57 ölkəni birləşdirən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) sentyabrın 1-də Minsk prosesinin bağlanması və ona bağlı strukturların (ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupu) fəaliyyətinə xitam verilməsi qərarını elan edib. Rəsmi məlumata görə, Xarici İşlər Nazirləri Şurası ATƏT Katibliyinə strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələləri dekabrın 1-dən gec olmayaraq yekunlaşdırmağı tapşırıb. Qərar ATƏT-in Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bütün qərarlarının qüvvədən düşməsini də nəzərdə tutur.
1988-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat və təcavüz başlayıb. 1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ “müstəqil dövlət” elan edilib, ardınca hərbi təcavüz genişlənib, 1994-cü ilin mayına – atəşkəsə qədər Azərbaycanın altıda biri Ermənistanın nəzarətinə keçib. İşğal ölkənin bütün cənub-qərbini və Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndini əhatə edib.
ATƏT 1975-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adı ilə yaradılıb. Azərbaycan və Ermənistan quruma 1992-ci il yanvarın 30-da qəbul olunublar.
1992-ci il martın 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurası Dağlıq Qarabağa dair sülh konfransının çağırılması qərarı qəbul edib. Konfransın Minskdə keçirilməsi nəzərdə tutulub.
1992-ci il mayın 1-də konfransın reallaşması üçün Minsk qrupu yaradılıb. Minsk qrupunda ABŞ, Fransa, Rusiya (həmsədrlər), Azərbaycan, Ermənistan, Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə yer alıb.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaşdan sonrakı danışıqlar, lokal hərbi əməliyyatlar nəticəsində ərazilərin böyük qismi azad olunub.
2023-cü il sentyabrın 19-da Azərbaycan ölkənin bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün rejim tərksilah olmaq öhdəliyi götürüb, sentyabrın 24-dən ermənilərin Qarabağdan kütləvi köçü başlayıb, sentyabrın 28-də rejim özünü buraxıb.
2024-cü il mayın 24-də Ermənistan Qazaxın 4 kəndindən çəkilib.
Sədərək rayonunun 1, Qazaxın 3 kəndi Ermənistanın əlində qalır.
2025-ci il avqustun 8-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsini paraflayıblar, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinə Minsk prosesinin və onunla əlaqəli strukturların bağlanması barədə birgə müraciət imzalayıblar. Bunun ardınca Minsk prosesinin və ona bağlı strukturların bağlanması barədə qərar layihəsi təsdiqlənmək üçün iştirakçı dövlətlərə göndərilib.