
Rusiya veteran tapdağında? – “Röyter”
- 11 Sentyabr 2025
- comments
- hikmet
- Posted in Dünyanın səsiManşetŞərh
“Röyter” agentliyi (ABŞ) Rusiyada özünü büruzə verən, gələcəkdə daha da qabaracağı gözlənən bir problemə toxunub. Söhbət Ukraynada döyüşən bəzi rusiyalıların, xüsusilə keçmiş məhkumların cəbhədən dönəndən sonra ağır cinayətlər törətməsindən gedir.
2014-cü ilin fevralında Ukraynada Qərbə bağlı qüvvələr inqilab dalğasında hakimiyyətə gəlib. Rusiya dərhal ölkənin Krım yarımadasını zəbt edərək martın 18-də özünə birləşdirib, ardınca Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq işğalçı rejimlər qurub. 2022-ci il fevralın 24-də Rusiya total hərbi əməliyyatlara başlayıb, oktyabrın 5-də Donetsk və Luqansk bölgələrini, eləcə də Zaporojye və Xerson vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.
İşğalçı savaş başqa bölgələri də əhatə edib, ölkənin hər yanına dağıdıcı hücumlarla müşayiət olunur. Rusiya müharibəni dayandırmaq üçün Ukraynanın təslim olmasını, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində ələ keçirə bilmədiyi ərazilərin boşaldılmasını, bu bölgələrin, eləcə də Krımın onun torpağı kimi tanınmasını istəyir.
Novator.az-ın məlumatına görə, “Röyter”in “Qəhrəmanlar və antiqəhrəmanlar: Rusiya özünün nəhəng ordusunun mümkün dönüşünə hazırlaşır” başlıqlı təhlilində öncə Rusiyada geniş əks-səda doğurmuş bir cinayət hadisəsi misal gətirilir. Bildirilir ki, 2021-ci ilin yayında ondan boşanmaq istədiyinə görə həyat yoldaşını bıçaqlayıb öldürmüş və 9 il azadlıqdan məhrum edilmiş Azamat İskaliyev cəzasının heç üçdə birini də çəkməmiş Ukraynada döyüşmək müqabilində əfv olunaraq azadlığa buraxılıb: “Altı ay cəbhədə xidmət keçəndən sonra Azamat mülki həyata qayıdıb və yenidən qətl törədib – bu dəfə keçmiş sevgilisini mağazada 60-dan çox bıçaq zərbəsi ilə öldürüb. 2025-ci ilin iyulunda ikinci dəfə məhkəmə qarşısına çıxarılan İskaliyev 19 il 6 ay müddətinə azadlıqdan məhrum olunub”.
“Röyter”in təhlilində vurğulanır ki, İskaliyevin işi Rusiyanı gələcəkdə gözləyən ağır problemlərə işarədir: “Ukraynada savaş bitəndə yüz minlərlə döyüşçü evinə qayıdacaq. Döyüşənlər arasında müharibədə iştirak müqabilində əfv olunan neçə-neçə keçmiş məhbus da var.
Britaniyalı ekspert Mark Qaleotti bildirir ki, 2025-ci ilin əvvəlinədək 1 milyon 500 min nəfərdən çox rusiyalı Ukrayna ilə müharibəyə cəlb edilib: “Müharibənin ağır psixoloji sarsıntılarını yaşamış bu insanlar ordudan tərxis olunduqca Rusiyanı bir növ veteran dalğası bürüyəcək”.
Ölkənin ən yuxarı eşelonunda da bu təhlükəni görürlər. Kremlə yaxın mənbələr “Röyter”ə deyib ki, prezident Vladimir Putin döyüşçülərin bir vaxt kütləvi şəkildə geri dönməsinə potensial siyasi və sosial risk kimi baxır, indidən bu riski minimuma endirməyin yollarını arayır. “Röyter”ə danışan mənbələr vurğulayıblar ki, Moskva Sovet İttifaqının 1979-1989-cu illərdə Əfqanıstanda apardığı müharibə bitəndən sonra baş vermiş xoşagəlməz hadisələrin təkrarlanmasına yol açmamaq niyyətindədir. Bəlli olduğu kimi, 1990-cı illərdə – SSRİ-nin süqutu, Rusiya Federasiyasının müstəqil dövlətə çevrildiyi ilk illərdə Əfqanıstan müharibəsinin bəzi veteranları mütəşəkkil cinayətkar dəstələrin formalaşmasında və böyüməsində mühüm rol oynamışdılar… Daha bir problem isə cəbhədən qayıdanların əksərinin mülki həyatda ordudakı qədər maaş qazana bilməməsidir”.
