ABŞ-ın “Foks Nyus” kanalının internet səhifəsində “Trampın tətbiq etdiyi tariflər Çini təzyiq altında saxlayır” başlıqlı təhlil dərc olunub. Novator.az-ın məlumatına görə, məqalədə qeyd olunur ki, yeni siyasət sayəsində istehsal dirçəlir, strateji sahələrə sərmayə axını artır.
2017-2021-ci illərdə ABŞ prezidenti olmuş Donald Tramp 2025-ci il yanvarın 20-dən yenidən dövlət başçısıdır. Aprel ayından ABŞ xarici ticarət tərəfdaşlarına yeni gömrük rüsumları tətbiq edir. Hazırda Braziliya və Hindistandan idxal 50 faizlik rüsuma cəlb olunur.
Suriya üçün 41 faiz, Laos və Myanma üçün 40 faiz, İsveçrə üçün 39 faiz rüsum qüvvədədir.
İraq və Serbiyaya tətbiq olunan idxal rüsumu 35 faiz, Əlcəzair, Bosniya və Herseqovina, Cənubi Afrika Respublikası və Liviyaya 30 faiz, Bruney, Qazaxıstan, Moldova və Tunisə 25 faiz, Banqladeş, Tayvan, Şri-Lanka və Vyetnama 20 faiz, Filippin, İndoneziya, Kamboca, Malayziya, Pakistan və Tailanda 19 faiz, Nikaraquaya 18 faizdir.
Qalan ölkələrdən idxal 10-15 faizlik rüsumla rəsmiləşir.
“Foks Nyus” kanalının internet səhifəsindəki təhlilə görə, Donald Trampın “Amerika hər şeydən öndə” gündəliyi nəticə verir və Çin bundan ciddi zərbə alır: “Köhnəlmiş media” aylarla ABŞ-da iqtisadi artımın zəiflədiyini iddia etsə də, Trampın tarif siyasəti Çinlə rəqabətə yeni çərçivə gətirib. İqtisadiyyatın əsas sütunları – sənaye və kənd təsərrüfatı bundan faydalanır. Yeni tariflər mühüm istehsal sahələrinin ABŞ-a qaytarılmasına təkan verir, iqtisadiyyatı möhkəmləndirir. Prezident açıq mesaj verir ki, ABŞ-ın Pekinin yüksəlişini dəstəklədiyi dövr bitib”.
Yazıda Trampın rəhbərliyi sayəsində ABŞ-ın yenidən qazanmağa başladığı vurğulanır: “Sənaye bərpa olunur, strateji sahələrə sərmayə yatırılır, fermerlər isə Çinlə ədalətsiz rəqabətdən qorunur. Uzun illər Çin ABŞ iqtisadiyyatının əsaslarını hədəfə alıb, sənayeni zəiflədib, fermerləri ziyana salıb, qlobal bazarları istədiyi kimi manipulyasiya edib.
Barak Obama və Cozef Bayden administrasiyaları dövründə (2009-2017 və 2021-2025-ci illər – Novator.az) Vaşinqton Çinə iqtisadi inteqrasiya vasitəsilə islahat və sabitlik gətirəcəyinə inanırdı. Bu siyasət nəticə vermədi. Əksinə, ABŞ intellektual mülkiyyət oğurluğu, sənaye manipulyasiyası və kənd təsərrüfatına ciddi zərbə vura biləcək bioloji təhlükəsizlik pozuntuları ilə üz-üzə qaldı.
Məsələn, bu yay “fusarium graminearum” adlı göbələyin ABŞ-a qanunsuz gətirildiyi açıqlanıb. Çin institutları ilə əlaqəsi olan şəxslərin gətirdiyi bu göbələk məhsulları yararsız hala salır, heyvanları təhlükə altına qoyur, həmçinin insan və heyvan sağlamlığına zərər vurur. Bu, ABŞ-ın kənd təsərrüfatına və ərzaq təhlükəsizliyinə qarşı qəsd kimi qiymətləndirilir”.
Çinin iki vətəndaşının ABŞ-da zəhərli göbələk yaymaq istədiyi iyun ayında üzə çıxıb. ABŞ onları aqrar terror cəhdində ittiham edir. Söhbət ABŞ-ın Miçiqan Universitetinin Yunsin Tsızyan adlı alimindən və onun yaxını Tsunyun Lyudan gedir. Tsunyun Lyu da alimdir, vaxtilə Çində universitetdə işləyib.
ABŞ-ın hüquq mühafizə orqanlarının bildirdiyinə görə, cütlük kənd təsərrüfatı məhsullarını sıradan çıxara, eləcə də insanlarda ciddi xəstəliklər yarada biləcək “fusarium graminearum” adlı göbələk növünü ABŞ-a gətirərək yaymağa cəhd göstərib. “Fusarium graminearum” buğda, arpa, düyünü xəstəliyə yoluxdurmağa qabildir. Həmin xəstəliklər isə nəticədə insanlarda, heyvanlarda zəhərlənmə, qaraciyərdə fəsadlar doğura və reproduktiv funksiyaları poza bilər.
“Foks Nyus”dakı təhlildə qeyd olunur ki, ABŞ təchizat zəncirini qorumaq, kənd təsərrüfatı məhsullarının istehsalını daxildə təmin etmək məcburiyyətindədir: “Araşdırmalara görə, amerikalıların 71 faizi pestisidlər kimi kənd təsərrüfatı məhsullarının Çində deyil, ABŞ-da istehsalını istəyir”.
Məqalə bu sözlərlə bitir: “Trampın tarif siyasəti göstərir ki, ABŞ öz maraqlarını qorumaqdan çəkinmir. Avropa İttifaqı bazarları ucuz mallarla dolduranda Tramp dərhal cavab verdi, tariflər tətbiq etdi və Avropa ölkələri danışıqlar masasına oturmağa məcbur oldu. Bu addım amerikalı sənayeçilərə rahatlıq gətirdi. İndi həmin strategiya Çinə qarşı işə salınıb. Vaşinqton Pekinlə münasibətləri balanslaşdırır və uzun illər Çinin xeyrinə işləyən qaydaları dəyişir. Avropa İttifaqı kimi Çin də başa düşür ki, ABŞ iqtisadiyyatını istismar etmək dövrü bitir.
Trampın tarif siyasəti təkcə iqtisadi qələbə deyil, həm də milli təhlükəsizlik məsələsidir. Bu siyasət fermerləri qoruyur, fabrikləri dirildir və dünyaya mesaj göndərir: Amerika nə satın alınacaq, nə də şantaj ediləcək. Daha güclü Amerikaya gedən yol sərt ticarət siyasətindən keçir və Tramp bu yolda liderlik edir”.
Mənbə: Foxnews.com