Ermənistanda əhalinin 55,1 faizi Vaşinqton razılaşmalarının bölgəyə davamlı sülh gətirəcəyinə inanmır. Respondentlərin 38,6 faizi isə nikbindir, sülh prosesinə ümidlə yanaşır. Novator.az-ın məlumatına görə, ictimai rəy üzrə ixtisaslaşan “Gellap” (“Gallup”) beynəlxalq təşkilatının Ermənistan nümayəndəliyinin sorğusu belə göstərir.
25-30 avqust arası keçirilmiş sorğuya 1101 şəxsin qatıldığı bildirilir.
Avqustun 8-i Azərbaycan prezidenti və Ermənistanın baş naziri Vaşinqtonda ABŞ prezidentinin şahidliyi ilə birgə bəyannamə imzalayıb sərhədlərin toxunulmazlığı, ərazi əldə olunması üçün güc tətbiqinin yolverilməzliyi əsasında qonşuluq münasibətlərinin qurulması öhdəliyi götürüb, iki ölkənin xarici işlər nazirləri isə Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsini paraflayıblar.
Vaşinqtonda həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən, Ermənistandan keçən dəhlizin yaradılması razılaşdırılıb. Bu layihə ABŞ-ın patronajlığı ilə gerçəkləşəsidir.
“Gellap”ın Ermənistan nümayəndəliyinin sentyabrın 5-də açıqladığı rəsmi hesabata əsasən, 25-30 avqust sorğusunda iştirak edən respondentlərin 42,1 faizi Vaşinqton bəyannaməsinə müsbət, 47,6 faizi mənfi münasibətdə olduğunu deyib.
Ermənistandan keçən dəhlizin yaradılması ideyasına sorğu iştirakçılarının 35,5 faizi müsbət rəy bildirib, 58,9 faizi əks fikirdə olub.
Ermənistan 1988-1994-cü illərdə Azərbaycanın cənub-qərbini və Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndini işğal edib, Qarabağ bölgəsində separatçı rejim qurulub.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaşdan sonrakı danışıqlar, lokal hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Ağdərə rayonları qismən azad olunub.
2023-cü il sentyabrın 19-da Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd və Ağdərə rayonlarının bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün rejim tərksilah olmaq öhdəliyi götürüb, sentyabrın 24-dən ermənilərin Qarabağdan kütləvi köçü başlayıb, sentyabrın 28-də rejim özünü buraxıb.
2024-cü il mayın 24-də Ermənistan Qazaxın Aşağı Əskipara, Bağanıs Ayrım, Xeyrimli, Qızılhacılı kəndlərindən çəkilib.
Sədərəkin Kərki, Qazaxın Barxudarlı, Sofulu, Yuxarı Əskipara kəndləri Ermənistan ərazisi ilə əhatə olunmuş (anklav) vəziyyətdədir.