• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ermənistanla Azərbaycanın düşmənləri – ABŞ nəşri

  • 15 Sentyabr 2025
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetTribuna

ABŞ-ın “The National İnterest” jurnalı “Ermənistanla Azərbaycanın sülh razılaşması və onun düşmənləri” başlıqlı məqalə dərc edib.

Avqustun 8-i Azərbaycan prezidenti və Ermənistanın baş naziri Vaşinqtonda ABŞ prezidentinin şahidliyi ilə birgə bəyannamə imzalayıb sülh öhdəliyi götürüb, iki ölkənin xarici işlər nazirləri isə Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsini paraflayıblar. ABŞ paytaxtında həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən, Ermənistandan keçən dəhlizin yaradılması razılaşdırılıb. Bu layihə ABŞ-ın patronajlığı ilə gerçəkləşəsidir.

Novator.az-ın məlumatına görə, “The National İnterest” jurnalının bu mövzulu məqaləsində qeyd olunur ki, iki ölkə arasında razılaşdırılmış sülh sazişinin ən səs-küylü əleyhdarları Rusiya ilə İrandır: “Avqustun 8-də ABŞ prezidenti Donald Tramp Ağ evdə Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın tarixi sülh razılaşmasına imza atmasına nail oldu. Halbuki bir neçə gün öncə Fransanın “Mond” qəzetində “Ermənistanla Azərbaycan arasında sülh əlçatmaz olaraq qalır” sərlövhəli məqalə dərc edilmiş, mümkün razılaşmanın Ermənistanda ümidsizlik yaratdığı yazılmışdı. Tramp və dövlət katibi Marko Rubionun diplomatik gedişi ABŞ-ı Cənubi Qafqazda əsas vasitəçi mövqeyinə çıxartmaqla Rusiyanı və İranı arxa plana keçirdi”.

Təhlilə əsasən, Rusiyanın, həmçinin İranın Vaşinqton razılaşmalarına mənfi reaksiyası, xüsusilə Moskvanın narazılığı gözlənən idi: “Rusiya Qərbi sülh razılaşmasını öz maraqlarına uyğunlaşdırıb mənimsəmək cəhdində ittiham edir. Razılaşma Ermənistanın Gümrü şəhərində yerləşən Rusiya hərbi bazasının bağlanması tələblərini də gücləndirir. Ermənistanla Rusiya arasındakı müdafiə sazişinə görə, həmin baza fəaliyyətini 2044-cü ilədək davam etdirməlidir. Lakin bu razılıq 2023-cü ildə Qarabağda baş verən son toqquşmadan çox əvvəl imzalanıb. Həmin müharibədə Azərbaycan Ermənistanı qəti şəkildə məğlub etdi, Moskva isə öz müttəfiqinə yardım göstərmədi. İndi erməni cəmiyyətində belə bir sual səslənir: baza nəyə lazımdır? Əlavə arqument də budur ki, sülh yaxınlaşırsa, Ermənistana Rusiyanın “keşikçiləri” gərək deyil”.

Məqalədə İranın da ABŞ vasitəçiliyi ilə imzalanan sülh razılaşmasından narazı olduğu vurğulanır: “Əsas məsələlərdən biri əvvəllər “Zəngəzur dəhlizi” adlanan, indi isə “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRİPP) kimi təqdim olunan layihədir. Bu marşrut Ermənistan ərazisindən keçən, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən ticarət və nəqliyyat dəhlizidir. Detallar hələ tam razılaşdırılmayıb, ancaq Tramp avqustun 8-də imzalanmış bəyannamə əsasında Rubioya layihəni irəli aparmaq səlahiyyəti verib. Razılaşmaya görə, TRİPP-i 99 il ərzində ABŞ şirkətinin himayəsində olacaq. Tehran hesab edir ki, bu, onun Qafqazdakı maraqlarına zərbədir. ABŞ-ın İranın şimal-qərb sərhədlərində iqtisadi və təhlükəsizlik mövqelərini gücləndirməsi teokratik rejim üçün qəbuledilməzdir. Ermənistanın İrandan uzaqlaşması Tehranın həm də sanksiyalardan yayınmaq üçün istifadə etdiyi vacib kanalı itirməsi deməkdir. 8 avqust razılaşmaları həmçinin Türkiyə və İsrailin – Azərbaycanın müttəfiqlərinin mövqeyini gücləndirir.

Vaşinqton razılaşmalarından sonra Yerevana səfər edən İran prezidenti Məsud Pezeşkian deyib ki, xarici güclərin iki ölkə arasındakı əlaqələri pozmasına imkan vermək olmaz. İran silahlı qüvvələrinin baş komandanı Əbdülrəhim Musəvi isə qeyd edib ki, xarici güclərin, o cümlədən ABŞ-ın bölgədə iştirakı ciddi narahatlıq doğurur. Ali lider Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti isə daha sərt mövqe nümayiş etdirib: “Rusiyanın iştirakı oldu, ya olmadı, İran İslam Respublikası Cənubi Qafqazda sabitliyi və təhlükəsizliyi qorumaq üçün qətiyyətlə hərəkət edəcək”. Onun sözlərinə görə, TRİPP ticarət layihəsi deyil, Türkiyə və NATO-nu İranın şimal sərhədlərinə yaxınlaşdıran geosiyasi sui-qəsddir. Vilayəti ABŞ prezidentinin ünvanına da açıq hədələr səsləndirib: “Bu dəhliz Trampın mülkü olmayacaq – onun muzdlularının qəbiristanlığına çevriləcək”.