“Röyter” yazır ki, müharibə veteranlarının reinteqrasiyası təkcə Rusiyaya xas bir problem deyil: “ABŞ Veteranlar Departamentinin hesabatına görə, 1955-1975-ci illərdə Vyetnamla müharibədə iştirak etmiş 2,7 milyon amerikalının çox əhəmiyyətli bir hissəsi mülki həyatda ciddi sosial-psixoloji çətinliklər yaşayıb. Ancaq ABŞ Vyetnamla müharibəyə məhkumları göndərməmişdi. Rusiya-Ukrayna müharibəsində isə hər iki tərəfdən döyüşə birbaşa həbsxanadan çıxıb gələnlər var. Ukrayna kəşfiyyatının məlumatına görə, 2022-ci ilin fevralından indiyədək 120-180 min arası məhbus Rusiya ordusunun tərkibində döyüşə qatılıb.
Hazırda cəbhədən dönənlər əsasən ağır yaralılar, yaxud yaşı daha döyüşməyə imkan verməyən şəxslərdir. Putin Ukraynada 700 minə yaxın Rusiya hərbçisinin vuruşduğunu söyləyir. 2023-cü ildən qaydalar da dəyişib. Məhbuslar altı ay ön cəbhədə xidmət etdikdən sonra sərbəst buraxılmır, onlar müharibənin axırınadək müqaviləli əsgər kimi döyüşməlidirlər.
Rusiyanın müstəqil “Verstka” xəbər saytının bildirdiyinə görə, 2023-cü ilin oktyabr ayına qədər ölkədə 500-ə yaxın mülki şəxs Ukrayna cəbhəsindən qayıtmış veteranların törətdiyi cinayətlərin qurbanı olub, azı 242 nəfər ölüb, qalanı ağır xəsarət alıb”.
“Röyter”in yazdığına görə, Kreml gələcəkdə kütləvi veteran dönüşünün siyasi sistemə təsirindən də ehtiyatlanır: “Putin 2023-cü ilin iyununda “Vaqner” qruplaşmasının başçısı Yevgeni Priqojinin qaldırdığı hərbi qiyamla üzləşmiş, belə bir acı təcrübədən keçmiş liderdir. Ona görə Kreml veteran kütləsini idarə etmək üçün siyasi planlar da hazırlayır. Artıq Ukrayna veteranları regionlardakı seçkilərdə namizəd kimi irəli sürülür və parlament seçkisinə hazırlanır. Onlara müxtəlif dövlət strukturlarında vəzifələr də verilir. Putin veteranları “gerçək elita” adlandırır və onlardan ötrü həyata keçirilən məxsusi liderlik proqramına şəxsən dəstək verir. Məsələn, müharibədə fərqlənmiş tank komandiri Artur Orlov indi prezidentin gənclər hərəkatına rəhbərlik edir. Keçmiş batalyon komandiri Artyom Joqa Putinin Ural bölgəsində səlahiyyətli nümayəndəsidir. Bir neçə veteran Prezident Administrasiyasında və Dövlət Duması aparatında səlahiyyətli vəzifələrə təyin olunub.
Putin iyun ayında keçirdiyi bir görüşdə deyib: “Vətənə xidmət etmək qərarına gələn və bununla həm də şəxsi uğur qazanan insanlar tədricən mühüm mövqeləri tutmalıdırlar”. Lakin bu yanaşma ilə hamı razı deyil. Əfqanıstan veteranlarının 1990-cı illərdə kriminal qrupların onurğa sütununa çevrildiyini xatırladanlar Ukrayna veteranlarının da ölkəyə oxşar problemlər yaşadacağı barədə xəbərdarlıq edirlər. Artyom Joqa isə hesab edir ki, dövlətin gördüyü tədbirlər sayəsində “Əfqanıstan ssenarisi” təkrarlanmayacaq.
ABŞ-da yaşayan ekspert Qriqori Feyfer Artyom Joqanın dediklərinə inanmır. O bildirir ki, Rusiya-Ukrayna savaşı SSRİ-Əfqanıstan müharibəsindən qat-qat qanlı qarşıdurmadır. İnsan itkisi dəfələrlə çoxdur. Bu baxımdan Qriqori Feyfer Ukrayna veteranlarının Rusiyada Əfqanıstan veteranlarından daha ağır böhran yaradacağı düşüncəsindədir.
Mark Qaleotti isə hesab edir ki, veteranların kütləvi qayıdışı Rusiyanı ciddi sınaqlarla üz-üzə qoyacaqsa da, böhran 1990-cı illərdəki həddə çatmayacaq, o dərəcədə çoxsaylı amansızlıqlar, vəhşiliklər olmayacaq”.
Mənbə: Reuters.com