Yanvar-avqust aylarında Azərbaycanda 83 milyard 37,8 milyon manatlıq, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Dövlət Statistika Komitəsi bildirir ki, neft-qaz sektorunda 2,1 faiz geriləmə, qeyri-neft/qaz sektorunda 2,6 faiz yüksəliş qeydə alınıb, hər nəfərə 8111,3 manat ÜDM düşüb.
Hesabata görə, sənayedə 1,2 faiz, sərmayə qoyuluşunda 0,2 faiz azalma rəsmiləşib, avqustun 1-nə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 9,5 faiz artaraq 1098,1 manata çatıb.
Azərbaycanda pensiyalar hər il yanvarın 1-də orta aylıq maaşın illik artım tempinə uyğun indeksləşdirilir.
2025-ci il iyulun 1-nə ölkədə 1 milyon 103,3 min nəfər pensiyaçı qeydiyyatda olub.
Ölkədə kişilər 65, qadınlar 64 yaş yarımda pensiyaya çıxır. 2026-cı il iyulun 1-dən qadınların da pensiya yaşı 65-ə qalxacaq.
Əmək pensiyasının minimum məbləği 320 manatdır.