Avstriyanın paytaxtı Vyanada keçiriləcək “Avroviziya 2026” beynəlxalq mahnı müsabiqəsi ətrafında İsrail qalmaqalı yaranır. İrlandiya, İslandiya, İspaniya, Niderland və Sloveniyanın ictimai yayım qurumları İsrail təmsilçisinin qatılacağı halda yarışı boykot edəcəklərini açıqlayıblar. Novator.az bildirir ki, İrlandiya, İslandiya, İspaniya və Niderland müsabiqədə iştirakı təsdiqləmişdilər. Yenilənmiş siyahıda ev sahibi ilə yanaşı bu ölkələr qalıb: Albaniya, Almaniya, Avstraliya, Azərbaycan, Böyük Britaniya, Çexiya, Danimarka, Finlandiya, İsrail, İsveç, İsveçrə, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Monteneqro, Norveç, San Marino, Serbiya, Ukrayna, Yunanıstan.
Yarışın birinci yarımfinalı mayın 12-nə, ikinci yarımfinalı 14-nə, finalı 16-na təyin olunub.
İctimai teleradioları cəmləyən Avropa Yayım Birliyinin layihəsi olan “Avroviziya” müsabiqəsində 1956-cı ildən başlayaraq İrlandiya və İsveç 7, Niderland, Fransa, Lüksemburq və Böyük Britaniya 5, İsrail 4, İsveçrə, Danimarka, İtaliya, Avstriya, Norveç və Ukrayna 3, İspaniya və Almaniya 2, Monako, Belçika, Yuqoslaviya, Estoniya, Latviya, Türkiyə, Yunanıstan, Finlandiya, Serbiya, Rusiya, Azərbaycan və Portuqaliya 1 dəfə qalib gəlib.
1947-ci ildə BMT Fələstin torpaqlarının bölünərək ərazidə İsrail və Fələstin dövlətlərinin qurulmasına qərar verib. 1948-ci ildə yaradılan İsrail 1949-cu ildə BMT-yə qəbul edilib. Fələstin 1988-ci ildə müstəqil dövlət elan olunub, 2012-ci ildə BMT-də müşahidəçi statusu alıb.
BMT-nin Fələstinə ayırdığı ərazilərin xeyli hissəsi İsrailin işğalındadır.
Fələstinin Qəzza bölgəsi 2006-cı ildən HƏMAS hərbi-siyasi təşkilatının (İslami Müqavimət Hərəkatı) nəzarətində olub. 2023-cü il oktyabrın 7-də HƏMAS Qəzza bölgəsindən İsrail ərazilərinə hərbi müdaxilə edib, bir çox şəxs öldürülüb və ya girov götürülüb, ardınca böyük savaş başlayıb, Qəzzanın böyük hissəsi tam dağıdılıb. Dünya ictimaiyyətinin bir hissəsi İsrailin cavab tədbirini çox amansız sayır, fələstinlilərin soyqırımına məruz qoyulduğunu iddia edir.
Mənbə: Eurovisionfun.com