2025-ci ilin ilk yarısı Azərbaycanda pensiyaçıların sayı 5 min nəfər artıb. Rəsmi hesabata görə, iyulun 1-nə 1 milyon 103,3 min nəfər pensiyaçı qeydiyyatda olub. İl 1 milyon 98,3 min nəfərlə başlamışdı.
Ölkədə kişilər 65, qadınlar 64 yaş yarımda pensiyaya çıxır. 2026-cı il iyulun 1-dən qadınların da pensiya yaşı 65-ə qalxacaq.
Pensiya təyinatı üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı gərəkdir. Minimum pensiya kapitalı minimum pensiya göstəricisinin gözlənən pensiya ödənişi müddətinin (12 il) aylarının sayına (144) vurulmasından yaranır, hazırda 46080 manatdır.
2006-cı il yanvarın 1-dən 2018-ci il iyulun 1-dək hər hansı məbləğdə pensiya kapitalı toplamış şəxsin sosial sığorta stajı avtomatik 25 il hesablanır, əks halda pensiya yaşı çatan şəxsə yaşa görə 220 manat aylıq müavinət verilir. 2025-ci il iyulun 1-nə yaşa görə müavinət alanların sayı 166,2 min nəfər göstərilib.
Pensiyalar hər il yanvarın 1-də orta aylıq maaşın illik artım tempinə uyğun indeksləşdirilir. İlk yarım ildə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin eyni dövrünə nisbətən 9,4 faiz artıb.
Əmək pensiyasının minimum məbləği 320 manatdır.