Gürcüstanın Mərkəzi Seçki Komissiyası yerli seçkilərlə bağlı açıqlama yayıb. Novator.az-ın məlumatına görə, açıqlamada qeyd olunur ki, oktyabrın 4-də keçiriləcək seçkilərə qatılan 12 partiyanın yalnız biri – hakim partiya 64 şəhərin hər birində mer postuna namizəd irəli sürüb. Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası 26 şəhərdə rəqibsizdir, 26 şəhərdə Güclü Gürcüstan – Lelo və Qaxariya – Gürcüstan Uğrunda partiyalarının alyansı ilə yarışır.
Paytaxt Tbilisidə mer vəzifəsinə 9, Acarıstan Muxtar Respublikasının baş şəhəri Batumidə 5, qalan 10 şəhərdə 3 namizəd var.
4 oktyabr seçkilərində yerli məclislər də formalaşacaq. Məclis seçkilərində qarışıq sistem (proporsional və majoritar sistemlər) tətbiq olunur. Mer seçilmək üçün etibarlı səslərin yarıdan çoxunu almaq, yerli məclislərə düşmək üçün partiyaların 4 faizlik baryeri keçməsi gərəkdir.
Gürcüstanda hökuməti 150 yerlik parlamentdə azı 76 mandatı olan partiya qurur. 2012, 2016, 2020 və 2024-cü illərin parlament seçkilərində Gürcü Arzusu qalib gəlib. Yerli hakimiyyət qurumlarının böyük əksəriyyətinə də Gürcü Arzusu nəzarət edir.
Ölkədə prezidenti parlamentin deputatlarından, muxtar qurumların ali təmsilçi orqanlarının və yerli özünüidarəetmə qurumlarının nümayəndələrindən ibarət Seçicilər Kollegiyası seçir. Prezident postunu Gürcü Arzusuna bağlı Mixail Kavelaşvili tutur.