Fransanın yeni baş naziri Sebastyen Lekornu islahatlara sələflərinin ömürlük güzəştlərini ləğv etməkdən başlayıb. Novator.az-ın məlumatına görə, o bəyan edib ki, sabiq baş nazirlərin avtomobil və sürücü ilə təmin olunması, həmçinin polis mühafizəsinə götürülməsi hər il ölkəyə 4,3 milyon avroya başa gəlir. 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək yeni qaydaya əsasən, avtomobil və sürücü ilə təminat 10 illə, polis mühafizəsi 3 illə (sabiq baş nazirin həyatına real təhlükə olmasa) məhdudlaşacaq.
“Mond” qəzeti yazır ki, Fransanın 17 sabiq baş naziri sağdır, onların 3-ü başqa dövlət postu və seçkili vəzifə tutduğuna görə güzəşt hüququndan istifadə etmir.
Fransada hökumət həm prezident seçkisinin, həm də parlamentin aşağı palatası olan Milli Məclisə seçkinin nəticələri əsasında formalaşır.
2017 və 2022-ci illərdə Emmanuel Makron prezident seçilib. Dövlət başçısına bağlı İntibah Partiyası və müttəfiqləri Milli Məclisə 2024-cü ilin yayında keçirilmiş seçkidən sonra azlıq hökuməti qurublar, əvvəl Mişel Barnye, sonra Fransua Bayru baş nazirlik ediblər. Hər iki şəxs Milli Məclisdəki etimadsızlığa qurban gediblər.
1986-cı il təvəllüdlü Sebastyen Lekornu bu il sentyabrın 9-da baş nazir təyin olunub. O, İntibah Partiyasının üzvüdür, əvvəlki hökumətlərdə məsul vəzifələr tutub, o cümlədən silahlı qüvvələr naziri olub.
577 yerlik Milli Məclisin hazırda 574 üzvü var. 11 deputat partiyasızdır. Müxalif qüvvələr 353 mandatla təmsil olunur. İntibah Partiyası və müttəfiqləri 210 mandata sahibdir.
Səlahiyyət müddəti 5 il olan Milli Məclis majoritar sistemlə (dairələr üzrə) seçilir. İndiki Milli Məclis növbədənkənar seçkidə formalaşıb.
Mənbə: Lemonde.fr