Ağ ev administrasiyasının Ukraynaya 3350 ədəd ERAM (Extended Range Attack Munition) raketi satılmasına razılıq verməsinin detalları məlum olub. Novator.az bildirir ki, ERAM xəbərini “Uol Strit Jurnal” (“Wall Street Journal”) qəzeti dərc edib. Məlumata görə, Ukraynaya ERAM raketlərinin verilməsi 850 milyon dollarlıq hərbi yardım paketinin tərkib hissəsidir. Ukraynaya başqa silahların da tədarükünü nəzərdə tutan paketi əsasən Avropa ölkələri maliyyələşdirir.
“Uol Strit Jurnal” ERAM raketlərinin ay yarıma Ukrayna Silahlı Qüvvələrinin ixtiyarına veriləcəyini vurğulayır.
Qəzet xatırladır ki, hələ Cozef Baydenin prezidentliyi dövründə Ukrayna ABŞ-dan yüzlərlə ATACMS raket kompleksi almışdı. Əvvəlcə Vaşinqton onların Rusiya ərazisindəki hədəflərə qarşı istifadəsinə məhdudiyyət qoymuşdu. Lakin 2024-cü ilin payızında Şimali Koreya qoşunları Moskvanın tərəfində müharibəyə qoşulanda həmin məhdudiyyətlər aradan qaldırıldı.
Bayden dövründə təsdiqlənmiş ATACMS partiyalarının sonuncusu Ukraynaya 2025-ci ilin yazında çatdırılıb və amerikalı rəsmilərin məlumatına görə, hazırda Kiyevin bu sistemlərdən çox az ehtiyatı qalıb.
“Uol Strit Jurnal” onu da qeyd edir ki, ABŞ-ın Müdafiə Nazirliyi bir neçə aydır Ukraynanın Rusiya ərazisinə uzaqvuran raket atmaq cəhdini bloklayır. Səbəb Ağ evin vəziyyəti gərginləşdirmək istəməməsi, həmçinin Moskvanı danışıqlara cəlb etməyə çalışmasıdır.
İyul ayının ortalarında ABŞ prezidenti Donald Tramp Ukraynaya “hava-yer” tipli JASSM raketləri vermək niyyətində olmadığını söyləyib, eləcə də Ukrayna prezidenti Vladimir Zelenskiyə Moskvanı vurmaq fikrinə düşməmək barədə xəbərdarlıq edib. Ancaq avqustun 21-də Rusiya Zakarpatiyada ABŞ şirkətinə məxsus zavoda raket zərbəsi endirəndən sonra Trampın mövqeyi dəyişib. Elə həmin gün ABŞ prezidenti sosial şəbəkədə yaydığı açıqlamasında Ukraynanın vəziyyətini müdafiəni yaxşı bacaran, lakin hücuma keçməsinə izn verilməyən idman komandasının vəziyyətinə bənzədib. Tramp bildirib ki, belə şəraitdə, yalnız müdafiədə durmaqla qalib gəlmək mümkün deyil. Bütün günahı sələfinin üzərinə atan Donald Tramp Kiyevə Rusiya ərazisini atəşə tutmağa imkan verilməməsi qərarının Cozef Baydenin hakimiyyəti dövründə qəbul edildiyini bildirib.
2014-cü ilin fevralında Ukraynada Qərbə bağlı qüvvələr inqilab dalğasında hakimiyyətə gəlib. Rusiya dərhal ölkənin Krım yarımadasını zəbt edərək martın 18-də özünə birləşdirib, ardınca Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq işğalçı rejimlər qurub. 2022-ci il fevralın 24-də Rusiya total hərbi əməliyyatlara başlayıb, oktyabrın 5-də Donetsk və Luqansk bölgələrini, eləcə də Zaporojye və Xerson vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.
İşğalçı savaş başqa bölgələri də əhatə edib, ölkənin hər yanına dağıdıcı hücumlarla müşayiət olunur.
2017-2021-ci illərdə ABŞ-a prezidentlik eləmiş Donald Tramp 2025-ci il yanvarın 20-dən yenidən dövlət başçısıdır. Seçkidən öncə onun əsas vədlərindən biri Ukrayna müharibəsinin dayandırılması olub. Donald Tramp 2025-ci ildə rusiyalı həmkarı Vladimir Putinlə çox telefon danışığı aparsa da, onu atəşkəsə razı sala bilməyib.
Avqustun 15-də ABŞ və Rusiya prezidentləri Alyaska ştatının Ankoric şəhərində bir araya gəliblər, ancaq yenə də savaşı dayandırmaq mümkün olmayıb.
Hazırda Donald Tramp Vladimir Zelenski ilə Vladimir Putinin görüşünü təşkil etməyə çalışır.
Mənbə: Wsj.com