanlarını xeyli azaltdı.
İndi İranın qarşısında duran əsas vəzifə hava hücumundan müdafiəni bərpa etməkdir. İsrail iyunda ölkənin mərkəz və qərb bölgələrindəki əsas sistemləri sıradan çıxarıb. İranın aviasiyası onsuz da zəif idi, indi daha da gücsüzdür.
Tehranın Rusiyadan gözləntiləri doğrulmayıb. Moskva İsraillə münasibətləri nəzərə alaraq yardımda ehtiyatlı davranır, həm də Ukrayna müharibəsi onun imkanlarını daraldıb. Belə şəraitdə Tehran üçün ən real çıxış yolu Çindir. Pekin uzun illər İrana məhdud dəstək verib, amma indi situasiya fərqlidir.
2023-cü ildə Çinin vasitəçiliyi ilə İranla Səudiyyə Ərəbistanı arasında münasibətlər normallaşıb. ABŞ-la Çin arasında gərginliyin artması isə Tehrana strateji dəyər qazandırır. Tayvan böhranı kimi ssenaridə Pekin İrandan ABŞ donanmasını yayındırmaq məqsədilə istifadə edə bilər. Çinin İranın hava müdafiəsini gücləndirməsi, ona müasir qırıcılar verməsi mümkündür. Bu, İsrail və ABŞ-ın hücumlarını çətinləşdirə bilər.
İran çıxılmaz vəziyyətdədir. Rejim ya mövcud böhranı aramla dəf edib sağ qalmağa çalışacaq, ya da daha təhlükəli yola – nüvə silahı yoluna çıxacaq. Amma fakt budur: son 20 ildə Tehranın təhlükəsizliyini qorumuş bütün sütunlar çöküb. Ənənəvi hərbi çatışmazlıqlar aradan qaldırılmayınca İranın zəif durumda qalacağı şübhəsizdir”.
Mənbə: Foreignaffairs.com