ABŞ-ın “The Hill” qəzetində “Hətta Hillari Klinton da Trampın xarici siyasətinin işə yaradığını etiraf edir” başlıqlı məqalə dərc olunub. Novator.az-ın məlumatına görə, qəzetin şərhçisi Robbi Soave yazır ki, ABŞ prezidenti Donald Trampın yürütdüyü xarici siyasət ən barışmaz ekspertdən – Hillari Klintondan da müsbət rəy almağa başlayıb: “ABŞ-ın birinci xanımı, dövlət katibi, Demokratlar Partiyasının prezidentliyə namizədi olmuş Hillari Klintonun Donald Trampa necə münasibət bəslədiyi hamıya bəllidir. O, Trampı “qeyri-legitim prezident”, “demokratiyanın qənimi”, “Rusiyanın marioneti” adlandırırdı”.
Hillari Klinton 1947-ci ildə doğulub. Onun həyat yoldaşı Bill Klinton 1993-2001-ci illərdə ABŞ prezidenti postunu tutub.
2001-2009-cu illərdə Hillari Klinton Senatda Nyu-York ştatının təmsilçisi, 2009-2013-cü illərdə ABŞ-ın dövlət katibi olub, 2016-cı ilin prezident seçkisində Donald Trampla yarışıb.
Hazırda Hillari Klinton Şimali İrlandiyanın paytaxtı Belfastdakı Kvins Universitetinin rektorudur.
“The Hill”in şərhçisi Robbi Soave qeyd edir ki, Hillari Klintonun etirafına görə, Tramp ABŞ-la avropalı müttəfiqlər arasında əlaqələri pis qurmur, bir yandan münasibətləri möhkəmləndirir, o biri yandan da avropalıları NATO-nun müdafiə planına daha çox pul xərcləməyə məcbur edir: “Hillari Klintonun “Foks Nyus”a (“Fox News”) müsahibəsində dediklərinə baxın: “Son aylar baş verənlər məni doğrudan riqqətə gətirir. ABŞ-ın əvvəlki administrasiyaları da hey çalışırdı ki, NATO-ya üzv olan dövlətlər müdafiə xərclərini artırmaq öhdəliyinə əməl etsinlər. İndi biz onların bu öhdəliyi icra etdiyini görürük və bu, çox xoş mənzərədir”.
Daha sonra Klinton əlavə edib: “Prezident də, onun komandası da, bizim Avropadakı müttəfiq dövlətlərimizin liderləri də ortaq mövqeyə gəlməyin vacibliyini daha yaxşı anlamağa başlayıblar. Donald Trampın ilk prezidentliyi dövründə müşahidə etdiyimiz etinasızlığın yerini hazırda gerçək bir işgüzarlıq tutub. Bu, Avropanın təhlükəsizliyi, transatlantik təhlükəsizlik üçün faydalıdır, ümid edirəm Ukraynanın təhlükəsizliyinə də yarayacaq”.
Bu, bir vaxtlar Donald Trampı Rusiya prezidenti Vladimir Putinin əsiri olmaqda, NATO-nu parçalamağa, Amerikanı təcrid vəziyyətinə salmağa cəhd göstərməkdə qınayan bir siyasətçinin, Demokratlar Partiyasını təmsil edən dövlət xadiminin verdiyi yüksək qiymətdir.
Təsadüfi deyil. Çünki Tramp Qərbi Rusiya ilə Ukrayna arasında sülhə vasitəçilik missiyasına cəlb edib və ABŞ prezidentinin bu diplomatik səyləri Hillari Klintonun vaxtilə dediklərini açıq-aşkar inkar edir.
Özü də söhbət təkcə Rusiya ilə Ukraynadan getmir. Tramp bütün dünyada sülhə nail olmağa çalışır. Bu, liberal dəyərlərin qatı müdafiəçisi olan təhlilçi Bill Mayerin də şərhində təsdiqini tapır. Mayer deyir: “Donald Tramp həqiqətən müharibəni sevmir. Tailandla Kamboca, Ruanda ilə Konqo bir-birinə atəş açırdı – çoxlarının bundan heç xəbəri də yoxdur. Yaxud Hindistan-Pakistan, Ermənistan-Azərbaycan münaqişələrini götürək. Tramp bu münaqişələrin hamısına qarışdı, hər birinə müdaxilə etdi. İnsanlarda yaxşı cəhətləri görməyi bacaran hər kəs bunları Trampın yaxşı tərəfi kimi görüb qiymətləndirməlidir”.
Sülhə şans verin! Bizim dediyimiz budur. Buna mən də inanıram, Donald Tramp da inanır, onun “Hər şeydən öncə Amerika” devizinin də mahiyyəti əslində bundan ibarətdir.
Müharibə ən son variant olmalıdır. Diplomatiya sanksiyalardan, hava hücumlarından və iraq olsun, quru əməliyyatlarından daha üstündür, daha çox şeyə qadirdir. Ölkələrin bir-biri ilə ticarətinə, bir-birinin resurslarından faydalanmasına yol açmaq – bu, dostlarımızı və düşmənlərimizi bizim maraqlarımıza xidmət etməyə yönəltmək üçün daha effektiv üsuludur, nəinki onların qolunu burub buna məcbur etməyə çalışmaq.
Biz Amerika xalqının qanı-canı bahasına qazandığı pullardan ödədiyi vergiləri – dəstə-dəstə dollarları xaricə göndərib, sonra da oturub sadəlövhcəsinə ümid bəsləməməliyik ki, bəli, bu pullar o xalqları bizə mehribanlaşdıracaq və daha onları Amerikanı heç olmasa bir qırıq sevsinlər deyə bombalamağımıza ehtiyac qalmayacaq. Xeyr, bu strategiyaların heç biri işləmir, nə liberal intervensiya dadımıza çatır, nə də neokonservatizm.
İşə yarayan bircə strategiya varsa, o da libertarianizmdir. Başqa sözlə, xarici siyasətdə hərbi müdaxilənin yolverilməzliyi prinsipi. İstəsəniz onu qısaca olaraq “Hər şeydən öncə Amerika” prinsipi də adlandıra bilərsiniz. İnsanların istədiyi və nəhayət, indi-indi əldə etməyə başladığı budur. Hətta Hillari Klinton kimi adam da bu metodun işə yaradığını etiraf edir”.
Donald Tramp Respublikaçılar Partiyasının üzvüdür. O, 2016-cı ilin prezident seçkisində Hillari Klintonu məğlub edib, 2017-ci il yanvarın 20-dən prezidentliyə başlayıb, 2020-ci ilin prezident seçkisində Demokratlar Partiyasının namizədi Cozef Baydenə uduzub, 2021-ci il yanvarın 20-də postunu tərk edib.
2024-cü ilin prezident seçkisində Demokratlar Partiyasının namizədi Kamala Harrisi udan Donald Tramp 2025-ci il yanvarın 20-dən yenidən dövlət başçısıdır.
Mənbə: Thehill.com