“The National İnterest” jurnalı yazır ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması bütün tərəflərə fayda verəcək bir model kimi görünsə də, erməni diasporunun bəzi qrupları 8 avqust Vaşinqton razılaşmasını 1938-ci ilin Münhen sazişinə (İngiltərə, Fransa, İtaliya və Almaniya başçıları arasında Çexoslovakiyanın Sudet bölgəsinin Almaniyaya verilməsini nəzərdə tutan saziş) bənzədir: “Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan Vaşinqtondakı razılaşmaların Ermənistanın suveren ərazilərini itirməsi riski yaratdığını iddia edib və bunu “diplomatik rüsvayçılıq” adlandırıb. Anti-Amerika mövqeyi ilə tanınan “Verelq” qəzeti razılaşmanı “təslimçiliyə məcburetmə” kimi qələmə verərək yazıb ki, Vaşinqtonda imzalanan sənəd Ermənistanın suverenliyinə, ərazi bütövlüyünə yeni təhdidlər yaradır. Politoloq Hayk Xalatyan “Verelq”dəki yazısında razılaşmanı “erməni tərəfi üçün tam məğlubiyyət” kimi qiymətləndirib, bunun Ermənistanın Rusiya və İranla kommunikasiyalarını zəiflədəcəyini və hökumət dəyişməsə, erməni dövlətinin dağılmasına gətirəcəyini iddia edib.

Razılaşmaya qarşı çıxanların çoxu erməni diasporunun Rusiya, eləcə də İran yönlü dairələridir. Məsələn, Amerikanın Erməni Milli Komitəsinin (ANCA) siyasət direktoru Aleks Qalitski ardıcıl şəkildə İsrail əleyhinə mövqe sərgiləyir, bu da Tehranın ritorikasını xatırladır. ANCA razılaşmaya qarşı çıxmaqla bərabər Demokratlar Partiyasının solçu qanadı kimi Trampı davamlı şəkildə tənqid edir.

Razılaşmaya etiraz edənlərin arasında sol təmayüllü alimlər də var. Kolumbiya Universitetinin Davamlı İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı Ceffri Saks açıq şəkildə Kremlin mövqeyini dəstəkləyir və Ermənistan-Azərbaycan sülhünə qarşı səsləndirdiyi çıxışlarında İranın arqumentlərini təkrarlayır. Onun fikrincə, “ABŞ Cənubi Qafqazın bir hissəsi deyil və Amerikanın bu regionda rol alması problemlər doğurur”.

Saks mütəmadi olaraq Rusiyanın RT, İranın “Press TV” kimi təbliğat kanallarına müsahibələr verir, Azərbaycandan, Ermənistandan “ABŞ və Avropanın geosiyasi maraqları üçün istifadə olunduğunu” iddia edir.

ABŞ-ın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında əldə olunmuş sülh sazişinə qarşı çıxan qüvvələr – Rusiya, İran, həmçinin onların təsiri altında olan diaspor və solçu çevrələr Qərb əleyhinə ritorikanı təkrarlayır. Çünki Cənubi Qafqaz kimi strateji bir regionda sülhün bərqərar olması iki nəticə doğurur: ABŞ burada mövqelərini möhkəmləndirir, Rusiya və İranın təsiri isə zəifləyir”.

Ermənistan 1988-1994-cü illərdə Azərbaycanın cənub-qərbini və Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndini işğal edib, Qarabağ bölgəsində separatçı rejim qurulub.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaşdan sonrakı danışıqlar, lokal hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Ağdərə rayonları qismən azad olunub.

2023-cü il sentyabrın 19-da Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd və Ağdərə rayonlarının bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün rejim tərksilah olmaq öhdəliyi götürüb, sentyabrın 24-dən ermənilərin Qarabağdan kütləvi köçü başlayıb, sentyabrın 28-də rejim özünü buraxıb.

2024-cü il mayın 24-də Ermənistan Qazaxın Aşağı Əskipara, Bağanıs Ayrım, Xeyrimli, Qızılhacılı kəndlərindən çəkilib.

Sədərəkin Kərki, Qazaxın Barxudarlı, Sofulu, Yuxarı Əskipara kəndləri Ermənistan ərazisi ilə əhatə olunmuş (anklav) vəziyyətdədir.

Mənbə: Nationalinterest.org

Gürcüstanda ölüm doğumu üstələyir

  • 15 Sentyabr 2025
  • comments

Almaniyada Rusiya xofu

  • 15 Sentyabr 2025
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

CXP məhkəməsi oktyabra qaldı

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Almaniyada Rusiya xofu

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda ölüm doğumu üstələyir

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda yeni seçki sorğusu

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

CXP məhkəməsi oktyabra qaldı

Son materiallar

comments
Dünyanın səsiXəbər

CXP məhkəməsi oktyabra qaldı

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Almaniyada Rusiya xofu

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda ölüm doğumu üstələyir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda