Moldovanın Mərkəzi Seçki Komissiyası sentyabrın 28-nə təyin olunmuş parlament seçkisinə qatılan 13 partiyanı, 4 bloku, 4 müstəqil namizədi qeydə alıb. Novator.az bildirir ki, parlamentə düşmək üçün müstəqil namizədlər etibarlı səslərin azı 2, partiyalar 5, bloklar 7 faizini toplamalıdır.
Ölkədə hökuməti 101 yerlik parlamentdə mandatların yarıdan çoxuna sahib olan partiya qurur. Hazırda prezident Mayya Sanduya bağlı Hərəkət və Həmrəylik Partiyası hakim qurumdur.
Mayya Sandu 2020 və 2024-cü illərin ümumxalq seçkisində prezident mandatı alıb.
Moldovanın Dnestryanı bölgəsi 1990-cı ildə ölkədən ayrıldığını elan edib. Bununla bağlı yaranan silahlı münaqişədə Rusiya qoşunları separatçı rejimin tərəfini tutub və o zamandan bəri ərazini nəzarətdə saxlayır.
Türkdilli qaqauzların sıx yaşadığı əraziyə 1994-cü ildə muxtariyyət statusu verilib. Qaqauz Muxtar Ərazi Qurumu (Qaqauz Yeri) Rusiyaya yaxın sayılır.
Müxalif qüvvələrin bir çoxu da Rusiyaya bağlıdır.
Moldova 2022-ci il iyunun 23-dən Avropa İttifaqı üzvlüyünə namizəddir.