Ermənistan-Azərbaycan münaqişəsində beynəlxalq vasitəçi olmuş Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupu ləğv ərəfəsindədir.
1988-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat və təcavüz başlayıb. 1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ “müstəqil dövlət” elan edilib, ardınca hərbi təcavüz genişlənib, 1994-cü ilin mayına – atəşkəsə qədər Azərbaycanın altıda biri Ermənistanın nəzarətinə keçib. İşğal ölkənin bütün cənub-qərbini və Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndini əhatə edib.
57 ölkəni birləşdirən ATƏT 1975-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adı ilə yaradılıb. Azərbaycan və Ermənistan quruma 1992-ci il yanvarın 30-da qəbul olunublar.
1992-ci il martın 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurası Dağlıq Qarabağa dair sülh konfransının çağırılması qərarı qəbul edib. Konfransın Minskdə keçirilməsi nəzərdə tutulub.
1992-ci il mayın 1-də konfransın reallaşması üçün Minsk qrupu yaradılıb, konfransa hazırlıq məqsədilə italyan Mario Rafaelliyə mandat verilib. O, 1994-cü ilə qədər Minsk qrupunun sədri funksiyasını icra edib.
1994-cü ilin dekabrında həmsədrlik institutu yaradılıb, həmsədrlik Rusiya ilə İsveçə tapşırılıb. Sonradan İsveçi Finlandiya əvəzləyib.
1996-cı il dekabrın 30-da Finlandiya nümayəndəsinin əvəzinə Fransa təmsilçisi həmsədr təyin olunub, 1997-ci il fevralın 14-də Minsk qrupuna daha bir həmsədr ölkə qoşulub: ABŞ.
Minsk qrupunda həmsədrlər, Azərbaycan və Ermənistanla yanaşı Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə də yer alıb.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaşdan sonrakı danışıqlar, lokal hərbi əməliyyatlar nəticəsində 7 rayon tam, 4 rayon qismən azad olunub.
2023-cü il sentyabrın 19-da Azərbaycan ölkənin bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün rejim tərksilah olmaq öhdəliyi götürüb, sentyabrın 24-dən ermənilərin Qarabağdan kütləvi köçü başlayıb, sentyabrın 28-də rejim özünü buraxıb.
2024-cü il mayın 24-də Ermənistan Qazaxın 4 kəndindən çəkilib.
Sədərəkin 1, Qazaxın 3 kəndi Ermənistan ərazisi ilə əhatə olunmuş (anklav) vəziyyətdədir, işğalda qalır.
2025-ci il avqustun 8-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsini paraflayıblar, həmçinin ATƏT sədrinə Minsk prosesinin və onunla əlaqəli strukturların bağlanması barədə birgə müraciət imzalayıblar.
Son məlumata görə, ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Minsk prosesinin və ona bağlı strukturların bağlanması barədə qərar layihəsi sentyabrın 1-nə qədər təsdiqlənməsi üçün iştirakçı dövlətlərə göndərilib. 57 ölkənin heç biri etiraz etmədiyi halda həmin tarixdə qərar qəbul ediləcək.