ABŞ-ın CNN kanalının internet səhifəsində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitindən şərh dərc olunub. Çinin Tiencin şəhərinin ev sahibliyi etdiyi sammit avqustun 31-dən sentyabrın 1-nə kimi keçirilib.
ŞƏT 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan rəhbərlərinin Şanxay (Çin) toplantısında yaradılıb. 2017-ci ildə quruma Hindistan və Pakistan, 2023-cü ildə İran, 2024-cü ildə Belarus üzv olub. Əfqanıstan və Monqolustanın qurumda müşahidəçi statusu var. Bir çox ölkə, o cümlədən Türkiyə, Azərbaycan və Ermənistan təşkilatın dialoq üzrə tərəfdaşıdır.
Novator.az-ın məlumatına görə, CNN kanalının internet səhifəsində “Çinin alternativ qlobal lider olmağa çalışdığı bir dövrdə Si Cinpinlə Vladimir Putin çiyin-çiyinə dayanıblar” başlığı ilə verilmiş yazıda bunlar qeyd olunur: “Çin lideri Si Cinpin Tiencin sammitində ölkəsini qlobal iqtisadi sabitliyin dayağı kimi göstərib və tərəfdaşlarına yüz milyonlarla dollar dəstək vəd edib. Bu, ABŞ prezidenti Donald Trampın “Amerika hər şeydən öncə” siyasəti çərçivəsində gömrük müharibəsi apardığı və xarici yardımları kəskin azaltdığı bir vaxtda baş verir. Şanxay Əməkdaşlıq Təşkilatının sammiti Çinin qlobal liderlik iddialarını və Rusiya ilə yaxın, uzunmüddətli tərəfdaşlığını nümayiş etdirməyə yönəlib. Çin və Rusiya qlobal güc balansını öz xeyirlərinə dəyişməyə, ABŞ və onun müttəfiqləri qarşısında mövqelərini möhkəmləndirməyə çalışırlar”.
CNN qeyd edir ki, Si Cinpin 2025-ci ildə ŞƏT üzvlərinə 2 milyard yuan (280 milyon dollar) qrant, növbəti üç ildə isə təşkilatın bank konsorsiumuna 10 milyard yuan (1,4 milyard dollar) kredit ayırmağa boyun olub: “Çin lideri ad çəkmədən “hegemonçuluq”, “soyuq müharibə təfəkkürü” və “zorakılıq siyasəti” əleyhinə danışıb. Bu ifadələr Si Cinpinin Qərbi tənqid etmək üçün ən çox işlətdiyi terminlərdir. Trampın gömrük müharibələri, beynəlxalq təşkilatlardan geri çəkilməsi, xarici yardımları kəsməsi və sosial şəbəkədə hədələri Pekinin gözündə ABŞ-ı qlobal nizamı dağıdan tərəf kimi göstərir. Çin isə belə məqamda özünü alternativ kimi təqdim etməyə çalışır. Si Cinpin sammitdə deyib ki, biz bərabər və nizamlı çoxqütblü dünya quruluşunu, ümumi fayda gətirən və inklüziv qlobalizasiyanı müdafiə etməli, beynəlxalq idarəçilik sistemini daha ədalətli və ədalətə əsaslanan etməliyik”.
CNN-in şərhində daha sonra Rusiya prezidenti Vladimir Putinin çıxışına yer ayrılır: “Vladimir Putin Si Cinpinin fikirlərini dəstəkləyərək qeyd edib ki, ŞƏT Avrasiya məkanında “yeni təhlükəsizlik sistemi”nin əsasını qoyur və bu sistem Qərbin rəhbərlik etdiyi ittifaqlara alternativ olacaq”.
CNN-in şərhinə görə, sammit həm də Çin və Rusiya arasında yaxın əlaqələrin və iki avtoritar liderin illər ərzində qurduğu şəxsi dostluğun nümayişinə çevrilib: “31 avqust axşamı Si Cinpin iştirakçı liderlər üçün ziyafət verib. Yayımlanan kadrlar Si və Putinin səmimi söhbətini, gülərək danışmasını əks etdirib. Bu, Çin liderinin adətən soyuq görünən üslubu fonunda diqqətdən qaçmayıb.
Müşahidəçilərin fikrincə, Putin ŞƏT zirvəsindən Qərbin sanksiyalarının və təcrid cəhdlərinin uğursuz olduğunu göstərmək üçün istifadə edib”.
Yazıda qeyd olunur ki, Ukrayna müharibəsi başlayandan Çin Putinin əsas diplomatik və iqtisadi dayaqlarından birinə çevrilib. Pekin özünü neytral kimi göstərir, amma Çin şirkətləri Rusiyanın ucuz neftini alır və Rusiyanın hərbi sənayesini dəstəkləyən ikili təyinatlı məhsullarla ticarət aparır. Bu yay Tramp Çini xəbərdar edib ki, Pekin Rusiyadan neft almağa son qoymasa, Çin mallarına yüksək tariflər qoyulacaq. Amma ABŞ hələlik bu addımı ləngidir, çünki Pekinlə geniş ticarət sazişi əldə etməyə çalışır.
Trampın Hindistana 50 faizlik tarif tətbiqi isə Nyu-Dehlinin həm Pekinlə, həm də Moskva ilə yaxınlaşmasını sürətləndirib. Hindistan lideri Narendra Modi yeddi ildən sonra ilk dəfə Çinə səfər edib, həm Si Cinpin, həm də Putinlə isti görüşlər keçirib.
Müşahidəçilər hesab edir ki, ŞƏT sammiti və sentyabrın 3-ü Pekində keçiriləcək böyük hərbi parad (Yaponiya üzərində qələbənin 80 illiyinə həsr olunub – Novator.az) Si Cinpinin diplomatik təşəbbüslərinin vacib mərhələsidir. Paradda Putinin, Şimali Koreya lideri Kim Çen İnin və başqa rəhbərlərin iştirakı gözlənir”.
Mənbə: CNN.com