ABŞ Fələstinin Qəzza bölgəsini himayəyə götürmək istəyir. Qərb mətbuatı Donald Tramp administrasiyasının hazırladığı GREAT planının detallarını dərc edib.
Great ingiliscə böyük deməkdir. Qəzza planı GREAT-ın açması isə belədir: Gaza Reconstitution, Economic Acceleration and Transformation – Qəzzanın bərpası, iqtisadi yüksəlişi və transformasiyası.
Novator.az bildirir ki, prezident Donald Trampın ideyası olan GREAT planına görə, Qəzza 10 il müddətinə, sivil Fələstin hakimiyyəti bərqərar olana qədər ABŞ-ın himayəsinə keçir, yerli əhali müvəqqəti başqa yerlərə köçürülür, bölgə turizm və yüksək texnologiyalar mərkəzi kimi qurulur, keçid dövründə idarəçilik İsrailin əlində olur.
Ərazidən köçənlərə 5000 dollar təzminat, həmçinin 4 illik kirayə və yemək xərci vermək, bölgədə böyük infrastruktur layihələri gerçəkləşdirmək nəzərdə tutulur.
1947-ci ildə BMT Fələstin torpaqlarının bölünərək ərazidə İsrail və Fələstin dövlətlərinin qurulmasına qərar verib. 1948-ci ildə yaradılan İsrail 1949-cu ildə BMT-yə qəbul edilib. Fələstin 1988-ci ildə müstəqil dövlət elan olunub, 2012-ci ildə BMT-də müşahidəçi statusu alıb.
BMT-nin Fələstinə ayırdığı ərazilərin xeyli hissəsi, o cümlədən paytaxt kimi nəzərdə tutulmuş Şərqi Qüds (Yerusəlim) İsrailin işğalındadır.
2006-cı ildən Qəzza bölgəsi Fələstinin hərbi-siyasi təşkilatı HƏMAS-ın (İslami Müqavimət Hərəkatı) nəzarətində olub. 2023-cü il oktyabrın 7-də HƏMAS Qəzza bölgəsindən İsrail ərazilərinə hərbi müdaxilə edib, bir çox şəxs öldürülüb və ya girov götürülüb, ardınca böyük savaş başlayıb, Qəzzanın böyük hissəsi tam dağıdılıb.
İsrail HƏMAS-ın Qəzzadan tam çəkilməsini, bölgədə təhlükəsizliyin özünün nəzarətində olmasını istəyir, idarəçiliyin Fələstinə aidiyyəti olmayan mülki administrasiyaya təhvil verilməsini istəyir.
Mənbə: Timesofisrael.com