Almanların 62 faizi Rusiyanın NATO ölkələrinə hücumunu real təhlükə sayır. Novator.az-ın məlumatına görə, İNSA İnstitutunun “Bild” qəzeti üçün keçirdiyi sosioloji sorğunun nəticələri belə göstərir.
Sentyabrın 10-na keçən gecə Rusiyanın pilotsuz uçuş aparatları Polşanın hava məkanını pozub. Ölkəyə Ukraynanın işğal altındakı torpaqlarından və Belarus ərazisindən 19 dronun buraxıldığı açıqlanıb.
İNSA-nın 11-12 sentyabrda 1002 nəfər almaniyalı arasında apardığı sorğuya qatılanların 62 faizi Rusiyanın NATO ölkələrinə, məsələn, Polşa və Litvaya hücum ehtimalından ehtiyatlandığını bəyan edib, yalnız 28 faizi belə təhlükəni real saymayıb.
Respondentlərin 49 faizi Rusiyaya qarşı sərt tədbir kimi Avropa İttifaqı məkanının bu ölkədən neft və qaz almasını dərhal dayandırmağa tərəfdar çıxıb.
Sorğu iştirakçılarının 51 faizi hesab edir ki, Rusiyanın Avropa İttifaqı məkanında dondurulmuş aktivlərini Ukraynanın müdafiəsinə ayırmaq gərəkdir.
Hərbi-siyasi ittifaq olan NATO-ya (Şimali Atlantika Müqaviləsi Təşkilatı) 32 ölkə daxildir: ABŞ, Albaniya, Almaniya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İslandiya, İspaniya, İsveç, İtaliya, Kanada, Latviya, Litva, Lüksemburq, Macarıstan, Monteneqro, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Şimali Makedoniya, Türkiyə, Yunanıstan.
Avropa İttifaqının 27 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.
Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını tutaraq özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsində işğalçı rejimlər qurub. 2022-ci il fevralın 24-dən Ukraynada total hərbi əməliyyatlar aparan Rusiya oktyabrın 5-də Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərini özünə birləşdirdiyini açıqlayıb. NATO və Avropa İttifaqı ölkələrinin çox böyük qismi savaşda Ukraynaya dəstək verir.
Mənbə: Bild.de