Gürcüstanın Mərkəzi Seçki Komissiyası yerli seçkilərə qatılan partiyaların qeydiyyatını bitirib. Novator.az-ın məlumatına görə, ələmələrdən sonra seçki yarışında 14 partiya qalıb.
Bir çox müxalif partiya, o cümlədən sabiq prezident, məhbus Mixail Saakaşviliyə bağlı Vahid Milli Hərəkat Partiyası marafonu boykot edir.
Oktyabrın 4-nə təyin olunmuş seçkilərdə mer və məclislər seçiləcək. Məclis seçkilərində qarışıq sistem (proporsional və majoritar sistemlər) tətbiq olunur. Mer seçilmək üçün etibarlı səslərin yarıdan çoxunu almaq, yerli məclislərə düşmək üçün partiyaların 4 faizlik baryeri keçməsi gərəkdir.
Gürcüstanda hökuməti 150 yerlik parlamentdə azı 76 mandatı olan partiya qurur. 2012, 2016, 2020 və 2024-cü illərin parlament seçkilərində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası qalib gəlib.
2021-ci ilin yerli seçkilərində Gürcü Arzusu 64 şəhərin 63-də mer postuna sahib çıxıb, məclislərdə də üstünlük əldə edib.
Gürcüstanda prezidenti parlamentin deputatlarından, muxtar qurumların ali təmsilçi orqanlarının və yerli özünüidarəetmə qurumlarının nümayəndələrindən ibarət Seçicilər Kollegiyası seçir. 2024-cü il dekabrın 29-dan prezident postunu Gürcü Arzusuna bağlı Mixail Kavelaşvili tutur.