Çexiya, Rumıniya və Macarıstan kəşfiyyat qurumları Belarusun Avropada qurduğu casus şəbəkəsini zərərsizləşdirib. İstintaqı Avropa İttifaqının hüquqi əməkdaşlıq qurumu – Eurojust əlaqələndirir.
Novator.az bildirir ki, Çexiyanın əks-kəşfiyyat xidməti BİS-in məlumatına görə, Belarusun Dövlət Təhlükəsizliyi Komitəsinə bağlı agentlər bir neçə Avropa ölkəsində aşkarlanıb: “Onların arasında Moldovanın xüsusi xidmət orqanı olan SİS-in başçısının sabiq müavini də var. Həmin şəxs məxfi məlumatları Belarus kəşfiyyatına ötürürmüş”.
Çexiya hakimiyyəti həmçinin diplomat adı altında fəaliyyət göstərən bir Belarus agentini ölkədən çıxardığını açıqlayıb.
BİS rəhbəri Mixal Koudelka bildirib ki, Belarus diplomatlarının Avropada vizasız səfər sistemi olan Şengen zonasında sərbəst hərəkət edə bilməsi casus şəbəkəsinin formalaşmasına şərait yaradıb: “Avropada düşmənçilik xarakterli fəaliyyətin qarşısını almaq üçün Rusiya və Belarus diplomatlarının sərbəst hərəkətinə məhdudiyyət qoyulmalıdır”.
1994-cü ildən Belarusa prezidentlik edən Aleksandr Lukaşenko Rusiya lideri Vladimir Putinin yaxın müttəfiqidir. Rusiya 2022-ci ildə Ukraynaya qarşı total müharibəyə başlayanda Belarus ərazisindən də istifadə edib, sonradan bu ölkədə taktiki nüvə raketlərini yerləşdirib.
Mənbə: Euronews.com