Çin hakimiyyəti nadir torpaq metallarının çıxarılması və emalı prosesinə nəzarəti gücləndirməyə yönəlmiş müvəqqəti qaydalar elan edib. Novator.az ABŞ-ın “ABC News” kanalına istinadla bildirir ki, qaydaları Çin Xalq Respublikasının Sənaye və İnformasiya Texnologiyaları, Təbiət Resursları nazirlikləri ilə Dövlət İnkişaf və İslahatlar Komitəsi hazırlayıb.
Nadir torpaq metalları siyahısına yüksək texnologiyalı məhsulların – yastı ekranlı televizorlardan tutmuş lazerlərə, hibrid avtomobillərə qədər – istehsalında geniş istifadə olunan 17 element daxildir.
Xəbərdə qeyd olunur ki, yeni qaydalara əsasən, dövlət hər il nadir torpaq elementlərinin hasilatı, eləcə də emalı üçün kvotalar müəyyən edəcək: “Bu kvotalar milli inkişaf prioritetləri, həm də ehtiyatların həcmi, növləri, eyni zamanda ekoloji tələblər, bazar tələbatı və sahənin perspektivləri nəzərə alınmaqla müəssisələr arasında bölüşdürüləcək. Müəssisələrə təsdiqlənmiş kvotalar çərçivəsində fəaliyyət göstərmək, eləcə də qanuna və inzibati qaydalara riayət etmək tapşırılır.
Qaydalara görə, nadir torpaq elementləri istehsalçıları məhsul dövriyyəsini qeydiyyata almalı, həmçinin məlumatları dövlətin izləmə sisteminə daxil etməlidir. Yerli hakimiyyət orqanlarına müəssisələrə nəzarəti gücləndirmək, baş verə biləcək pozuntuların qarşısını almaq tövsiyə olunub”.
1949-cu ildə qurulan Çin Xalq Respublikasını kommunistlər idarə edir. Ölkə parlamenti – Xalq Nümayəndələri Yığıncağı 2013, 2018 və 2023-cü illərdə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Si Cinpini dövlət başçısı (Çin Xalq Respublikasının sədri) seçib.
Mənbə: ABCNews.go.com