ABŞ-da yaşayan çinli dissident Yuanszyun Tan Nyu-Yorkda keçirilən məhkəməsində Çin Xalq Respublikasının xüsusi xidmət orqanına işlədiyini etiraf edib.
Novator.az bildirir ki, 68 yaşlı Tan Çinin hakim Kommunist Partiyasının açıq tənqidçilərindən biri kimi tanınıb. O, paytaxt Pekində etiraz aksiyalarında iştirakına görə 12 il həbsdə yatıb. Həbsxanadan Tayvan adasına (Çinin nəzarətindən 1949-cu ildə çıxan müstəqil demokratik ərazidir) qaçıb, 2022-ci ildə isə Nyu-Yorka köçərək ABŞ-dan siyasi sığınacaq alıb.
Yuanszyun Tan Çinin Nyu-Yorkdakı konsulluğu qarşısında tez-tez təşkil edilən etiraz aksiyalarının daimi iştirakçılarından olub, həmçinin yaşadığı rayonda (Nyu-Yorkun Flaşinq rayonu) demokratik ruhlu qeyri-hökumət təşkilatına rəhbərlik edib.
Lakin ABŞ-ın Federal Təhqiqatlar Bürosunun şübhəsi doğrulub: bəlli olub ki, Yuanszyun Tan əslində Çinə casusluq edir.
İstintaq Tanın Çin kəşfiyyat orqanlarının göstərişləri ilə hərəkət etdiyini, ABŞ-da yaşayan çinli dissidentlər, digər siyasi fəallar haqqında məlumat toplayaraq, onların etiraz aksiyalarını çəkərək Pekinə ötürdüyünü təsdiqləyib.
Tan bunu Çindəki qohumlarını ziyarət etmək üçün Pekindən icazə almaq istəyi ilə əsaslandırmağa çalışıb. Federal Təhqiqatlar Bürosu direktorunun köməkçisi Kristofer Rayya isə Tanın hərəkətini ABŞ-ın dəyərlərinə xəyanət kimi qiymətləndirib.
2024-cü ilin yayında istintaqa cəlb olunan Tanın işinə hazırda məhkəmədə baxılır.
1949-cu ildə yaradılmış Çin Xalq Respublikası dünyada avtoritar idarəçiliyin ən böyük qalasıdır, Qərb dünyası, o cümlədən ABŞ-la rəqabətdədir.
Mənbə: ABCNews.go.com