Moldovada sentyabrın 28-də keçiriləcək parlament seçkisində ölkədə 2 milyon 772 min 255, xaricdə 864 min 300 bülletendən istifadə olunması nəzərdə tutulur. Rəsmi məlumat sentyabrın 19-da yayılıb.
Ölkədə hökuməti 101 yerlik parlamentdə mandatların yarıdan çoxuna sahib olan partiya qurur. Hazırda prezident Mayya Sanduya bağlı Hərəkət və Həmrəylik Partiyası hakim qurumdur.
Rəy sorğularına görə, 28 sentyabr seçkisində parlamentə hakim partiya ilə yanaşı üç siyasi qüvvə düşə bilər: Bizim Partiya, Vətənpərvər bloku, Alternativ bloku.
Novator.az bildirir ki, seçkidə daha 13 partiya (Evdə Demokratiya Partiyası, Birlik və Rifah Koalisiyası Partiyası, Avropa Uğrunda Liberallar və Demokratlar Alyansı Partiyası, Avropa Sosial Demokrat Partiyası, Moldovaya Hörmət Hərəkatı Partiyası, Milli Moldova Partiyası, Şəhərlər və İcmalar Liqası Partiyası, Rumınların Birliyi Uğrunda Alyans Partiyası, Moldovanlar Alyansı Partiyası, Böyük Moldova Partiyası, Yeni Tarixi Seçim Partiyası, Liberal Partiya, Xristian Sosial İttifaqı Partiyası), 2 blok (Birlikdə bloku, Milli Birlik bloku), 4 müstəqil namizəd yarışır.
Qanunverici orqanda təmsilçilik üçün müstəqil namizədlər etibarlı səslərin azı 2, partiyalar 5, bloklar 7 faizini toplamalıdır.
Moldovanın Dnestryanı bölgəsi 1990-cı ildə ölkədən ayrıldığını elan edib. Bununla bağlı yaranan silahlı münaqişədə Rusiya qoşunları separatçı rejimin tərəfini tutub və o zamandan bəri ərazini nəzarətdə saxlayır.
Türkdilli qaqauzların sıx yaşadığı əraziyə 1994-cü ildə muxtariyyət statusu verilib. Qaqauz Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) hakim dairələri Rusiyaya yaxın sayılır.
Müxalif qüvvələrin bir qismi də Rusiyaya bağlıdır.
Moldova 2022-ci il iyunun 23-dən Avropa İttifaqı üzvlüyünə namizəddir.