UEFA Çempionlar Liqasının 2025-2026 mövsümündə liqa mərhələsinin bir turu oynanandan sonra Azərbaycan təmsilçisi “Qarabağ” 36 komanda arasında 10-cu yerdədir.
Səkkiz turluq raundun reqlamentinə görə, ilk 8 pilləni tutanlar birbaşa 1/8 finala çıxır, 9-24-cü yerləri tutanlar 1/16 finalda mübarizə aparır. Xallar bərabər olanda ardıcıllıqla bu meyarlar əsas götürülür: top fərqi, qol sayı, səfərdə qol sayı, qələbə sayı, rəqib meydanında qələbə sayı, komandanın raunddakı rəqiblərinin göstəriciləri (xal, top fərqi, qol sayı), cəza balı (sarı və qırmızı vərəqələr), komandanın reytinqi.
1955-ci ildən keçirilən, 1992-ci ilə qədər Çempionlar kuboku adlanmış Çempionlar Liqasında “Real” 15, “Milan” 7, “Bavariya” və “Liverpul” 6, “Barselona” 5, “Ayaks” 4, “İnter” (İtaliya) və “Mançester Yunayted” 3, “Benfika”, “Nottingem Forest”, “Yuventus”, “Portu” və “Çelsi” 2, “Seltik”, “Feyenoord”, “Aston Villa”, “Hamburq”, “Styaua”, PSV, “Srvena Zvezda”, “Marsel”, “Borussiya” (Dortmund), “Mançester Siti” və PSJ 1 titula sahibdir.
Azərbaycan 55 üzvü olan UEFA-nın klub reytinqində 25-ci pillədədir. Reytinq klub turnirlərinin son beş mövsümündə qazanılan əmsallara əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, sonrakı raundlarda qələbə 2 xal, heç-heçə 1 xaldır. Liqa mərhələsindən başlayaraq finala qədər bonus xalları da var. Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır. Azərbaycan bu mövsüm 4,375 əmsal əldə edib.