Çinin müdafiə naziri Dun Suzyun sentyabrın 18-i paytaxt Pekində “Beynəlxalq düzənin qorunması və dinc inkişafın təşviqi” şüarı ilə keçirilən 12-ci Syanşan Forumunu açarkən yenidən Tayvanı işğalla hədələyib. Novator.az-ın məlumatına görə, nazir bəyan edib ki, Tayvanın “Çinə dönüşü” İkinci Dünya müharibəsindən (1939-1945) sonrakı beynəlxalq nizamın ayrılmaz hissəsidir.
Dun Suzyun Tayvanın müstəqillik cəhdlərinin uğur qazanmasına heç vaxt imkan verilməyəcəyini, ölkəsinin hər hansı xarici hərbi müdaxilənin qarşısını almağa hər an hazır olduğunu da vurğulayıb.
Syanşan Forumu Çinin regional liderliyini nümayiş etdirmək və hərbi əməkdaşlığı gücləndirmək məqsədilə hər il keçirilir.
Çin 23 milyon əhalisi olan demokratik Tayvanı özünə aid bir əyalət sayır və adanı geri qaytarmaq üçün güc tətbiqini də istisna etmir. Pekin demək olar ki, hər gün Tayvana hərbi gəmilər və təyyarələr göndərməklə təzyiq göstərir.
Tayvan Pekinin iddialarını rədd edir və vurğulayır ki, adanın gələcəyini yalnız onun xalqı müəyyənləşdirməlidir.
1949-cu ildə yaradılmış Çin Xalq Respublikasında avtoritar kommunist rejimi hökm sürür.
Tayvan Çinin nəzarətindən 1949-cu ildə çıxandan faktiki müstəqil dövlətdir, beynəlxalq aləmdə qismən tanınır. Qərb ölkələri Tayvanı Çinin əyaləti saysa da, fəal dəstəkləyir, adanın zorla tutulmasına qarşı çıxır. Ada əhli də Tayvanın avtoritar Çin Xalq Respublikasına birləşməsini qəbul etmir.
Mənbə: Apnews.com