Gürcüstanda yerli seçkilərlə bağlı yeni sorğunun nəticələri açıqlanıb.
Oktyabrın 4-ü ölkənin 64 şəhərində mer və məclislər seçiləcək. Məclis seçkilərində qarışıq sistem (proporsional və majoritar sistemlər) tətbiq olunur. Mer seçilmək üçün etibarlı səslərin yarıdan çoxunu almaq, yerli məclislərə düşmək üçün partiyaların 4 faizlik baryeri keçməsi gərəkdir.
Seçkilərə 12 partiya buraxılıb. Novator.az bildirir ki, GORBİ Beynəlxalq Tədqiqat Mərkəzinin 2,3 min nəfər arasında keçirdiyi sorğuya qatılan respondentlərin 65,9 faizi 4 oktyabr seçkilərində hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının namizədlərinə səs verəcəyini qeyd edib.
Sorğu iştirakçılarının 10,7 faizi Qaxariya – Gürcüstan Uğrunda Partiyasına, 10,4 faizi Lelo Partiyasına, 5,1 faizi Qirçi Partiyasına, 4,2 faizi Vətənpərvərlər Alyansına dəstək nümayiş etdirib, qalan partiyalar ümumilikdə 3,7 faizlə kifayətlənib.
Gürcüstanda hökuməti 150 yerlik parlamentdə azı 76 mandatı olan partiya qurur. 2012, 2016, 2020 və 2024-cü illərin parlament seçkilərində Gürcü Arzusu qalib gəlib. Yerli hakimiyyət qurumlarının böyük əksəriyyətinə də Gürcü Arzusu nəzarət edir.
Ölkədə prezidenti parlamentin deputatlarından, muxtar qurumların ali təmsilçi orqanlarının və yerli özünüidarəetmə qurumlarının nümayəndələrindən ibarət Seçicilər Kollegiyası seçir. 2024-cü il dekabrın 29-dan prezident postunu Gürcü Arzusuna bağlı Mixail Kavelaşvili tutur.
Mənbə: İnfo.imedi.ge